Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu gün mahnıların çoxu "toy tutmaq" üçün yazılır, rok və rep isə toy üçün deyil - Bəstəkar

© AP Photo / Efrem LukatskyMüğənni, arxiv şəkli
Müğənni, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Abunə olmaq
Tanınmış repçi deyir ki, hazırda "düşünən beyinlərin sayı azalıb, rep ona görə yoxa çıxır".
BAKI, 13 avqust — Sputnik. Hər aşiqin bir dövranı olduğu kimi, hər musiqi janrının da bir dövrü olub. Tutaq ki, ötən əsrin 80-ci illərində rok janrı Azərbaycanda geniş yayılmışdı. 2000-ci illərin əvvəllərində isə rep janrı vüsət alıb. Günümüzdə isə ölkədə hər iki musiqi janrı demək olar ki, sıradan çıxıb. Bu musiqi janrlarına müraciətin olmaması nə ilə bağlıdır: onlara maraq azalıb, yoxsa yeni musiqiçilər yetişmir?
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Azər Hacıəsgərli bildirir ki, hər musiqinin öz dövranı var. Musiqi dövr və mühitlə sıx əlaqəldir:

"Sovet dövrü dağıldığı ərəfələrdə Azərbaycanda inqilablar başlamışdı. İnsanlarda tamamilə başqa ruh, başqa ab-hava var idi. İnsanlar yenicə azadlıq əldə etmişdilər. Bu, özünü musiqidə də göstərirdi. Həmin illərdə daha çox rok, daha sonra rep inkişaf etdi. Həmin dövrlərdə həm də axtarış var idi. Replə rok arasında mübarizə gedirdi. Bəzən rok öndə olurdu, bəzən də rep. Sovet dövründə caza da qadağa qoyulmuşdu, amma ən gözəl caz nümunələri də o dövrdə yarandı. İndi heç o qədər inkişaf etməyib", - deyə bəstəkar fikirlərini ifadə edib.

Onun sözlərinə görə, musiqi janrlarının gündəmdən düşməsinin başqa bir səbəbi isə insanların həmin janrdan yorulmasıdır:
"İnsanlar bir müddət repə, roka qulaq asdılar. Sonra həmin janrı dinləmək istəmədilər. İndi isə dünyada eləcə də Azərbaycanda "neo" üslub gündəmə gəlib. İllər öncə oxunmuş musiqiyə yeni bir nəfəs verirlər. Bundan başqa, indi daha çox klub musiqiləri dəbdədir. Ötən əsrin 80-90-cı illərindəki kimi axtarışlar olmasa da, rəqəmsal texnologiya vasitəsilə yeni musiqilər yaranır".
Hacıəsgərli bu gün rok və rep janrının tənəzzülə uğramasının başqa bir səbəbini toy musiqilərinə daha çox yer verilməsində görür:

"Bu yaxınlarda "Dərviş band" qrupu Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısını rok üslubunda oxudu. Böyük səs-küyə səbəb oldu. Bunun səbəbi o idi ki, insanlarımız roka acdırlar. Rok musiqisi bizdə demək olar ki, yoxa çıxıb. Ona görə də böyük marağa səbəb oldu. Yoxa çıxmasının səbəbi odur ki, bu gün yazılan mahnıların böyük bir qismi "toy tutmaq" üçün yazılır. Rok və rep isə toyda səslənmir. Ona görə də yazılmır".

2000-ci illərin əvvəlində müəllifi olduğu repləri ilə gənclərin ürəyini fəht edən repçi Elşad Xose bu sahədəki durğunluğun səbəbini insanların daha çox sosial şəbəkələrə alüdə olması ilə izah edir:

"O zaman insanlar da fərqli idi, fikirlər, düşüncələr də. İndi düşünən beyinlərin sayı azalıb. İndiki musiqilərə fikir verin, hamısı qısa, tezbazar yazılan söz yığınıdır. İndi də reperlər var, amma onlar ancaq sosial şəbəkələr üçün yazırlar musiqilərini. Biz isə efirlərə çıxırdıq, radiolarda ifa edirdik. İndi bizdə televiziya da, radio da o illərə baxanda daha çoxdur. Amma səviyyəli veriliş, səviyyəli musiqi yoxdur. Digər incəsənət sahələri kimi, rep də batıb. Dünyada isə bu janr yerində saymır, daim inkişaf edir".

© Photo : Social media page of Elshad XoseElşad Xose, arxiv
Elşad Xose - Sputnik Azərbaycan, 1920, 13.08.2023
Elşad Xose, arxiv
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0