QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Otuz ildən sonra Füzulidə, eyni küçə, eyni ünvanda yeni həyat - Fotolar

© Sputnik / Taleh Mahmudovköç
köç - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Cəfərovlar ailəsinin üzvləri bir vaxtlar gizlənpaç, futbol oynadıqları Azadlıq küçəsindəki köhnə yurd yerində tikilmiş yeni mənzildə yeni həyata başlayacaqlar.
BAKI, 17 avqust — Sputnik. "30 il Füzuli şəhərindən ayrı düşsəm də, bütün yuxularımda oradakı evimizi görürdüm. Hər dəfə yuxudan ayılanda bunun yuxu olmadığına inanmaq istəyirdim. Bu yuxular bizim Füzuli nisgilimizin, Füzuli həsrətimizin yuxuları idi. Artıq yuxularım çin olur. Sabah uşaqlıq, gənclik xatirələrimin şəhərinə - Füzuliyə geri qayıdıram. Gah sevinirəm, gah kədərlənirəm".
Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində sabah Füzuliyə ilk köç karvanı ilə geri qayıdacaq 90 fizulilidən biri olan Musa Vəliyev söyləyib. Otuz bir yaşında Füzulini tərk edən Musa dayının hazırda 62 yaşı var. Füzulidən çıxan günü heç vaxt unutmayan M.Vəliyev ağır günlər yaşadığını söyləyir:

"Düz 30 il əvvəl 5 nəfərlik ailə ilə Füzulini tərk eləmişdik. Mən Füzulinin müdafiəsi üçün vuruşurdum. Həyat yoldaşım isə hospitalda tibb bacısı işləyirdi. Ona görə uşaqları şəhərdən çıxarıb yoldaşımla Füzulidə qalmalı olduq. Ailəmiz Lənkəranda keçmiş Port İliç, indiki Liman şəhərinə yerləşdirildi. Orada bağçanın bir otağına məskunlaşdıq. Üç oğlumu orada qoyub Füzuliyə geri qayıtdım. Torpağımızı qorumaq üçün əlimizdən gələni etdik. Amma düşmən yurdumuzu işğal etdi. Məcburi köçkün həyatında çox çətinliklər yaşadıq. Hazırda Şüvəlandakı "Üfüq" düşərgəsindəyik. Uşaqlar əşyalarımızı yük avtomobilinə yığır. Füzuliyə gedirik. Bu kəlməni deməyin necə böyük xöşbəxtlik olduğunu ancaq bu hissi yaşayanlar bilər. Mən bu kəlməni deməyi bu 30 ilin hər günü, hər saatı həsrətlə gözləmişəm. Artıq həsrət başa çatır. Biz ailəmizlə yenidən öz çırağımızı yandırmaq üçün 30 ildən sonra geri qayıdırıq".

M.Vəliyev deyir ki, ən böyük arzusu Füzulidə qoyub gəldiyi uşaqlıq, gənclik xatirələrinə geri dönmək üçün həmin küçələri gəzərək dolaşmaq, o anları təkrar yaşamaqdır.
© Photo : Personal archiveMusa Vəliyev
Musa Vəliyev - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Musa Vəliyev
"Düzdür, artıq gənc deyiləm, amma Füzulidə yaşadığım heç bir anı unutmamışam" deyir Musa dayı.
Onun 35 yaşlı oğlu İsa Vəliyev də həyəcanlıdır. Deyir ki, Füzulidən çıxanda 4 yaşı olub. Uşaqkən çıxdığı Füzulini çox xatırlamasa da, ata-anasının söhbətlərindən evləri gözünün önündə canlanır. Onlar sabah sübh tezdən Füzuli şəhərinin Xanlar küçəsindəki yeni evlərinə geri qayıdacaqlar.
Əlli üç yaşlı Füzuli şəhər sakini Kamil Cəfərovun da sevincinin həddi-hüdudu yoxdur. 23 yaşında Füzulini tərk edən Kamil Cəfərov 53 yaşında doğma torpağına geri qayıtmağa hazırlaşır.

"Evimiz tör-töküntü olduğundan, sizi çəkiliş üçün dəvət edə bilmirəm. Bütün əşyalarımızı toplayıb yük maşınına yığırıq. Məndən Füzuliyə geri qayıtmağın necə hiss olduğunu soruşursunuz... Mənim fikrimcə, bu, bizim yenidən doğuluşumuzdur. Bu həsrət 30 ildir qəlbimizdə yara bağlamışdı. Allah şəhidlərimizə rəhmət eləsin, sağ olsun qazilərimiz, Ali Baş Komandanımız, bu yaranı birdəfəlik sağaltdılar".

© Photo : Personal archiveKamil Cəfərov
Kamil Cəfərov - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Kamil Cəfərov
K.Cəfərov deyir ki, Füzulini tərk edəndə subay olub. Atası, anası, qardaşı ilə tərk etdiyi yurda valideynlərsiz qayıtsa da, Kamil dayı onların ruhlarının doğma torpaqda dolaşdığına əmin olduğunu söyləyir.
Füzulini 12 yaşında tərk edən, Kamil dayının ömür-gün yoldaşı Gülmirə Cəfərova da həyəcan içindədir. Onun sözlərinə görə, uşaqlığını qoyub gəldiyi Füzuliyə yenidən qayıtmaq sözlə ifadə edilməyəcək hissdir.
Kamil dayı deyir ki, bundan sonrakı ömürlərini həyat yoldaşı, uşaqları ilə Füzulidə keçirəcəklər - elə Füzulidə, həmin küçədə, köhnə evlərinin yerində inşa edilmiş yeni mənzillərində... Kamil dayının bir vaxtlar gizlənpaç, futbol oynadığı Azadlıq küçəsində, köhnə yurd yerində tikilmiş yeni mənzildə onları yeni həyat gözləyir. Düz 30 il bundan əvvəl olduğu kimi...
© Photo : Personal archiveCəfərova Gülmirə və Cəfərov Kamil
Cəfərova Gülmirə və Cəfərov Kamil - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Cəfərova Gülmirə və Cəfərov Kamil
Xatırladaq ki, sabahdan (Avqustun 18-i) Füzuli şəhərinə ilk köç başlayır. İlk növbədə 90 nəfərdən ibarət olan 23 ailə sabah doğma şəhərinə qayıdacaq.
Qeyd edək ki, birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə 144 ailənin köçürülməsi nəzərdə tutulur. Avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə köçürüləcək ailələr arasında püşkatma keçirib.
Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-inə ikiotaqlı, 76-sına üçotaqlı, 17-sinə dördotaqlı mənzil verilib. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Füzuli beynəlxalq hava limanı - Sputnik Azərbaycan, 1920, 17.08.2023
QARABAĞ
Otuz ildən sonra doğma torpağa qayıdış - Sabahdan Füzuli şəhərinə ilk köç başlayır
Xəbər lenti
0