Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

"Azərsu" istilərə görə mənbələrdən ötürülən suyun həcmini artırıb

© Sputnik / Ilham MustafayevSu
Su - Sputnik Azərbaycan, 1920, 09.08.2023
Abunə olmaq
Kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.
BAKI, 9 avqust — Sputnik. Son günlər ölkə ərazisində müşahidə olunan kəskin istilərlə əlaqədar içməli suya tələbat artıb.
Artan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülməkdədir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən suyun həcmi artırılıb. Eyni zamanda, anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilir.
Hidrometeoroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Müraciətdə deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir.
Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.
Xəbər lenti
0