CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketlər hesabda əhalini aldadır: Vitrin və kassada qiymət fərqli olanda nə etməliyik?

© Sputnik / Murad OrujovBakıda marketdə alıcı
Bakıda marketdə alıcı - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
İqtisadçının fikrincə, vitrin qiymətlərinin dəqiqləşdirilməsi üçün barkodu oxuyan aparatların Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var.
BAKI, 9 avqust — Sputnik. Bu ilin birinci yarısında Azərbaycanda mağazalarda məhsulların vitrin və kassa qiymətlərindəki fərqlərə görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə indiyədək olmadığı qədər müraciətlər daxil olub. Bütün müraciətlər ətraflı araşdırılır. Bu sözləri Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov bildirib.
Qeyd edək ki, bir çox hallarda ticarət obyektlərində malların üzərində qiymətlər göstərilmir və ya malın üzərində göstərilən qiymətlə nəzarət kassa aparatının fiskal yaddaşındakı qiymət arasında uyğunsuzluqlar olur. Bu da nəticədə istehlakçıların hesabda aldadılmasına gətirib çıxarır. Qanunvericiliyin tələblərinə görə, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməlidir.
Bəs, vitrindəki qiymətlə kassadakı qiymət fərqli olduqda, istehlakçı nə etməlidir? Aldatmaya görə hansı cərimələr tətbiq edilir? Bu problemin həlli üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Razi Abasbəyli Sputnik Azərbaycan-a açıqlamasında, bunun kütləvi hal aldığını söyləyib: "Malın üzərində göstərilən qiymətlə kassadakı qiymət arasında uyğunsuzluqlar bəzən məqsədli şəkildə daha çox qazanmaq üçün, bəzən də texniki xəta səbəbindən baş verir".
"Barkodu oxuyan aparatların Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var"
O bildirib ki, məsələn, ABŞ-nin iri supermarketlərində bu problemin həlli ilə bağlı bir sıra tədbirlər görülüb: "Artıq ABŞ-nin bir sıra iri marketlərində vitrin qiymətlərinin dəqiqləşdirilməsi üçün malın üzərinə vurulmuş barkodu oxuyan aparatlardan istifadə edilir. Yəni kassanın yaxınlığında iri lövhələr quraşdırılıb və barkodu oxuyan aparatdan istifadə etməklə buradan məhsulların qiymətlərini daha dəqiq müəyyən etmək mümkündür. Bu cür vitrin qiymətlərinin dəqiqləşdirilməsi üçün barkodu oxuyan aparatların Azərbaycanda da tətbiq edilməsinə ehtiyac var. Düzdür, ölkəmizdə də marketlərdə barkodu oxuyan kiçik aparatlar var. Lakin təəssüf ki, çoxunda ya bu aparatlar işləmir ya da qiymətləri düzgün göstərmir, yəni kassadakı qiymətlə uyğun gəlmir. Eyni zamanda ABŞ-də bəzi ştatlarda marketin təxminən hər 20 kvadratmetr ərazisinə 1 aparat qoyulur. Bizdə isə hətta min kvadratmetr sahəsi olan marketlərdə 1-2 barkod oxuyan aparat yerləşdirilir".
İqtisadçının fikrincə, digər tərəfdən, bu hallarla mübarizədə ciddi cəza tədbirləri, sanksiyalar tətbiq edilməlidir.
Malın qiyməti barəsində istehlakçıya düzgün məlumat verilməlidir
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın qiyməti barəsində istehlakçıya düzgün məlumat verməlidir. Tələblərə əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə onun doldurulma tarixi olmalıdır.
İstehlakçıların aldadılmasına görə hansı inzibati məsuliyyət tədbiri var?
Məhsulun satış qiyməti isə məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulması, yəni istehlakçıların aldadılması hesab olunur. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Vətəndaş vitrinlə kassa qiyməti arasında fərqlə qarşılaşdığı zaman mağaza rəhbərliyinə müraciət edə, məhsulun vitrində göstərilən qiymətlə satılmasını tələb edə, eyni zamanda Dövlət Xidmətinə müraciət edə bilər.
195-1 Çağrı Mərkəzi vasitəsilə Dövlət Xidmətinə müraciət etmək olar
İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.
2023-cü ildə hesabda aldadılma ilə bağlı nə qədər şikayət olub?
Xatırladaq ki, Dövlət Xidmətinin məlumatına əsasən, 2023-cü ildə hesabda aldadılma ilə bağlı quruma daxil olmuş 85 vətəndaş müraciətinin araşdırılması zamanı 19 halda vətəndaşlar tərəfindən təqdim edilən sübutlar əsasında pozuntuya yol vermiş sahibkarlar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. 2 vəzifəli şəxs Dövlət Xidməti tərəfindən inzibati qaydada 1500 manat cərimə olunub. 17 hüquqi şəxs barəsində tərtib edilmiş protokol isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Vətəndaşların hesabda aldadılması halları artıb
2022-ci ildə Dövlət Xidmətinə hesabda aldadılma halı ilə bağlı ümumilikdə 67 müraciət daxil olub ki, bu da 2021-ci illə müqayisədə 36,7% çoxdur. Daxil olmuş şikayətlər əsasında 10 sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.
Aldadılma hallarının qarşısının alınmasına dair müzakirə aparılıb
Ötən ilin sonunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ondan çox iri market şəbəkəsinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə istehlakçıların qiymətdə, hesabda, çəkidə aldadılması və digər halların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə marketlərdə bütün malların üzərində qiymətlərin göstərilməsinin, malların bu qiymətə və çəkiyə uyğun satılması barədə qanunvericiliyin tələbləri və onlara əməl edilməsinin vacibliyi vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0