Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Birnövbəli məktəblər ikinövbəyə keçir - Bakıda şagird sıxlığı problemi - İnfoqrafika

© Sputnik / Murad Orujovməktəb
məktəb - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Məcburi köçkünlərin paytaxtda məskunlaşması, eləcə də işsizlik səbəbindən Bakıya axının olması problemi daha da dərinləşdirir.
BAKI, 4 sentyabr - Sputnik. Paytaxt məktəblərində şagird sıxlığı əksər ümumi təhsil müəssisələrini iki və üçnövbəli iş rejiminə keçməyə vadar edib. Bu barədə Sputnik Azərbaycan-a valideynlər məlumat verib.
İbtidai siniflər də ikinci növbəyə salınıb
"Övladımın təhsil aldığı 279 saylı məktəb ikinövbəlidir. Uşaq günorta saatlarında məktəbə gedib axşam saat 18:00 radələrində evə qayıdacaq. İbtidai siniflərin ikinci növbəyə salınması həm şagirdlərə, həm də valideynlərə ciddi problem yaradır. Valideynlərin çoxu işlədiyindən uşağını ikinci növbə məktəbə aparmaq üçün köməkçi tutmalıdır. Həmçinin uşağı günortaya qədər evdə nəzarətsiz qoymaq mümkün deyil. Ona görə də, səhər işə gedən valideynlər uşağını da özləri ilə bərabər yaxınlarının evinə aparıb qoymalıdır ki, evdə tək qalmasın. Səhər saatlarında yuxudan duran uşaq günorta dərsə gedəndə artıq yorulur. Nəticədə uşaq dərsi yaxşı mənimsəmir. Evə isə axşam qayıtdığından, əlavə məşğələlərə vaxt qalmır".
Bu sözləri Sputnik Azərbaycan-a valideyn Nigar İsgəndərova söyləyib. O, Bakıda məktəblərdə şagird sıxlığının artıq ciddi problemə çevrildiyini, bu səbəbdən ibtidai sinifləri belə ikinci növbəyə salındığını söyləyib.
N.İsgəndərovanın sözlərinə görə, Suraxanı rayonu, Günəşli qəsəbəsində demək olar ki, bütün məktəblər ikinövbəlidir. Ona görə də valideynlər məcburdur ki, azyaşlı uşaqlarını ikinövbəli məktəbə göndərsinlər.
Qeyd edək ki, sosial platformada da valideynlər paytaxtda məktəblərin çoxunun ikinövbəli iş rejiminə keçməsindən, siniflərdə şagird sıxlığından şikayətlənirlər.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycanda iki və üç növbədə təhsil alan şagirdlərin sayı artıb
İnfoqrafika: Azərbaycanda iki və üç növbədə təhsil alan şagirdlərin sayı artıb - Sputnik Azərbaycan, 1920, 01.09.2023
İnfoqrafika: Azərbaycanda iki və üç növbədə təhsil alan şagirdlərin sayı artıb
Məktəblər iki və üç növbəli olmasa nə baş verər?
Təhsil üzrə ekspert Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərin ikinövbəli olması təlabatdan irəli gəlir. Paytaxtda və Abşeron rayonunda məktəblər iki növbədə işləməsə, bu, təhsilin keyfiyyətinə daha pis təsir edər:
"Məktəblər ikinövbəli rejimdə işlədikdə siniflərdəki şagird sıxlığı aradan qalxır. Əgər məktəb birnövbəli olsa, gərək 40-50 şagird hamısı bir sinifdə oxusun. Bu da təhsilin keyfiyyətinə mənfi təsir edəcək. 45 dəqiqə ərzində bu qədər şagirdə dərs proqramını mənimsətmək, verilən tapşırıqları yoxlamaq, sual-cavab etmək mümkün deyil. Ona görə də, məktəblərin iki növbədə fəaliyyət göstərməsi vacibdir".
Ekspert deyir ki, sovet dövrünün təlimatına əsasən ibtidai siniflər daim birinci növbədə məktəbə gediblər.
"İkinövbəli məktəblər sovet dönəmində də olub. Amma təhsil sistemində ibtidai sinifləri və 10-cu sinifləri ikinci növbəyə yazmırdılar. Səbəb ibtidai siniflərin kiçik olması, son siniflərin isə daha keyfiyyətli təhsil alması üçün şərait yaratmaq idi. İkinci növbədə müəllimlər də, şagirdlər də yorulur" - deyə N. İsrafilov bildirib.
Paytaxt məktəblərində şagird sıxlığı var
O, deyir ki, Bakıda məktəblərdə şagird sıxlığı hər zaman olub. Amma son illər bu problem daha da aktuallaşıb:
"Bu, paytaxtda əhali artımı ilə bağlıdır. Məcburi köçkünlərin paytaxtda məskunlaşması, eləcə də işsizlik səbəbindən Bakıya axının olması problemi daha da dərinləşdirir. Bundan əlavə Bakıda "elit" sayılan məktəblərdə də şagird sıxlığı var. Belə məktəblərdə tədirsin keyfiyyəti daha yüksək olduğundan, valideynlərin övladlarının həmin məktəbdə təhsil almasına can atırlar. Məktəblərdə sıxlığın qarşısını almağın bir yolu yeni korpusların inşasıdır. Amma bunun üçün məktəblərin həyətyanı sahəsi yoxdur. Ona görə də, iki növbə sistemi ilə valideynlərin razılaşmaqdan başqa çarəsi qalmır".
Ekspertin sözlərinə görə, "Təhsil haqqında" qanuna görə, siniflər 20 nəfərlə komplektləşdirilir. Amma bu gün siniflərdə 35-40 şagird təhsil alır. Bakıda xeyli sayda məktəblər var ki, iki, hətta üç növbəli sistemə keçiblər. Belə məktəblərdə dərslərin birnövbəli olmasını tələb etmək təhsilin keyfiyyətinə təsir göstərəcək.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyevanın mətbuata verdiyi açıqlamaya görə, şagird sıxlığı daha çox Binə qəsəbəsində yerləşən məktəblərdə müşahidə olunur. Ötən il paytaxt ərazisində açılan 8 məktəbin bir qismi məhz Binədə yerləşir:
"Bununla da orada şagird sıxlığı qismən aradan qaldırılıb. Çətinliyin həllinə doğru gedirik. Təbii ki, problem dövlətin atdığı addımlar sayəsində aradan qaldırılır".
İki və üç növbədə fəaliyyət göstərən məktəblərin sayı artıb - Statistika
Elm və Təhsil Nazirliyindən sorğumuza cavabda bildirilib ki, 2022/2023-cü tədris ilində II növbədə təhsil alan şagirdlərin sayı 309560 nəfər, III növbədə təhsil alan şagirdlərin sayı isə 7020 nəfər təşkil edib. 2022/2023-cü tədris ilində ibtidai sinif şagirdlərindən II növbədə təhsil alanların sayı 145405 nəfər olub.
Dövlət Statistika Komitəsinin məlumatlarına da nəzər salsaq görərik ki, son illər dövlət əyani ümumi təhsil müəssisələrində iki və üçüncü növbədə fəaliyyət göstərən məktəblərin, ikinci və üçüncü növbə təhsil alan şagirdlərin sayında artım var. Məsələn, 2017-2018-ci illərdə iki və üç növbə fəaliyyət göstərən məktəblərin sayı 1250 olubsa, 2021-2022-ci ildə bu rəqəm 1458-ə yüksəlib. 2017-2018-ci illərdə iki və üç növbədə təhsil alan şagirdlərin sayı 223133 olubsa, 2021-2022-ci ildə onların sayı artaraq 339577-ə çatıb.
Siniflərdə şagird sıxlığı nə qədər olmalıdır?
Məlumat üçün bildirək ki, 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Xəbər lenti
0