Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yuxarı Qarabağ kanalında bəndinin uçması nəticəsində 30 ev su altında qalıb

© Photo : APABərdədə Yuxarı Qarabağ kanalının bəndi uçub
Bərdədə Yuxarı Qarabağ kanalının bəndi uçub - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yaranan güclü su axını kənd sakinlərinin təsərrüfatlarına ziyan vurub.
BAKI, 3 avqust — Sputnik. “Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib."
Bu sözləri media nümayəndələrinə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.
Onun sözlərinə görə, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində yaranan güclü su axını kənd sakinlərinin təsərrüfatlarına ziyan vurub:
“Hadisə yerinə ağır texnikalar cəlb edilib. Tədbirlər nəticəsində suyun qarşısı alınıb. Qaraqoyunlu kəndində 160 təsərrüfat var. Haradasa 30-a yaxın ev subasmaya məruz qalmışdı. Çox şükürlər olsun ki, insanlar zərər çəkməyib. Subasmaya məruz qalan ərazidə xilasetmə işlər davam edir.
Hadisə baş verəndən dərhal sonra, suyun səviyyəsinin artacağı ehtimalı olduğu üçün əhaliyə öncədən xəbərdarlıq edilərək onların subasma ərazisində çıxması təmin edilib. Ərazidə qalan iki avtomobil isə su altından çıxarılıb. Sabah kənddə suyun vurduğu ziyanın araşdırılması aparılacaq”.
02.08.23, 23:00
Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub, su axmasının qarşısı tamamilə alınıb.
Bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliytinin sədri Zaur Mikaylov, eyni zamanda, Agentliyin tabeliyində olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də aidiyyəti şöbə müdirləri hadisədən xəbər tutan kimi rayona ezam olunublar.
"Onlar hazırda da hadisə yerindədirlər. Dağılan bənddən axan suyun qarşısının alınması üçün ətraf rayonlardan, istismar idarələrindən texnikalar cəlb olunub, bütün idarələr səfərbər edilib. Yuxarı Qarabağ kanalı bizim ən böyük magistral kanallardan biridir. Buranın su həcmi böyükdür. Ona görə də bəzən bu kanalda qəza olanda axan suyun dərhal kəsilməsi mümkün olmur. Artıq suyun qarşısı tamamilə kəsilib. Digər yerlərdə də ziyanın dəyib-dəymədiyini yoxlamaq üçün sabah da ümumi olaraq kanala baxış keçiriləcək", - ASC rəsmisi Report-a bildirib.
20:45
Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.
18:36
Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma zamanı köməksiz qalan sakinlər təxliyə olunub.
Yuxarı Qarabağ kanalının daşması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri su altında qalıb. FHN-in Qarabağ Regional Mərkəzinin Xüsusi Riskli xilasetmə hissəsinin əməkdaşları Qaraqoyunlu kəndində su dolan evlərdə köməksiz qalan sakinləri təxliyə ediblər.
Hazırda kənddə xilasetmə işləri davam etdirilir.
18:00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə Nazirlikdən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Qeyd edək ki, Yuxarı Qarabağ kanalı — 1958-ci ildə istismara verilən, uzunluğu 172,4 km olan Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən suvarma kanalıdır.
Xəbər lenti
0