Azərbaycanın ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısı qətiyyətlə alınacaq - XİN
![XİN Xarici İşlər Nazirliyi XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 29.07.2023](https://cdnn1.img.sputnik.az/img/07e6/06/18/443300809_0:160:3072:1888_1920x0_80_0_0_bc07fb75329a46e0b92abb16535c4e85.jpg)
"Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, bunun əksinə Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub.
Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.
Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.
Bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir".