Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çərxi-fələk tərsinə dövran edir: Azərbaycandan Rusiyaya kərə yağı ixracını artıran səbəb

© AFP 2024 / GUILLAUME SOUVANTKərə yağının istehsalı, arxiv şəkli
Kərə yağının istehsalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.09.2023
Abunə olmaq
Sanksiyalar fonunda Rusiya dost olmayan ölkələrdən idxalı məhdudlaşdırıb. Bu da Rusiyaya dost olan ölkələr, o cümlədən Azərbaycan üçün ixracda geniş imkanlar yaradır.
BAKI, 1 sentyabr - Sputnik. Azərbaycanın Rusiyaya kərə yağı ixracı kəskin artıb.
Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, cari ilin birinci yarısında 5 milyon dollar dəyərində 880 ton kərə yağı Rusiyaya göndərilib. Bu da illik müqayisədə dəyər və miqdar baxımından 6 dəfə çoxdur.
Kərə yağı ixracı niyə artıb?
Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sanksiyalar fonunda Rusiya dost olmayan ölkələrdən idxalı məhdudlaşdırıb: "Bu da Rusiyaya dost olan ölkələr, o cümlədən Azərbaycan üçün ixracda geniş imkanlar yaradır. Sahibkarlarımız bunu düzgün qiymətləndirərək ixracatı artırıblar. Rusiya bazarı kifayət qədər böyükdür və ixracımızı daha da artırmaq mümkündür".
Ekspertin fikrincə, digər tərəfdən, Azərbaycan ilə Rusiya arasında birgə istehsal artarsa, bu, bizim üçün geniş imkanlar yaradacaq.
"Rusiya yeni bazarlar axtarır"
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kərə yağı ixracının artması Rusiyada bu məhsula tələbin yüksəlməsi ilə bağlıdır: "Çünki əvvəllər Rusiya kərə yağını daha çox qərb ölkələrindən, o cümlədən Yeni Zelandiyadan idxal edirdi. Hazırda isə həmin ölkələrdən idxal məhdudlaşıb və ona görə də Rusiya yeni bazarlar axtarır. Həmin bazarlardan biri də qonşu Azərbaycandır. Bu baxımdan Azərbaycan Rusiyaya kərə yağının ixracını artırıb".
O qeyd edib ki, digər tərəfdən, Azərbaycanda kərə yağının istehsalında artım var. Bu da nəticədə ixrac imkanlarını genişləndirir. Beləliklə, idxal mənbələrinin məhdudlaşması və ölkəmizdə istehsalın artması Azərbaycanın Rusiyaya daha çox məhsul göndərməsinə gətirib çıxardıb.
"Qeyri-neft sektorunda Azərbaycanın ən böyük tərəfdaşı Rusiyadır"
V.Bayramov diqqətə çatdırıb ki, ümumiyyətlə, Azərbaycanın qeyri-neft ixracatında artımlar var: "Son illər Azərbaycanın qeyri-neft ixracatında orta hesabla 20 faiz artım qeydə alınıb. 2023-cü ildə də neftdən kənar sektorda istehsal edilən məhsulların ixrac həcminin artması qeydə alınmaqdadır. Qeyri-neft sektorunda Azərbaycanın ən böyük tərəfdaşı Rusiyadır. Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının təxminən 34 faizi Rusiyanın payına düşür. Bu, o deməkdir ki, Azərbaycanın xaricə göndərdiyi qeyri-neft məhsullarının hər 3 kiloqramından 1 kiloqramı məhz Rusiyaya göndərilir. Və yaxud qeyri-neft ixracatımızda hər 3 dollardan 1 dollar məhz Rusiyanın payına düşür".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,5 min ton kərə yağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.
Onu da xatırladaq ki, Azərbaycan müstəqillik qazanandan sonra uzun illər kərə yağına olan tələbatını Rusiyadan idxal etdiyi məhsul hesabına ödəyirdi. Hazırda isə Ukrayna ilə münaqişə səbəbindən Rusiyaya tətbiq olunan sanksiyalar fonunda, necə deyərlər, çərxi-fələk tərsinə dönüb: Azərbaycan şimal qonşusuna kərə yağının ixracını artırır.
Xəbər lenti
0