SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

QAİ Paşinyanın fikirlərinə dair bəyanat yaydı

© AP Photo / Petr David JosekNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
İşğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur.
BAKI, 24 avqust — Sputnik. Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərinə dair bəyanat yayıb.
İcmadan verilən xəbərə görə, bəyanatda deyilir:
"Ermənistanın Baş naziri Nikol Paşinyan, hökumətin 2023-cü il avqustun 24-də keçirilmiş iclasında, Üçtərəfli Bəyanatın qaçqın və məcburi köçkünlərin qayıdışı ilə bağlı müddəasının guya Azərbaycan tərəfindən icra edilməməsi barədə iddia səsləndirmiş və Azərbaycanı ermənilərə qarşı etnik təmizləmə niyyətində olmaqda ittiham etmişdir.
Əvvəla qeyd edək ki, öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən azərbaycanlıların hamısını qovmuş, bədnam mono-etnik siyasət yürüdən Ermənistanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi ikrah hissi doğurur. Ermənistanın humanitar məsələlərdən və insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur.
Konkret olaraq, qayıdış hüququ ilə bağlı qeyd edək ki, işğalçı Ermənistan ordusu 2020-ci ildə məğlub edilib Azərbaycan ərazilərindən çıxarılana qədər, Ermənistan 30 il ərzində azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan verməmişdir. Bundan əlavə, Ermənistan öz ərazisindən qovduğu azərbaycanlıların qayıtmalarına hələ də imkan vermir. Həmçinin, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Xankəndi, Xocalı, Kərkicahan, Meşəli, Qaradağlı kimi yaşayış məskənlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlər hələ də öz evlərinə qayıda bilmirlər.
Azərbaycan isə 2020-ci il müharibəsindən dərhal sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan yaradıb və hazırda onları re-inteqrasiya etməyə çalışır. Bundan əlavə, Qarabağ bölgəsindən kənar Azərbaycan ərazilərində ermənilər tam hüquqlu Azərbaycan vətəndaşı kimi yaşamaqdadır.
Vurğulamaq istərdik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq Ermənistanın beynəlxalq hüquqdan və Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyidir.
Biz Ermənistan hökumətindən beynəlxalq hüquqa zidd siyasətinə son verməyi, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə əməldə hörmət etməyi, Azərbaycan hökumətinin Qarabağ regionunda yaşayan erməniləri re-inteqrasiya etmək səylərini sabotaj etməyi dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmağı tələb edirik".
Xəbər lenti
0