Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda əhali ən çox ərzağa pul xərcləyir - Aylıq xərc artıb

© Sputnik / Дмитрий МакеевƏrzaq
Ərzaq - Sputnik Azərbaycan, 1920, 20.08.2023
Abunə olmaq
Bu il ölkəmizdə orta illik ərzaq inflyasiyası 14,3 faiz olub. Yeddi ayda təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının, ödənişli xidmətlərin qiymətləri də bahalaşıb. Lakin cari ildə inflyasiyanın aşağı düşəcəyi gözlənilir.
BAKI, 20 avqust — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 437,9 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 58,1 manat və ya 15,3 faiz çoxdur.
Pərakəndə ticarətdə 437,9 manat xərcin 246,9 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 191 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
İnflyasiya xərcləri yüksəldir
Ekspertlər bildirirlər ki, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ötən il inflyasiya yüksək olub və cari ildə də davam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsula ötən il daha az, bu il isə daha çox pul xərclənir.
Ərzaq inflyasiyasının artım sürəti azalır
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 14,3 faiz olub. Bu ilin 7 ayında təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11 faiz), ödənişli xidmətlərin qiymətləri (10,4 faiz) də bahalaşıb. Lakin ölkəmizdə ərzaq inflyasiyasının artım sürəti azalır. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 15,1 faiz olub. Bu rəqəm 2023-cü ilin yanvar-may aylarında 15,8 faiz, 2023-cü ilin yanvar-aprel aylarında 16,6 faiz, 2023-cü ilin yanvar-mart aylarında isə 17,1 faiz olub.
Pərakəndə ticarət dövriyyəsi artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 4,3 faiz artıb.
Xərclərin 52 faizi ərzaqların, 2,3 faizi dərmanların alınmasına gedib
2023-cü ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,0 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri azalıb
Bu ilin 7 ayında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 725,9 milyon manat pul xərcləyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz azdır.
Prezident: "İlin sonunadək inflyasiya birrəqəmli səviyyəyə düşə bilər"
Xatırladaq ki, iyulun 11-də Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər.
Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblərin də olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil".
İşçi qrup yaradılıb
İyulun 15-də Baş nazir Əli Əsədov "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə İşçi qrup yaradılıb.
Onu da əlavə edək ki, Maliyyə Nazirliyinin müvafiq sənədində bu il Azərbaycanda orta illik inflyasiyanın 10,4 faiz olacağı proqnozlaşdırılır. 2023-cü ilin yanvar-iyul aylarında ölkədə orta illik inflyasiya 12,2 faiz təşkil edib. 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Работа супермаркета в Баку за день до ужесточения карантина - Sputnik Azərbaycan, 1920, 21.07.2023
İQTİSADİYYAT
Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyib? - İnflyasiya xərcləri artırıb
Xəbər lenti
0