CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüş keçirilib

© Photo : Ombudsman's Office of AzerbaijanSuriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüş keçirilib
Suriyadan repatriasiya olunmuş Azərbaycan vətəndaşları ilə görüş keçirilib - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının nümayəndələri Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.
BAKI, 9 avqust — Sputnik. Azərbaycan Respublikası vətəndaşlarının Suriya Ərəb Respublikasından repatriasiyası, bu şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir.
Ombudsman Aparatının Mətbuat xidmətindən bildiriblər ki, 2023-cü il 3 avqust tarixində 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan daha 16 nəfərin Azərbaycana gətirilməsi həyata keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.
Görüş zamanı qadın və uşaqların psixoloji durumu öyrənilib, Aparatın nümayəndələrinə onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.
Xatırladaq ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, 3 avqust 2023-cü il tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.
Qeyd edilib ki, repatriantların 3-ü qadın, 13-ü uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi baş tutub.
Bu prosesin reallaşmasına Türkiyə Respublikası tərəfindən dəstək verilib. Belə ki, əvvəl vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilərək, razılıq əsasında onların Türkiyə Respublikasının ərazisinə keçidi təmin olunub.
İraq və Suriyadan Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri həmin repatriantların vətənə qayıdışı üçün Türkiyə Respublikasına ezam edilib.
Sözügedən şəxslərin ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri və onlar ölkəmizə müvafiq təyyarə biletləri ilə təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir.
Xəbər lenti
0