Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Abituriyentlər üçün həyəcanlı dönəm başladı: Hansı qrupu seçənlərin şansı daha böyükdür?

© AFP 2023 / FREDERICK FLORINAbituriyent
Abituriyent - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Ekspert bu il ali məktəblərin çoxunun ayırdığı plan yerlərinin boş qalma ehtimalının olduğunu söyləyib.
BAKI, 17 avqust — Sputnik. Azərbaycanda ali təhsil müəssisələrinə plan yerlərinin çoxu boş qala bilər. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.
O bildirib ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsinə ümumilikdə 55900 plan yeri ayrılıb.
Qeyd edək ki, avqustin 16-da ali təhsil müəssisələrinə ixtisas seçiminə start verilib. Artıq abituriyentlər böyük həyəcanla ixtisas seçiminə başlayıblar.
200- dən çox bal toplayan abituriyentlərin sayı artmayıb
Kamran Əsədov bildirib ki, bu il bütün universitetlərin plan yerləri kəskin şəkildə artıb. Amma abituriyentlərin nəticələri, xüsusilə, 200- dən çox bal toplayan abituriyentlərin sayında ciddi fərq yoxdur.
"Qüvvədə olan qəbul qaydalarına görə ümumi balı 150 - dən çox olanlar müsabiqəyə qoşulur, amma onlar məhdud ixtisaslar seçə bilər. Bu halda ali məktəblərin böyük sayda, azı 10 minə qədər plan yeri boş qalacaq. Xüsusilə, 1-ci ixtisas qrupu üzrə 200 bal ilə seçim ixtiyarı verilən ixtisaslardan boş qalanlar çox olacaq. Ali təhsil müəssisələrində boş plan yerinin qalması universitetin fəaliyyəti üçün ciddi təhdid və təhlükədir. Çünki ali təhsil müəssisələri özlərinin plan yerlərini elan edəndə onlar həmin tədris ili üçün maliyyəni də hesablayırlar. Yəni əməkdaşların, müəllimlərin əmək haqları və başqa məsələlər nəzərə alınır. Onlar hesablayır ki, bu il 1000 nəfər qəbul olacaq, amma 500 nəfər qəbul olunur. Bu da universitetin əlavə xərci deməkdir. Nə qədər boş plan yeri qalırsa, bu, həmin təhsil müəssisəsinin fəaliyyətini ciddi şəkildi təhlükə altına atır. Buna görə də universitetlərimiz inkişaf edə bilmir. Boş qalan yerlər tədrisin təşkilinə mənfi təsir göstərir, maliyyə sıxıntısı yaradır".
K.Əsədov bildirib ki, 2018-ci ildə "Təhsil haqqında" qanuna dəyişiklik edilib və universitetlərin nəzdində "hazırlıq qrupları" yaradılması nəzərdə tutulub. Lakin 5 ildir heç kim bu barədə danışmır. İki ildir "Abituriyent 2" jurnalında bu qəbul nəzərdə tutulur, amma həyata keçirilmir.
"Ehtimal etmək olar ki, məhz boş qalan plan yerlərinə qəbul məhz "hazırıq qrupları" adı ilə olacaq. Yoxsa azı 10 mindən çox boş qalacaq plan yerlərini doldurmaq üçün müsabiqə şərtini 100 bala salmazlar" - K.Əsədov deyib.
II qrup üzrə 150 baldan çox nəticə göstərənlərin hamısı ali məktəblərə qəbul ola bilər!
Onun sözlərinə görə, II qrupda 6803 abituriyent 200-dən çox bal toplayıb. 10911 nəfər isə 150 dən çox bal toplayıb. II qrup üzrə bu il 13285 plan yeri ayrılıb. Odur ki, II qrup üzrə 150 baldan çox nəticə göstərənlərin hamısı ali məktəblərə qəbul oluna bilər.
Ekspert vurğulayıb ki, II qrup üzrə dövlət sifarişli yer sayı 4325-dir. Keçən il isə bu rəqəm 4040 olub: "2022-ci ildə II qrupda 6039 abituriyent 200 baldan yuxarı nəticə göstərmişdi. 2023-cü ildə isə bu qrupda 200-dən çox bal toplayan abituriyentlərin sayı 6803 olub".
3-cü qrupda isə 200-dən çox bal toplayan abituriyentlərin sayı qismən artıb
K.Əsədov bildirib ki, bu il III qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 14635 olub. III qrup üzrə 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 17888 nəfər təşkil edib. 2022-ci ildə isə III ixtisas qrupunda DT üzrə 200 baldan yuxarı nəticə göstərənlərin sayı 13796 olub.
II qrup üzrə şans böyükdür
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin "Youtube" kanalında canlı yayım zamanı bildirib ki, ikinci blok imtahanında 100 bal toplamayanlar 200 bal tələb edən ixtisaslara buraxılmırlar. II qrup üzrə 150 baldan yuxarı nəticə göstərənlərin sayı 10911 nəfərdir: "Elə şəxslər var ki, onlar 200 bal toplayıblar, amma ikinci blok imtahanında 100 bal yığmayıblar. Onlar 200 bal tələb edən ixtisaslara deyil, amma 150 bal tələb edənlərə buraxılırlar. Həmin abituriyentlər üçün 13265 plan yeri ayrılıb, onlardan 4325 dövlət sifarişli yerdir".
İxtisas seçimi necə aparılır?
Məlumat üçün bildirək ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 16-dan avqustun 28-dək in­ter­­net vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidir.
İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir.
Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz.
Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər. Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.
İxtisasların uyğunluğu "Abituriyent" jurnalının "2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı" adlı xüsusi buraxılışında təqdim olunan "Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli"ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunub.
Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.
Subbakalavrların qəbul imtahanlarında işti­rak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır:
- Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar;
- "ADA" Universitetinin ixtisasları;
- Bakı Ali Neft Məktəbinin ixtisasları.
Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Qeyd edək ki, müsabiqədə iştirak edənlər "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Bakıda yerləşən 6 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən çox bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.
Xəbər lenti
0