CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kosmik fəaliyyət haqqında" qanun təsdiqlənib

© Photo : Turkish Presidency via AP, Poolkosmos
kosmos - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
Sözügedən qanun Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
BAKI, 4 avqust — Sputnik. Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Xatırladaq ki, iyunun 26-da Milli Məclisin iclasında "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
"Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsi
Qeyd edək ki, bu qanun Azərbaycanda kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
Kosmik fəaliyyət – Yerətrafı orbitlər, habelə Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzanın texniki, iqtisadi, müdafiə, təhlükəsizlik, informasiya, elmi, ekoloji və digər məqsədlər üçün kosmik obyekt vasitəsilə tədqiqi və istifadəsi, kosmik obyektin kosmik fəzaya çıxarılması, idarə edilməsi, istismarı və Yerə qaytarılması, yaxud istismardan çıxarılmasıdır.
Kosmik sənaye – peyk xidmətlərinin təşkili, təqdim edilməsi, kosmik obyektlərin və onların tərkib hissələrinin layihələndirilməsi, istehsalı, kosmik resurslardan və texnologiyalardan istifadə sahəsində elmi tədqiqatların aparılmasıdır.
Maddə 4. Kosmik fəaliyyətin prinsipləri
Kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
kosmik fəzadan sülh naminə istifadə edilməsi;
milli maraqların qorunması;
kosmik resurslardan səmərəli istifadə olunması;
milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;
kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.
Maddə 19 Kosmik obyektin istismardan çıxarılması
19.1. Kosmik fəzada olan kosmik obyekt bu Qanun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada və hallarda, həmçinin istismara yararlılığı başa çatdıqda, idarə edilməsi itirildikdə, təbiət hadisəsinin təsiri və ya qəzaya uğraması nəticəsində məhv olduqda istismardan çıxarılır.
19.2. Reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi Müqavilə ilə nəzərdə tutulmuş qaydada BMT-ni məlumatlandırmaq üçün kosmik obyektin istismardan çıxarılması barədə dərhal milli kosmik operatora yazılı məlumat verməlidir.
Maddə 21. Məlumatların qorunması
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində dövlət sirri, kommersiya sirri və konfidensial məlumatlar qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qorunur.
Kosmik fəaliyyət və kosmik sənaye sahələrində yaranan mübahisələr kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur. Bu qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Bu qanun dərc edildiyi gündən 60 gün sonra qüvvəyə minəcək.
Xatırladaq ki, mayın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, peyklər Azərbaycan iqtisadiyyatının inkişafına, müdafiə və milli təhlükəsizliyin artırılmasına, işğaldan azad edilmiş ərazilərin monitorinqi, bərpası və digər genişmiqyaslı layihələrin həyata keçirilməsinə mühüm töhfələr verir. O, "Kosmik fəaliyyət haqqında" qanun layihəsinin qəbulu ilə milli kosmik qanunvericiliyin formalaşacağını deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0