Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xaricə pul köçürmədə aylıq limit ikiqat qaldırılıb: Banklar nəyi tələb edir?

© AP Photo / Burhan OzbiliciDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Ekspertin sözlərinə görə, gündəlik limitin ləğv edilməsi vətəndaşların xərclərinin azalmasına səbəb olacaq, çünki hər dəfə xaricə pul köçürəndə komissiya haqqı ödənilirdi.
BAKI, 13 avqust — Sputnik. Azərbaycanda indiyədək vətəndaş heç bir əsas, səbəb göstərmədən 1 ay ərzində xaricə 10 min dollar köçürə bilərdi və gündəlik limit də 1000 dollar idi. Yəni gündəlik min dollardan çox pulu xaricə köçürmək mümkün deyildi. Məsələn, xaricə 5 min dollar köçürmək istəyən şəxs hər gün banka gedib min dollar köçürməli idi. İndi isə fiziki şəxsin xaricə pul köçürməsində gündəlik limit ləğv edilib, aylıq limit isə 10 min dollardan 20 min dollara qaldırılıb. Bu da vətəndaşların xərclərinin azalmasına səbəb olacaq, çünki hər dəfə xaricə pul köçürəndə komissiya haqqı ödənilir. İndi isə birdəfəlik 20 min dollar xaricə köçürmək mümkündür.
Bu sözləri bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a valyuta rejimini tənzimləyən qaydalara edilən yeni dəyişikliklərdən danışarkən deyib.
Ekspert bildirib ki, bu limitlər əsaslandırılmamış köçürməyə görədir. Yəni bu limitə qədər xaricə pul köçürəndə banka sənəd təqdim etməyə, məlumat verməyə ehtiyac yoxdur:
"Amma xaricdə yüz min dollarlıq mənzil alırsansa, bu zaman sənədləri banka təqdim etmək, əsaslandırmaq lazımdır. Yaxud xaricdə təhsil alan övladına ay ərzində 40 min dollar köçürmək istəyirsənsə, artıq bunu əsaslandırmaq, sənədləri banka təqdim etmək lazımdır. Başqa sözlə, ay ərzində 20 min dollardan çox vəsaiti xaricə köçürən şəxs, bunu mütləq müvafiq sənədlərlə əsaslandırmalıdır.
Xaricdə nağdlaşdırma limiti tətbiq edilib
Xaricdə kartdan pulun nağdlaşdırılması ilə bağlı aylıq limitin tətbiqinə gəlincə, ekspert bildirib ki, yeni dəyişikliyə əsasən, fiziki şəxslər xaricdə ay ərzində kartdan 10 min dollaradək pulu nağdlaşdıra bilərlər: "Vətəndaşın xaricdə olarkən daha çox pulu nağdlaşdırmağa ehtiyacı yoxdur. Çünki xaricdə, xüsusən də inkişaf etmiş ölkələrdə kart ilə istənilən yerdə ödəniş etmək olur".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, plastik kartlarla xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır: "Yeni Qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq. Yəni, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdıra bilməz. Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdlaşdırılması ilə bağlı aylıq limitlərin tətbiqi anlamına gəlir. Bu baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir".
Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı fiziki şəxslərin məqsədli köçürmələrinin, o cümlədən sahibkarlıq subyektlərinin xarici ticarət əməliyyatlarının daha əlverişli rejim çərçivəsində aparılması məqsədilə "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nda dəyişiklik edib. Həmin dəyişikliklər 9 avqust 2023-cü il tarixində qüvvəyə minib.
Dəyişikliklərə əsasən fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından (hesab açmadan və ya hesab vasitəsilə) asılı olmayaraq 20000 (iyirmi min) ABŞ dolları ekvivalentinədək aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel (gecələmə) xərclərini ödəmək imkanı nəzərdə tutulub.
Bununla yanaşı, beynəlxalq təcrübə də nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10000 (on min) ABŞ dolları ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.
Xatırladaq ki, bu Qaydalar ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədilə 2016-cı ildə təsdiq edilib.
Xəbər lenti
0