CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İpəzor"u başa düşməyən dilçi: Azərbaycanlılar başqa dildə danışmağı niyə şərəf bilirlər?

© SputnikElçin İsmayılov
Elçin İsmayılov - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
Mütəxəssisin fikrincə, zamanla qardaş türk dillərində işlədilən mənşəcə türk sözlərinin əxz edilməsinə və bununla da dilimizin zənginləşdirilməsinə nail olmalıyıq.
BAKI, 1 avqust — Sputnik. Hər bir millət dildən ibarətdir. Dil hər bir millətin mədəniyyətinin, elminin, tarixinin daşıcısıdır. Azərbaycan dili də tarixin müxtəlif vaxtlarında kənar təsirlərə məruz qalmış, lakin inkişaf etmiş dillər sırasındadır. Bu sözləri Sputnik Azərbaycan-ım Multimedia Mərkəzinin qonağı olan Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elçin İsmayılov deyib.
O qeyd edib ki, Azərbaycan dili dedikdə təxminən 60 milyon insanın danışdığı dildən söhbət gedir. Lakin dilimizin tətbiqi nöqteyi-nəzərdən problemlərimiz var.

"Dilimizə bir çox dillərdən yad sözlərin keçməsi və Azərbaycan dilinin türk dilləri arasında bir qədər öz kökündən uzaqlaşması prosesi baş verir. Dilimizdə həddindən artıq ərəb-fars sözləri var. Düzdür, vaxtilə buna bir zərurət yaranıb, həmin sözlər dilimizdə oturuşub. Zamanla qardaş türk dillərində işlədilən mənşəcə türk sözlərinin keçidinə və bununla dilimizin zənginləşdirilməsinə nail olmalıyıq", - İsmayılov deyib.

Mütəxəssis bildirir ki, arzuolunan hal olmasa da, elm və texnologiyanın inkişafı ilə əlaqədar dilimizə yeni sözlər daxil olur. Onların əksəriyyətini dilimizə qəbul etməyə məcbur olmuşuq:

"Ümumiyyətlə, biz ənənəvi olaraq başqa dildə danışmağa meyilliyik. Son zamanlar rus və ingilis dillərinə müraciətlər artır. Məktəblərdə rus bölmələrinin sayı, rus dilinə maraq artıb. Rus dilinə yenidən marağın artmasının səbəbini başa düşə bilmirəm. Azərbaycanda çox sayda qeyri-türkdilli əhali yaşayır ki, onların da rus dilində təhsil alması cəmiyyətimiz tərəfindən itki deməkdir. Belə olan halda həmin şəxslərin gələcəkdə özlərini azərbaycanlı kimi hiss etmələrindən söhbət belə gedə bilməz".

İsmayılov hesab edir ki, ziyalılar, mətbuat ədəbi dilimizin əzəmətini qoruya bilər: "İnkişafına şərait yaratmaqla, onun qayda-qanunlarını qorumaqla, dilimizi zirvələrə qaldıra bilərik. Dilimizin tətbiqi sahələrinə, xüsusən də reklamlara nəzarət artmalıdır".
Mütəxəssisin fikrincə, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız telekanallarımıza baxaraq dilimizi daha gözəl mənimsəyirlər. Amma təəssüf ki, bəzən telekanallarımızda dilin normaları pozulur:
"Bu yaxınlarda telekanallardan birində xanım aparıcı canlı efirdə birbaşa dedi ki, "Seva, nastroyeniyan necədir?". Təbrizdə yaşayan adam haradan bilsin ki, "nastroyeniya" nə deməkdir. Qazana "kastrulya" deyilməsinə nə ehtiyac var? Bu kimi hallar arzuolunmazdır. Bu telekanalların rəhbərləri bilməlidir ki, yayım 10 milyon üçün deyil, 50-60 milyon əhali üçün nəzərdə tutulub. Təəssüf ki, bizdə bəzən başqa dildə danışmağı insanlar özlərinə şərəf bilirlər. Düşünürəm ki, dilin normalarını pozan telekanalların yayımlarını müvəqqəti dayandırmaq lazımdır. Yayım Şurası nəyə baxır? Ancaq tezlik üçün pul alırlar? Ya onlar özləri bu işi gösünlər, ya da buna nəzarət üçün bir qurum yaratsınlar".
Mütəxəssis bildirir ki, aparıcılar dili daha gözəl öyrənməli və məişət dilində danışmaqdan uzaq olmalıdırlar:

"Əvvəl intellekt, nitq, daha sonra xarici görünüş önəm daşımalıdır. İndi isə əksinədir, öncə xarici görünüşə baxırlar".

Həmsöhbətimizin fikrincə, qarşılığı olan sözlərin dilimizə qəbuluna ehtiyac yoxdur: "Bəlkə də yüz ildir, dilimizdə nəfəslik, əyləc sözləri var. Ancaq biz hələ də "tormuz", "fortıçka" deyirik. Dil hələ bu sözləri həzm edə bilməyib. Baxmayaraq ki, bütün həyatımı dilçiliyə həsr etmişəm, hələ də bilmirəm ki, bizim dildə "şpilka"ya nə deyirlər. Onun qarşılığı kimi tapılan "ipəzor" sözünə görə İnstitutumuzu yıxıb-sürüdülər. Düzü heç mən də başa düşə bilmirəm ki, ipəzor nə deməkdir?!".
Dilçi alim dilimizin əzəmətini qorumaq üçün Türkiyə təcrübəsindən yararlanmağı təklif edir:

"Onlar bizim, biz də onların uğurundan istifadə etməliyik. Nə üçün pilləkən deyirik, basanaq yox? Basanaq məgər pis sözdür?!".

İsmayılov vurğulayıb ki, bu gün xüsusən serial və reklamların tərcüməsi ilə bağlı vəziyyət daha ağırdır. Sahə lüğətlərinin hazırlanmasında da problemlər var.
Vahid türk dilinə gəldikdə, mütəxəssis hesab edir ki, bunu formalaşdırmaq qeyri-realdır: "Yaratsan da bunu tətbiq edə bilməyəcəksən".
Qeyd edək ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0