Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda sənaye zonalarında istehsal olunan məhsullar 60-a yaxın ölkəyə ixrac edilib

© Official website of President of Azerbaijan RepublicSumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu
Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu - Sputnik Azərbaycan, 1920, 30.07.2023
Abunə olmaq
Sənaye zonalarının qeyri-neft sektorunun inkişafında rolu artmaqda davam edir. İndiyədək sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.
BAKI, 30 iyul — Sputnik. Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.
İqtisadi Zonaların İnkişafı Agentliyindən Sputnik Azərbaycan-a məlumat verilib ki, indiyədək sənaye zonalarında ümumi investisiya həcmi 7,18 milyard manat olan 131 müəssisə rezident kimi qeydiyyatdan keçib və onlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manatdan çox investisiya artıq yatırılıb və 10600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 616,1 milyon manat investisiyanın yatırılması, 4800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal olunub
Sənaye zonalarında bugünədək ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun 33,6%-lik hissəsi ixracın payına düşür. 2023-cü ilin I yarısında 1,4 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar 60-a yaxın ölkəyə ixrac edilib

"İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, "Made In Azerbaijan" brendi adı ilə dünyanın 60-a yaxın ölkəsinə (ABŞ, Kanada, BƏƏ, Hindistan, Çin, Rusiya, Almaniya, İngiltərə, Yaponiya, Brazilya, Misir, Tayvan, Polşa, Danimarka, Niderland, Avstriya, Çexiya və s.) ixrac edilib", - məlumatda bildirilib.

Sənaye zonalarında məhsul istehsalı artıb
Qeyd edək ki, 2023-cü ilin ilk rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satışı həyata keçirilib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 13% artım deməkdir.
2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib.
Sənaye parkları
Xatırladaq ki, sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında torpaq sahələri dövlət mülkiyyətindədir və rezidentlərə müqavilə əsasında uzunmüddətli icarəyə verilir.
Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirməkdir.
Hazırda Agentliyin idarəçiliyində olan 6 sənaye parkı aşağıdakılardır:
Sumqayıt Kimya Sənaye Parkı
Pirallahı Sənaye Parkı
Qaradağ Sənaye Parkı
Ağdam Sənaye Parkı
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı
Mingəçevir Sənaye Parkı.
Sənaye parklarının profilləri nədir?
Sumqayıt Kimya Sənaye Parkında əsas istiqamətlər kimya, neft-kimya, maşınqayırma, tikinti materialları, metallurgiya, elektrotexnikadır.
Mingəçevir Sənaye Parkında əsas istiqamət tekstil və yüngül sənaye sahəsidir.
Qaradağ Sənaye Parkında əsas istiqamət gəmiqayırmadır.
Pirallahı Sənaye Parkında əsas istiqamət əczaçılıq, qida sənayesi və qablaşdırmadır.
Ağdam Sənaye Parkında əsas istiqamət tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalıdır.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında əsas istiqamət logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılmasıdır.
Sənaye məhəllələri
Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Prezidentinin "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Fərmanla müəyyən olunub ki, sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 13 may tarixli qərarı ilə "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə" təsdiq edilib.
"Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"yə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur: torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.
Hazırda Agentliyin idarəçiliyində olan 4 sənaye məhəlləsi aşağıdakılardır:
Hacıqabul Sənaye Məhəlləsi
Masallı Sənaye Məhəlləsi
Neftçala Sənaye Məhəlləsi
Sabirabad Sənaye Məhəlləsi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sumqayıt Kimya Sənaye Parkı - Sputnik Azərbaycan, 1920, 27.07.2023
İQTİSADİYYAT
Azərbaycanda 42 min yeni iş yeri yarana bilər
Xəbər lenti
0