Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Fəlakət ssenarisinin gerçək məramı: BMT TŞ Ermənistanın üzünə baxacaqmı?

© AP Photo / Mary AltafferBMT binası, arxiv
BMT binası, arxiv - Sputnik Azərbaycan, 1920, 15.08.2023
Abunə olmaq
Politoloq Tofiq Abbasov hesab edir ki, Ermənistanın bu istiqamətdə atdığı addımların şansı sıfıra bərabərdir.
BAKI, 15 avqust — Sputnik. Ermənistan tərəfi Laçın yolunda baş verənləri BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışır. Rəsmi İrəvan mövcud vəziyyətə müdaxilə edilməsini istəyir.
Fəqət, İrəvanın fakt kimi təqdim etdiyi nüanslar bu ölkənin subyektiv mövqeyini əks etdirir. Ermənistanın iddiasına görə, Azərbaycan öz sərhədlərini açmalıdır ki, onlar rahatlıqla bu yolla sülhmərmalıların müvəqqəti nəzarətində olan ərazilərə silah-sursat daşısınlar. Belə başa düşülür ki, Ermənistan üçün humanitar yardım silah-sursat deməkdir. Azərbaycan məhz bu cür "humanitar" yardımların qarşısını kəsib.
Unudulan və tez-tez Ermənistana xatırladılmalı olan bir məqam da onun Laçın yolu ilə bağlı istinad etdiyi Üçtərəfli Bəyanatın 4-cü müddəasıdır. Üçtərəfli Bəyanatda açıq şəkildə qeyd olunub ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma hələ də Azərbaycan ərazisində əli silahlı ermənilər qalmaqdadır. Vaxtaşırı bununla bağlı görüntülər mediaya təqdim olunur. Hətta müharibədə yaşadığı acı məğlubiyyəti unudan separatçılar cəsarət göstərib Azərbaycan ordusu istiqamətində atəş də açırlar. İndi isə deyirlər: siz Laçın sərhəd keçid məntəqəsini bağladığınız üçün silahımıza güllə tapmırıq ki, sizə atəş açaq... Yox, əslində bu hissəni başqa sözlərlə deyirlər. Məsələn, "acından ölürük", "humanitar fəlakət baş alıb gedir", "tibbi xidmətə əlçatanlığımız olmadığı üçün xəstəliklər axırımıza çıxır". Yəni, ağlımıza gələcək istənilən fəlakət ssenarisi uyduran separatçılar ayaqda qalmağa çalışırlar.
Azərbaycan çoxmillətli ölkədir. Qarabağda yaşayan erməni sakinlərə də istənilən zəruri humanitar yardımı göstərəcəyini bəyan edib. Yolu da göstərib: Ağdam-Xankəndi. Bax bu yol alternativsizdir. Bu həm də inteqrasiya yoludur. Keçmişin kin-kudurətindən qurtulmaq, sivil dünyanın qaydaları altında bərabər hüquqlu şəkildə yaşamaq istəyənlər üçündür. Özgə qapılarında mədət uman Ermənistan hakimiyyəti qonşusu ilə dil tapmaq istəmir.
Görünən odur ki, Ermənistanın atdığı addımlar rəsmi Bakıda narahatlığa səbəb olmur. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir.
Bəs BMT TŞ-nin qəbul edəcəyi hansısa qərar sülh prosesinə necə təsir edəcək?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-la fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev deyib ki, Ermənistanın BMT TŞ-ya müraciətinin heç bir hüquqi əsası yoxdur.
Onun sözlərinə görə, Ermənistan BMT TŞ-yə müraciət edərək qondarma blokada məsələsini gündəmdə saxlamaq istəyir: "Onlar arxayındırlar ki, TŞ-də Fransa onların mövqeyini dəstəkləyəcək və müəyyən qərarlar qəbul edərək Azərbaycana siyasi təsir mexanizmindən istifadə edəcəklər. Ermənistan tərəfi elə rəqəmlər səsləndirir ki, bunlar hamısı utopikdir. Düşünürəm ki, belə müraciətlərə baxmayaraq TŞ-də təmsil olunan Rusiya bölgədəki vəziyyətdən daha yaxşı məlumatlıdır. Rusiya bölgədəki sülhməramlı qüvvələri vasitəsilə hansı proseslərin baş verdiyini daha yaxşı bilir. İnanırıq ki, Rusiya mövqeyini aydın şəkildə ortaya qoyacaq".
Arzu Nağıyev bildirib ki, Azərbaycan öz ərazisində heç bir humanitar problem yaratmayıb. Bu baxımdan BMT TŞ-nin Azərbaycan əleyhinə hansısa qərar çıxaracağına inanmır:
"Azərbaycan hüquqa əsaslanan addımlar atıb. Sərhədimizdən keçirilmək istənən bütün yüklər bəyan edilməlidir. Bu baxımdan baş verənləri sülh danışıqlarına zərər gətirən addımlar hesab edirəm. Bu gün dünyanın müxtəlif yerlərindəki erməni icmaları aksiyalar keçirirlər. Hesab edirəm ki, bunlar hamısı reallığı əks etdirməyən siyasi gedişlərdir və Ermənistana heç bir faydası olmayacaq. Qəbul edilən qərarlar beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olmalıdır".
Politoloq Tofiq Abbasov hesab edir ki, Ermənistanın bu istiqamətdə atdığı addımların şansı sıfıra bərabərdir: "Onların Azərbaycana irad tutduğu şeylərin həlli mümkün deyil. Hansı ölkədən tələb etmək olar ki dövlət sərhədlərini açsın, kim istəyir gəlsin keçsin, nə istəyir aparıb gətirsin. Özünə, suverenliyinə hörmət edən heç bir ölkə buna imkan verməz. Biz ərazi bütövlüyümüzü bərpa etdikdən sonra sərhədlərdə sahman yaratdıq. Uzun illər idi Ermənistanla sərhədimiz nəzarətsiz qalmışdı. İşğal dövrü bu nəzarətsizliyə imkan verirdi. Ona görə biz müharibədə qələbə qazandıqdan sonra bu boşluğu bağladıq".
Politoloq xatırladıb ki, Beynəlxalq Arbitraj da Ermənistanın müraciətinə cavabında Azərbaycanın atdığı addımın qanuni olduğunu bildirib.
"İndi onlar BMT TŞ-yə müraciət edir ki, Azərbaycanı tərk-silah etsinlər. Əlbəttə ki, bu inandırıcı deyil. Guya Qarabağda humanitar fəlakət yaşanır. Bütün bu uydurmalarla dünya ictimaiyyəti qarşısında hay-küy yaradan ermənilərin səyləri əbəsdir. Azərbaycan qoyulmuş qaydaları pozmur. Buna görə heç bir ölkəni töhmət altında qoymaq olmaz" - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Xəbər lenti
0