SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Qarabağ ermənilərini idarəetmə planı: "Beşinci təkər" işə salınacaq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Politoloq hesab edir ki, Azərbaycan iqtidarı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır.
BAKI, 2 avqust - Sputnik. "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.
Sputnik Azərbaycan rəsmi Bakının ermənilərə təklif etdiyi reinteqrsiya proqramının necə icra olunacağı ilə bağlı millət vəkili Arzu Nağıyevin və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Erməni icması ilə bağlı bütün proseslər qanunvericiliyə uyğun olaraq tənzimlənəcək
Millət vəkili Arzu Nağıyev bildirib ki, ermənilər Azərbaycan bayrağı altında yaşadıqdan, konstitusiyamızı qəbul etdikdən sonra bütün proseslər qanunvericiliyə uyğun olaraq tənzimlənəcək.
Onun sözlərinə görə, regional strukturlara uyğun olaraq Respublika ərazisi hansı qaydada idarə olunursa, bu gün sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə də həmin idaəretmə mexanizmləri tətbiq ediləcək:

"Bu gün həmin ərazilərdə yaşayan ermənilər dünyaya hüquqi təminatları ilə bağlı problemlər yaşadıqlarını təqdim etməyə çalışsalar da, Azərbaycan aydın şəkildə öz proqramını təqdim edir. Biz çoxmillətli ölkəyik. Ölkəmizdə milli mənsubiyyətdən doğan heç bir ayrıseçkilik halı mövcud deyil".

Qarabağın erməni icmasına rəhbərlik edənlər qəbuledilməz tələblər irəli sürür
Millət vəkili bildirir ki, bu gün Qarabağın erməni icmasına rəhbərlik edənlər qəbuledilməz tələblər irəli sürür:
"Azərbaycanın separatçılarla danışıqlar aparmaq fikri yoxdur. Ermənilər bərabərhüquqlu yaşamdan imtina edirlərsə, bu əraziləri tərk edə bilərlər. Bizim mövqeyimiz odur ki, qanunlarımıza tabe olub yaşayın. Onların səsləndirdiyi iddialar cəfəngiyyat və bir çox hallarda separatizm meyllərinin təzahürüdür".
Azərbaycan Qarabağın erməni icması ilə danışıqların təşəbbüskarıdır
Arzu Nağıyev xatırladıb ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan Qarabağ ermənilərinə konstitusiyasında nəzərdə tutulmuş bütün hüquqları təmin edəcəyini bəyan edir. Bunun müqabilində səsləndirilən fikirlər isə qəbuledilməzdir.
"Azərbaycan Qarabağın erməni icması ilə danışıqların təşəbbüskarıdır. Danışıqlar zamanı problemli məqamların öz həllini tapacağına ümid edirəm", - deyə millət vəkili bildirib.
Erməni icması Azərbaycan cəmiyyətindən buna görə kənarda qalıb
Politoloq Elşən Manafovun sözlərinə görə, Azərbaycan iqtidarı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır:
"Hesab edirəm ki, Azərbaycan prezidenti tərəfindən verilən açıqlamalarda müəyyən edilmiş yol xəritəsinin həyata keçirilməsi istiqamətində atıla biləcək addımlara aydınlıq gətirilir. Məhz separatçı rejimin Azərbaycana münasibətdə uzun illər yeritdiyi siyasət nəticəsində erməni icması Azərbaycan cəmiyyətindən və respublikamızın qanunlarından kənarda qalıb. Təbii ki, ilk növbədə icmanın daxili sosial, iqtisadi məzmunlu problemlərinin həlli, infrastruktur layihələrinin həyata keçirilməsi burada təşəkkül tapa biləcək yerli bələdiyyələrə həvalə olunmalıdır".
İcra hakimiyyətləri ləğv olunacağı təqdirdə bir qisim səlahiyyətlər bələdiyyələrə veriləcək
Politoloq qeyd edib ki, Azərbaycan hakimiyyəti artıq icra strukturlarının təkmilləşdirilməsi ilə bağlı mövqeyini ortaya qoyub:

"Bəzi yerlərdə Prezidentin xüsusi nümayəndəlikləri var. Mütəxəssislər də qeyd edirlər ki, gələcəkdə icra hakimiyyətləri ləğv olunacağı təqdirdə onların səlahiyyətlərinin bir qisminin xüsusi nümayəndəliklərə həvalə edilməsi, bir qisminin isə yerli bələdiyyə orqanlarına verilməsi ilə bağlı planlar var".

Etimadın yaradılması üçün struktur islahatlarının keçirilməsinə çox ciddi ehtiyac var
Politoloqun fikrincə, hazırda bələdiyyələrin səlahiyyətləri məhduddur və onlar dövlət idarəçilik aparatının "beşinci təkər"i rolunda çıxış edirlər:
"Bütün bu nəzərdə tutulan dəyişiklikləri yerli erməni icmasının problemlərinin həllinə də aid etmək olar. Erməni icması ilə Azərbaycan xalqı arasında etimadın yaradılması üçün belə struktur islahatlarının keçirilməsinə çox ciddi ehtiyac var. Bu, ilk növbədə erməni icmasının iştirakı ilə bələdiyyə seçkilərinin keçirilməsini zəruri edəcək. Bu seçkilər Azərbaycan Mərkəzi Seçki Komitəsinin nəzarəti altında keçirilməlidir".
Biz separatçılarla deyil, icmanı təmsil edən nüfuzlu şəxslərlə dialoq qura bilərik
Manafov hesab edir ki, ermənilər Qarabağın müəyyən edilmiş hüdudları çərçivəsində öz sosial-iqitsadi problemlərinin həllini bu bələdiyyələr vasitəsilə həyata keçirə bilərlər.
"İcma ilə Azərbaycan hökumət nümayəndələri arasında ilk görüş Xocalıda baş tutub. Bu danışıqların növbəti raundundan çox şey asılıdır. Biz separatçılarla deyil, icmanı təmsil edə biləcək nüfuzlu şəxslərlə dialoq qura bilərik. Erməni tərəfi bu islahatların və seçkilərin beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməsi tələbini irəli sürə bilər. Problemlərin dinc danışıqlar yolu ilə həlli üçün Azərbaycan tərəfinin atdığı addımlar ölkəmizə qarşı təzyiq və təhdidlərin qarşısının alınması üçün də uğurlu addım hesab oluna bilər", - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Prezident İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.08.2023
SİYASƏT
Prezidentdən Ermənistana mesaj: Onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil
Xəbər lenti
0