CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hesablama Palatası Sumqayıt Tibb Mərkəzində yoxlama aparıb

© Photo : REPORTAzərbaycan Respublikasının Hesablama Palatası
Azərbaycan Respublikasının Hesablama Palatası - Sputnik Azərbaycan, 1920, 31.07.2023
Abunə olmaq
Bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln. manat, xərcləri isə 107,6 mln. manat təşkil edib, bu illərdə 13,7 mln. manat dəyərində dərman, sarğı ləvazimatları və materialları Mərkəzə əvəzsiz olaraq verilib.
BAKI, 31 iyul — Sputnik. Sumqayıt Tibb Mərkəzində (Mərkəz) ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının, o cümlədən tibbi xidmətlərin göstərilməsinin qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılmış auditlə 2021-2022-ci illər əhatə olunub.
Hesablama Palatasından verilən xəbərə görə, bu dövrdə Mərkəzin daxilolmaları 108,5 mln. manat, xərcləri isə 107,6 mln. manat təşkil edib, bu illərdə 13,7 mln. manat dəyərində dərman, sarğı ləvazimatları və materialları Mərkəzə əvəzsiz olaraq verilib.
Tibb müəssisələrinin fəaliyyətini xarakterizə edən göstəricilərin müqayisəsi icbari tibbi sığorta sisteminin tətbiqindən əvvəlki dövrdə daha çox xidmət təqdim edildiyini göstərir. Mərkəzin əhatəsində olan tibb müəssisələri üzrə ambulator və stasionar xidmət sayı 2019-cu ildə 2022-ci illə müqayisədə orta hesabla 2 dəfə çox olub. Göstərilmiş xidmət sayında azalma çarpayı sayının sabit qalması və ştat sayının təxminən 10,0% artımı şəraitində baş verib ki, bu da tibbi sığorta sisteminin sığorta prinsipləri üzrə tam tətbiqində və işlək vəziyyətinin təmin edilməsində əsas və vacib şərtlərdən biri olan xəstəliklər üzrə hesabatlılıq (statistika) sisteminin əvvəlcədən hazırlanmaması ilə əlaqələndirilə bilər.
Qeyd olunmalıdır ki, 17 tibb müəssisəsini və 1 idarəetmə aparatını özündə birləşdirən Mərkəzin tərkibində yalnız 7 xəstəxana icbari tibbi sığorta çərçivəsində dəyəri ödənilən xidmətlər göstərib, həmin xidmətlər hesabına 2021-ci ildə 6,4 mln. manat və 2022-ci ildə 13,7 mln. manat məbləğində vəsait daxil olub. Bu vəsait həmin illər üçün saxlanma xərclərinin müvafiq olaraq 18,6%-ni və 33,6%-ni təşkil edib.
Mərkəzin sığorta sisteminə daxil olduğu 2021-ci ilin aprel ayından 2022-ci ilin sonunadək göstərilmiş 1454656 sayda xidmətin 32,1 mln. manat dəyərinin ödənilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edilib, Agentlik tərəfindən 243496 sayda xidmətin 5,1 mln. manat dəyərinin ödənilməsindən imtina olunub, qəbul olunmuş xidmətlərin dəyərinin isə yalnız 74,8%-i ödənilib.
Tibbi xidmətlərin göstərilməsi prosesində fəaliyyət əsasən dəyəri daha az olan xidmət istiqamətləri üzrə təşkil edilib, göstərilmiş xidmətlərin bir hissəsinin haqqının ödənilməsindən müxtəlif, o cümlədən texniki səbəblərdən imtina olunsa da, imtina səbəblərinin dəqiqləşdirilməsi və aradan qaldırılması, eləcə də bu istiqamətdə məsuliyyətin müəyyənləşdirilməsi üzrə tədbirlər həyata keçirilməyib. İmtina edilmiş xidmətlər üzrə dəyəri daha böyük olanların xidmətlərin payı çox olub.
İcbari tibbi sığorta sisteminə daxil olmayan xidmətlər üzrə tariflərin TƏBİB tərəfindən müəyyənləşdirilməsinin gecikdirilməsi, eləcə də sığorta olunmayanlar üzrə göstərilmiş xidmətlər üzrə vəsaitin alınmaması potensial və faktiki gəlir arasında fərqin artmasına səbəb olub.
Mərkəzin kadr potensialı da fəaliyyətə tam uyğunlaşdırılmayıb, islahatlar prosesində çarpayı sayının 13 vahid artırılması fonunda ştat sayı 464,75 artırılıb, ümumilikdə ştat sayının artımının əsas hissəsi funksional fəaliyyətlə məşğul olmayan qeyri-tibbi heyətin hesabına təmin edilib. Qeyri-tibbi heyətin sayının artımına və payının çox olmasına tibb müəssisələrinin mühafizəsi məqsədilə ştat sayının artımı, eləcə də bir sıra, o cümlədən rəhbər vəzifələr üzrə ştat sayının çox saxlanılması təsir göstərib. Bu amillər isə əməyin ödənişi ilə bağlı xərclərin də artımına gətirib çıxardıb.
Qeyd olunanlar, həmçinin Mərkəz tərəfindən xüsusilə qeyri-tibbi heyət üzrə vakant yerlərin tutulmasına diqqət yetirilməsi tibbi kadrların rasional idarə olunması və keyfiyyətli xidmətin təqdim edilməsində riskləri formalaşdırmaqla yanaşı gəlirlərin artırılması imkanlarının da genişlənməsinə şərait yaratmayıb. Mərkəzin cəmi ştat sayı ümumi ştat sayının 10,5%-i, cəmi xərclərin təxminən 5,0%-i idarəetmə aparatı və mərkəzi mühasibatlığın payına düşüb.
Beləliklə də, maliyyə və kadr resurslarının idarə olunmasına bu cür yanaşma xidmət göstərən tibb müəssisələrinin, son nəticədə isə tibbi sığorta sisteminin gələcək maliyyə dayanıqlılığına təsir edəcəyi ehtimallarını artırır.
Qeyd edilib ki, göstərilmiş xidmətlərə dair hesabatlılığın təmin olunmasında da bir sıra nöqsanlara yol verilmiş, istifadə edilən elektron məlumat bazasının və təqdim olunan rəsmi statistik məlumatın göstəriciləri arasında uyğunsuzluq olub, Mərkəz tərəfindən tətbiq edilən elektron sistemdə məlumatlara sonradan düzəliş və əlavələrin edilməsinin mümkün olması nəticəsində ilkin olaraq qeydiyyata alınmış məlumatların sonradan dəyişdirilməsi hallarına yol verilib.
Mərkəzin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub. Yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi hallarına, həmçinin tələb olunan və faktiki təmin edilən mallar üzrə keyfiyyət göstəricilərində uyğunsuzluqlara yol verilməklə tibbi xidmətin göstərilməsi ilə bağlı maddi-texniki təminat potensialının tam istifadə olunmamasına və əlavə dövlət vəsaitinin istifadəsinə şərait yaradıb, eləcə də satınalmaların nəticəliliyinə mənfi təsir göstərib. Belə ki, haqqı ödənilmiş tibbi cihaz və avadanlıqların tam təhvil verilməməsi hallarına yol verilib, eləcə də təmir işləri üzrə bağlanmış müqavilələr çərçivəsində görülməyən işlər üzrə vəsait icra edilib.
Nəzarət mexanizmlərinin tətbiq edilməməsi aktivlərin uçotunun düzgün aparılmaması, mühasibat uçotunun aparılması prinsiplərinin pozulması, eləcə də, gəlir və xərclərlə bağlı hesablarda uyğunsuzluqlara səbəb olub. Qeyd edilənlər ümumilikdə maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində risk amillərini formalaşdırıb.
Xəbər lenti
0