Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev, arxiv
Prezident İlham Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 01.08.2023
Abunə olmaq
Dövlətimizin başçısı “Euronews” kanalına müsahibəsində deyib ki, Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Onlar Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər.
BAKI, 1 avqust - sputnik. “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi və o uğurla başa çatdı”. Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində “İlham Əliyevin missiyası nədədir – müharibədə qalib gəlməkdə, yoxsa Ermənistanla sülhün yaradılmasında?” sualına cavabında deyib.

Dövlət başçısı bildirib ki, biz müharibədə qalib gəldik, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik:

“Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik”.

Prezident İlham Əliyev qeyd edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar:

"Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.

Laçın yolunda hərəkət azadlığı bloklanmayıb
Laçın yolunda hərəkət azadlığı bloklanmayıb. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibəsində Laçın yolu ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlət başçısı qeyd edib ki, aprelin 23-dən - sərhəd keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib.
Azərbaycan Prezidenti əlavə edib ki, Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa edib. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu.
Qarabağdakı ermənilər
Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər. Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu liderlər onlara daim yalan danışıblar:

“Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar daha manipulyasiyanın girovu olmayacaqlar. Düşünürəm ki, onlar dinləsələr, məni anlayacaqlar. Onlar bilirlər ki, mən öz sözümə əməl edirəm”.

Atəşkəs sazişinin vasitəçisi Rusiya olub
Əslində atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil. Rusiya olub”.
Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Rusiyanın və Qərbin vasitçiliyinə dair suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistanın Baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu:

“Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.

Azərbaycan-Rusiya münasibətləri
“Bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb”. Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Ukraynada münaqişənin başlamasından sonra Cənubi Qafqaz ölkələrinin Rusiya ilə münasibətlərinə dair suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, ümumilikdə region haqqında demək çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir:

“Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”.

İlham Əliyevin Ermənistandakı ermənilərə mesajı
Dövlət başçısı “Euronews” kanalına müsahibəsində həmçinin bildirib:

“Mənim Ermənistandakı ermənilərə mesajım belədir ki, biz onların dövləti ilə sülh istəyirik. Onlara digər mesajım ondan ibarətdir ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını aydın dərk etmək lazımdır. Uzun illər ərzində Ermənistan liderləri öz xalqını inandırırdılar ki, onlar dünyanın ən güclü ordusuna sahibdirlər, əgər müharibə başlasa, onlar Bakıya çatacaqlar. Müharibə bu hekayələri məhv etdi. Biz nə bu gün, nə də gələcəkdə daha bir müharibə istəmirik”.

Avropa İttifaqı vasitəçi kimi
“Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər”. Bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Şarl Mişelin iştirakı ilə Ermənistanla danışıqlara dair suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü idi:
“O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”.
Paşinyanla danışıqlar və sülh
Dövlət başçısı bildirib ki, bu görüşlər bizə çox həssas məsələlərə toxunmaq imkanını verir:

“Məsələn, sərhədlərin gələcək parametrləri - Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmayıb. Çünki Sovet İttifaqı süquta uğradıqdan dərhal sonra biz həmin təcavüzlə üzləşdik. İndi sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Axı İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir:
“Bizim görüş isə, hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək, ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə, bəlkə də, ilin sonunadək sülh variantını tapa bilərik”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0