CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşınmaz əmlak sahəsində xidmətlərin tarifləri təsdiqlənib: Güzəştlər varmı?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMənzil
Mənzil - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Tarif Şurasının qərarına əsasən, daşınmaz əmlak sahəsində tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb.
BAKI, 2 avqust — Sputnik. Tarif (qiymət) Şurasının qərarı ilə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər tənzimlənib. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur. Bu qərar 2023-cü il avqustun 14-dən qüvvəyə minəcək.
Beləliklə, Şuranın "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə" 4 yanvar 2021-ci il tarixli qərarı ləğv edilib.
Keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur
Tarif (qiymət) Şurasından Sputnik Azərbaycan-a bildiriblər ki, daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur. Bununla əlaqədar olaraq, yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaranıb.
Yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur.
Bir sıra istiqamətlər üzrə xidmət haqqı aşağı salınıb
Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb.
Tətbiq ediləcək güzəştlər bunlardır:
Şəhid ailəsinin üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur.
İşğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur.
Kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb.
Sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur.
Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.
Daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tariflər:
İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat (bundan öncə 0,85 manat idi) müəyyən edilib.
İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif bina, tikili, qurğular və onların tərkib hissələri üzrə sahəsi 100 kv.m-dək (100 kv.m daxil) olduqda 340 manat, sahəsi 100 kv.m-dən 1000 kv.m-dək (1000 kv.m daxil) olduqda, 100 kv.m-dən çox olan hər əlavə 1 kv.m üçün 2,4 manat, sahəsi 1000 kv.m-dən çox olduqda, hər əlavə 1 kv.m üçün 1,2 manat müəyyən olunub.
Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kv.m-dən çox olduqda isə hər əlavə 1 kv.m üçün anoloji olaraq 0,40, 0,32 və 0,28 manat əlavə edilir.
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə bu tariflər sahəsi 5,0-ha dək olduqda 100 manat, sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 10 manat təsdiqlənib.
Bu tarif yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə sahəsi 0,06 ha-dək olduqda 200 manat, sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün 5 manat müəyyən edilib.
Bu tarif digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə sahəsi 1,0 ha-dək olduqda 500 manat, sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 100 manat təsdiqlənib.
Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə, hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib.
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi üzrə tarif 120 manat təsdiqlənib.
Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri:
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 5 manat;
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat;
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə tariflər 50 manat olmaqla müəyyənləşdirilib.
Texniki kadastr və yerquruluşu məlumatlarının və sənədlərinin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi üzrə tariflər:
3 iş günü ərzində yerinə yetirildikdə 30 manat,
5 iş günü ərzində yerinə yetirildikdə 20 manat,
10 iş günü ərzində yerinə yetirildikdə 15 manat müəyyən edilib.
Tarif (qiymət) Şurasının iclasında daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tariflər təsdiq edilib. Bunlar hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, sxematik ünvan planlarının tərtibi, torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və s. tariflərdir.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ödənişlərin öncədən hesablamaq imkanı
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin elektronlaşdırılması, bu sahədə innovativ üsulların tətbiqi prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəlməsinə imkan verir. Bu istiqamətdə tətbiq edilən elektron xidmətlərdən biri də "Əmlak kalkulyatoru"dur.
"Əmlak kalkulyatoru"nun sadə istifadə imkanları əsasında vətəndaş daşınmaz əmlakın yerləşmə yerini, sahəsini, digər tələb olunan texniki göstəriciləri daxil edərək xidmət haqqı və rüsumla bağlı yekun məbləğ haqqında məlumatı əldə edə bilər. Xidmət vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını çevik şəkildə əvvəlcədən hesablamaq mümkündür. Bütün əməliyyatların vətəndaşın istəyindən asılı olaraq tezləşmə qaydası ilə aparılması və sənədlərin hazırlanması ilə bağlı da hesablama imkanları var.
Elektron xidmətdən istifadə etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) "Əmlak kalkulyatoru" bölməsinə daxil ola bilər. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən birini seçən istifadəçi xidmətin mahiyyətini, əmlakın yerləşdiyi şəhər və rayonu, öz istəyi ilə xidmətin tezləşmə müddətini qeyd etməklə dövlət rüsumu və xidmət haqqı ilə bağlı dəqiq məbləği öyrənə bilər.
"Əmlak kalkulyatoru" elektron xidməti vətəndaşa rahat və operativ qaydada əmlakına çıxarış almağa, habelə əmlakla bağlı digər hüquqi əməliyyatları aparmağa daha rasional imkanlar yaradır. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilərə özləri üçün ən optimal variantı seçməsini və sənədləşdirməyə başlayıb-başlamamaqla bağlı istədiyi qərarı verməsini təmin edir. Elektron xidmətin tətbiqi əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək şəxslərə əlavə vaxt qazandırır, prosesdə şəffaflığı və səmərəliliyi artırır.
Bu ilin yanvar-may ayları ərzində 228 min 475 çıxarış verilib
Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. 2023-cü ilin yanvar-may ayları ərzində 228 475 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,9% çoxdur. Cari ilin ilk 5 ayı ərzindəki göstəricinin 34 977-si (15,3%) ilkin, 193 498-i (84,7%) isə təkrar qeydiyyatın payına düşür.
2023-cü ilin ilk 5 ayı ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 20 565-i fərdi yaşayış və bağ evi, 38 325-i mənzil, 164 865-i torpaq sahəsi, 1 265-i qeyri-yaşayış binası, 3 121-i qeyri-yaşayış sahəsi, 288-i əmlak kompleksi, 46-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 40 390-ı Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Texniki pasport
Bu ilin ilk 5 ayında 188 216 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 74,2% çoxdur.
Əlavə edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0