CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüzə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir - VİDEO

© Sputnik / Elvin AhmadBakıda avtobus
Bakıda avtobus - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Abunə olmaq
AYNA-dan bildirilir ki, hazırda yüzədək marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərsə də, onların əksəriyyəti saz vəziyyətdədir.
BAKI, 24 avqust — Sputnik. İctimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı konkret tapşırıqlar qoyulur.

"Hazırda paytaxt Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. İstismarda olan nəqliyyat vasitələri müasir tələblərə cavab verməsə də, böyük əksəriyyəti saz vəziyyətdədir", - deyə məlumatda qeyd olunur.

AYNA-dan o da bildirilib ki, artıq Bakı şəhərinin "rəqəmsal əkiz"i yaradılıb:
"Əhalinin gündəlik axınını müşahidə etməyə və nəqliyyata olan tələbin hesablanmasına imkan yaradan bu proqram təminatı nəqliyyatla bağlı veriləcək istənilən qərarın təsirini proqnozlaşdırmağa kömək edir. Proqram təminatı üzərindən təhlillər aparılmaqla marşrutların optimallaşdırması istiqamətində qərarlar verilir".
"Avtobuslar sahibkarlara məxsusdur. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə şəhərlərarası və şəhərdaxili marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirirlər. Statistikaya əsasən, il ərzində 9 xətt üzrə 120-dan artıq avtobusun yenilənməsi həyata keçirilib. Nəqliyyat vasitələrinin yenilənməsi daşıyıcıların yeni avtobuslar alması və müsabiqədə iştirakından asılıdır", - deyə AYNA-dan bildirilib.
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Sputnik Azərbaycan-a açıqlamasında qeyd edib ki, Bakı şəhərində 2035-dək avtobus hərəkət edir ki, onun da 1847-i nağdsız ödənişlədir:

"Ümumiyyətlə, on illik istismar müddətindən sonra avotbusların yenilənməsi lazımdır. Çünki bu amil birbaşa xidmət keyfiyyətinə təsir edir. 2014-2015-ci illərdə "Daevoo" markalı avtobuslar, sonradan indiki müasir avtobuslar alınaraq istismara buraxıldı. Bu müsbət tendensiya pandemiyayadək sürətlə davam edirdi. Lakin pandemiya bu prosesi ləngitdi. Nəticədə xidmət keyfiyyəti bir qədər aşağı düşdü".

© Photo : Courtesy of Rauf AgamirzayevNəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev
 - Sputnik Azərbaycan, 1920, 25.08.2023
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev
Nəqliyyat üzrə digər ekspert Eldəniz Cəfərov Sputnik Azərbayca-a açıqlamasında bildirib ki, bir il əvvəl avtobuslarla bağlı vəziyyət necə idisə, olduğu kimi də qalıb və bu istiqamətdə hansısa işlər görülməyib:
"Avtobusların istilik və soyutma sistemləri işləməlidir, onlar sərnişindaşınmanın bütün tələblərinə cavab verilməlidir. Marşruta buraxılan avtobusların sayı artırılmalıdır ki, intervallar da azaldılsın. Daşıyıcı şirkətlərin tələbi nəzərə alınaraq gedişhaqqı 0,40 manat olsa da, sərnişindaşımada xidmət keyfiyyəti artmadı".

"Bakı sakinləri saatlarla avtobus dayanacaqlarında marşrut gözləyirlər. Marşrutun uzunluğu 40 kilometr olan xəttə cəmi 10 avtobus buraxılır ki, bu da problemi yaradan əsas səbəblərdəndir. İntervallaırn az olması üçün bu cür xəttə ən azı 30 avtobus buraxılmalıdır. Təəssüf ki problemin həlli istiqamətində verdiyimiz təkliflər də nəzərə alınmadı", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda bir sıra marşrut xətləri üzrə yararsız avtobuslar xəttə çıxarılır. 206, 50 nömrəli marşrut üzrə hərəkət edən avtobusları buna misal göstərmək olar. Kondisionersiz avtobuslar sərnişinlə dol olduqları halda belə məcbur qapıları açıq vəziyyətdə hərəkətə keçir.
Bu avtobuslarda bir çox hallarda bağlanan qapıların açılması, açılan qapıların bağlanması, hərəkətə keçə bilməməsi kimi problemlər müşahidə olunur. Oturacaqları dağım-dağım olan bu avtobuslarda, xüsusən də yay fəslində, hərəkət etmək mümkünsüzdür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0