Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hindistan silahları Cənubi Qafqazda niyə artır? Rəsmilər narahat, ekspertlər isə rahatdır

© AP Photo / Tatan SyuflanaHindistan silahları
Hindistan silahları - Sputnik Azərbaycan, 1920, 29.08.2023
Abunə olmaq
Ermənistan Pakistan və Türkiyənin yaxın müttəfiqi olan Azərbaycanla davam edən gərginlik fonunda Hindistan silahlarını alaraq müdafiə sistemini gücləndirməyə çalışır.
BAKI, 29 avqust — Sputnik. Hindistan və Ermənistan arasıda imzalanmış 400 milyon dollarlıq silah sazişi icra olunmaqdadır.
Ermənistan Pakistan və Türkiyənin yaxın müttəfiqi olan Azərbaycanla davam edən gərginlik fonunda Hindistan silahlarını alaraq müdafiə sistemini gücləndirməyə çalışır.
Yayılan məlumatlara görə, Ermənistan Hindistandan tank əleyhinə raketlər, Pinaka Çox Atışlı Raket Sistemləri (RYAS) və uzaqmənzilli artilleriya da daxil olmaqla müxtəlif hərbi sursatlar alıb.
Bir müddət əvvəl Azərbaycan KİV-lərində Pinaka RYAS komplekslərinin İran üzərindən Ermənistana ötürülməsini əks etdirən video yayılıb.
Xatırladaq ki, iyulun 26-da Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüşüb. Hikmət Hacıyev Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib.
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır, Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir. Bu, həm də Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi "Bandunq prinsipləri" ilə uyğun gəlmir.
Qeyd edək ki, bir qədər əvvəl Hindistanın "Munitions India Limited" silah şirkətinin rəhbəri "Cənubi Qafqaz ölkələrinin birindən" qumbaraların modifikasiyası üçün hökumət sifarişi aldığını açıqlayıb.
"Hraparak" xəbər verir ki, bu barədə "Indian Defense Updates" "youtube" kanalı bildirib.
Sifarişçi ölkənin adı çəkilməsə də, söhbətin Ermənistandan getdiyi vurğulanıb.
Bundan başqa, Hindistanın digər silah şirkəti "Bharat Forge" cari ilin birinci rübündə müdafiə silahlarının rekord səviyyədə satışını, o cümlədən Ermənistana MArG özüyeriyən haubitsalarının, eləcə də Təkmil yedəkli artilleriya sisteminin (ATAGS) gətirildiyini bildirib.
Bəs Hindistanın regionda hərbi sahədə fəallığını artırmasının arxasında hansı məqamlar dayanır? Hindistan silahları nə qədər effektiv hesab olunur?
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov və Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov Ermənistanın Hindistanla müdafiə səneyesindəki əlaqələrini Sputnik Azərbaycan-a şərh ediblər.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Hindistanın bu prosesdə iştirakını birmənalı şəkildə qəbuledilməz sayır. Hindistanın addımları bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə çox böyük maneədir:
"Ermənistan bu amildən istifadə edərək öz ritorikasını da dəyişib və qeyri-adekvat davranışlar sərgiləyir. Hindistan silahlarının keyfiyyəti barədə danışarkən ən əsası onların silah olduğu nəzərə alınmalıdır. Çünki bu silahlar bizim üçün müəyyən problemlər yarada bilər. Düzdür, bu silahlar yüksək potensiala malik olmasa da, dağıdıcılıq imkanları var. Hindistan Ermənistanla iş birliyinə əvvəlki illərdə çox da maraq göstərməsə də, indi bu müdafiə sahəsində əməkdaşlıq genişlənir. Biz bunun nə ilə bağlı olduğunu təxmin edirik. Yəni Azərbaycanla Pakistan arasında yaxın münasibətlər var. Ölkəmiz həm Kəşmir, həm də digər məsələrdə Pakistanı dəstəkləyir. Bu baxımdan Hindistan belə addımlar atrı. Amma bu da Hindistanın bölgədə təsir imkanlarının genişlənməsinə imkan yaratmır. Ermənistan isə Hindistanın bölgədə aktivləşmək niyyətindən sui-istifadə edir".
Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov isə bildirib ki, Ermənistan 44 günlük müharibədən əvvəl də Hindistandan kütləvi şəkildə silahlar alırdı.
Ekspert hesab edir ki, müharibənin müqəddəratını silahlar deyil, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, müharibə edən tərəflərin iqtisadi gücü məyyən edir: "Bu baxımdan Ermənistanın Azərbaycana qarşı nə qədər silah olması mövcud vəziyyəti dəyişə bilməz. Bölgədə baş verə biləcək ikinci bir müharibə Ermənistan dövlətinin öz taleyini sual altında qoya bilər. Ermənistan Azərbaycanla müqayisə olunmaz dərəcədə geridə qalmış ölkədir".
Mütəxəssis bildirir ki, Hindistan dünya silah bazarında elə də ciddi rəqib hesab olunmur: "Bu gün müasir dünyanın silah bazarında Hindistanın rolu aşağıdır. İnkişaf etmiş ölkələr Hindistan silahlarına maraq duymur. Hindistan silahları yalnız Ermənistan kimi 3-cü dünya ölkələri üçün cəlbedici ola bilər. Bu gün bizim Pakistanla qardaşlığımız Hindistanı qarşımızda dayanmağa sövq edir".
Xəbər lenti
0