CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda uşaqları siqaretdən necə uzaqlaşdırmaq olar? VİDEO

© pixabay / Martin BüdenbenderСтоп курению
Стоп курению - Sputnik Azərbaycan, 1920, 16.08.2023
Abunə olmaq
Millət vəkili bildirir ki, Azərbaycanda siqaretə meyilliliyin digər səbəbi idman infrastrukturunun bərbad səviyyədə olmasıdır.
BAKI, 16 avqust — Sputnik. Uşaq hansı sferaya yönəlməli və enerjisini hansı istiqamətə yönəltməlidir məsələsi problem olaraq qalmaqdadır. Özünü rahat şəkildə təsdiq etmələri üçün uşaqlara nə kimi vərdişlər aşıalanmalıdır? İstənilən yaşda, xüüsusən də uşaqlıq və yeniyetməlik dövründə insanlar biliklə, idmanla fəxr etməli olduqları halda, təəssüflər olsun ki, əksər hallarda tamamilə əks istiqamətə üz tutur - məsələn, siqaretə əl atırlar. Azərbaycanda uşaq yaşında olanlar hətta "kim daha çox siqaret çəkir, kim daha bahalı siqaret çəkir" düşüncəsi ilə fəxr də edirlər.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, siqaret narkomaniyaya doğru yönələn birinci addım olduğu üçün çox təhlükəli vərdişdir:
"Ona görə də bu vərdişin qarşısı alınmalıdır. Problem olduqca böyükdür və bunun ağır nəticələri digər formalarda üzə çıxmağa başlayır".
F.Mustafa onu da bildirir ki, Azərbaycanda siqaretə meyilliliyin digər səbəbi idman infrastrukturunun bərbad səviyyədə olmasıdır.
İnvaziv-kardioloq İlqar Tahiroğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son zamanlar Azərbaycanda uşaqlar arasında siqaretə meyillilikdə artım müşahidə olunur:
O qeyd edir ki, passiv siqaret çəkən azyaşlılar aktiv siqaret çəkənlərlə müqayisədə daha çox zərər görürlər. Siqaretin arxasında bir filtr var və o aktiv siqaret çəkənləri müəyyən qədər də olsa zərərlərdən qoruyur:
"Lakin passiv siqaret çəkənlər, xüsusən də uşaqlar ciddi təhlükə ilə üz-üzədirlər. Çayxanalarda, qəlyanxanalarda, evdə duman-tüstü altında oturanlar ən azı o qəlyan, siqaret çəkən şəxs qədər zərərə məruz qalır və ürək-damar xəstəlikləri riskini daşıyırlar".

"Xüsusən də gənclər arasında siqaretə meyillilik çox yayılıb. Bu da nəticə etibarilə gənc yaşlarda ürək-damar xəstəliklərinə, infarkta səbəb olur. Xüsusən də 13-14, 17-18 yaşda siqaretə meyillikdə bir pik hədd müşahidə olunur. Bu həm orta məktəbin bitdiyi dövr, həm də imtahanların, yəni stresin daha çox müşahidə olunduğu dövrdür".

Həkim bildirir ki, uşaqlar arasında siqaretə meyllilikdə birbaşa olaraq valideyn nəzarətsizliyinin əsas səbəb olduğunu demək olmaz:

"Lakin xüsusi olaraq qeyd edim ki, uşaqlar ailədə gördükləri vərdişləri daha çox tətbiq emtəyə çalışırlar. Məsələn, ata, baba, əmi, dayılar siqaret çəkirsə, artıq uşaq gözünü açanda onunla tanış olmuş olur. Uşağın bu vərdişlərə meyllənməsində mühitin böyük təsiri var. Oğlan uşaqları kişilik, özünü isbatın göstəricisi kimi siqaret çəkirlər", - deyə həkim əlavə edir.

Nələr edilir?
İctimai Səhiyyə və İslahatlar Mərkəzindən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirilib ki, uşaq və yeniyetmələrin aktiv və passiv tütünçəkməsi dünyanın bir çox ölkələrində hələ də aktual problem olaraq qalır:
"Böyüklərdə olduğu kimi, uşaq və yeniyetmələr də tütünçəkmə və ətrafa yayılan tütün tüstüsü üzündən ciddi sağlamlıq təhlükələri ilə üzləşə bilir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Siqaret çəkənlərin əksəriyyəti əsasən yeniyetməlik dövründən bu vərdişə alışır və böyük yaşlarında da bu vərdişdən asılı qalırlar. Uşaqlarda tütün tüstüsü inkişafda geriləmələrə, müxtəlif xroniki xəstəliklərin kəskinləşməsinə və inkişafına şərait yaradır. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur".
O da bildirilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur, bunlardan 250-si xüsusi təhlükəli zəhərli, 70-i isə xərçəng xəstəliyi yaradan maddələr hesab edilir. Son vaxtlar uşaqlar arasında elektron siqaretlərdən istifadə hallarına çox rast gəlinir. Xüsusilə məktəb yaşlı uşaqların elektron siqaretə aludəçiliyi artıb. Dünyada belə bir tendensiya var ki, uşaqlar əvvəl elektron siqaretlə başlayır, daha sonra siqaretə keçirlər. Elektron siqaret, qəlyanlar siqaretə meyilliliyi dəstəkləyən vasitələrdir. Elektron siqaretlər istehlak zamanı buxar yaradır. Həmin buxarda olan kimyəvi maddələr bronxlara, ağciyərə daxil olaraq müxtəlif xəstəliklər yaradır ki, bu da xüsusilə inkişaf edən uşaq və yeniyetmə orqanizmi üçün təhlükəlidir. Elektron siqaret qıcıqlandırıcı effekt yaradır, müxtəlif xəstəlikləri üzə çıxardır, xroniki xəstəlikləri isə oyadır.
Qeyd olunub ki, "Tütün və tütün məmulatı haqqında" qanunun 15.3.6. bəndinə görə tütün məhsulları 18 yaşa çatmamış şəxslərə satılmamalıdır: "Elektron siqaret və qəlyanlar da tütün məmulatları hesab edilir. Ona görə də, uşaqlara satılması qanunla qadağandır. Bu kimi zərərli vərdişlərdən imtina etmiş şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da təhlükələrdən xilas edir".

"Ölkəmizdə tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə 1 fevral 2021-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyətə başlayıb. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər “Qaynar xətt”ə zəng edərək, peşəkar məsləhətlər alır. Müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, sualları cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi tövsiyə verilir. Eyni zamanda, ÜST-nin ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur", - deyə bildirilib.

Tütündən imtina üzrə qaynar xəttə müraciət edənlərin 1,5%-i yeniyetmə olub
Xüsusi olaraq qeyd olunub ki, tütündən imtina üzrə qaynar xəttə müraciət edənlərin 1,5%-i yeniyetmə olub.
Qeyd edək ki, Tütündən imtina etmək istəyənlərə dəstək olmaq və onlara yardım etmək məqsədilə 01 fevral 2021-ci il tarixdən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” (050 800 70 45) təşkil edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan 2005-ci ildən "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulub. Bu, dünyada ən uğurlu icra edilən konvensiyalardan hesab olunur.
Son açıqlanan rəsmi statistikaya görə, Azərbaycand siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda, 13.4 faizi 20-44 yaşda, 21.7 faizi 45-64 yaşda, 30.5 faizi 65 yaşdan yuxarı olan şəxslərdir. 15-19 yaşlılar 1.8 il, 20-44 yaşlılar 10.1 il, 45-64 yaşlılar 21.7 il, 65 yaşlılar isə 30.5 il siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9.5, 20-44 yaşlılar 13.9, 45-64 yaşlılar 15.5, 65 yaşdan yuxarı olan şəxslər isə 15.4 ədəd siqaret çəkirlər.
Dünya ölkələri necə müsbət nəticələrə nail olub?
"Tobacco Atlas"ın rəsmi açıqladığı hesabatda qeyd olunur ki, 135 ölkədən 63-də gənclər arasıında tütündən istifadə halları artıb. Hesabata görə, hazırda 50 milyondan çox 13-15 yaşlı yeniyetmə siqaret çəkir və ya tüstüsüz tütün məmulatlarından istifadə edir.
Son olaraq açıqlanan hesabata görə siqaret, tütündən istifadə 8.67 milyon ölümə səbəb olub ki onların da 2.14 milyonu qadın olub. İqtisadi zərər isə 2 trilyard ABŞ dolları dəyərində olub.
Dünya ölkələri bu vəziyyətlə mübarizə aparmaq üçün siqaretin qiymətini və vergiləri artırmaqla müəyyən müsbət nəticələrə nail olublar. Proqnozlara görə, vergilərin 50 faiz artımı ilə 27 milyon həyatı xilas etmək mümkün olunacaq.
"Tobacco Atlas"-ın (https://tobaccoatlas.org/country/azerbaijan/) Azərbaycanla bağlı bir neçə il öncə açıqladığı hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda siqaretin qiyməti qalxıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0