Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığı üçün hər cür şərait yaradılıb - VİDEO

© AR Ministry of DefenceƏlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığı
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin hazırlığı - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edəcək gənclər ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar.
BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu il mayın 20-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" Sərəncamına əsasən, ordu sıralarına çağırılan gənc əsgərlərin qəbulu davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Naxçıvan Muxtar Respublikasının etibarlı müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Orduda yaradılan nümunəvi xidməti şəraitin nəticəsidir ki, xidmətə yeni başlayan əsgərlərimiz heç bir çətinliklə üzləşmirlər. Hərtərəfli təminata malik hərbi hissələrdə xidmət edəcək gənclər ən çətin döyüş tapşırıqlarını yerinə yetirəcək peşəkar əsgərlər kimi hazırlanırlar. Təqdim edəcəyimiz videomaterialda Əlahiddə Ümumqoşun Ordunun təlim hərbi hissəsində gənclərin hərbi xidmətə qəbulu və onların xidməti üçün yaradılan şərait barədə məlumat verəcəyik.
Müddətli hərbi xidmətə çağrılan gənclər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi tərəfindən hərbi hissəyə təhvil verilir. Gənclər sevinc, həyəcan, qürur hissləri ilə hərbi hissəyə ilk addımlarını atırlar.
Çağırışçılar ilk olaraq müasir avadanlıqlarla təchiz olunan hərbi xəstəxanada müayinə olunur. Rentgen aparatı ilə gənc əsgərlərin ağciyərləri və daxili orqanları yoxlanılır. Əsgərlər stomatoloq, cərrah, terapevt və digər sahələr üzrə müayinə olunduqdan sonra tibb kitabçalarında müvafiq qeydlər aparılır.
Qeyd edək ki, ilkin müayinə ilə yanaşı hərbi xəstəxanada və hərbi hissənin tibb məntəqəsində şəxsi heyətin vaxtaşırı tibbi müayinəsi aparılır, gənclərin səhhəti daim diqqətdə saxlanılır və onlara xəstəlik törədən viruslardan qorunmağın yolları haqqında mütəmadi olaraq məlumat verilir.
Həkim komissiyası tərəfindən ümumi şəkildə yoxlanan çağırışçıların növbəti mərhələdə qeydiyyatı və bölgüsü aparılır. Onlar şəxsi heyətin uçotu bölməsinə təqdim olunaraq adlı siyahılar əsasında yoxlanılır.
Sonra gənc əsgərlər əşya anbarına göndərilir. Burada onlar hərbi geyim və digər şəxsi əşyalarla təmin olunduqdan sonra xidmət edəcəkləri bölmələrə təhvil verilir.
Gənclər Hərbi Andı qəbul edənə kimi ilkin hazırlıq mərhələsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinə uyğun olaraq məşğələlərdə iştirak edir. Məşğələ rəhbərləri tərəfindən keçirilən dərslərdə şəxsi heyətə sıra hazırlığının fənn və elementləri öyrədilir, gənc əsgərlərə hərbi intizam qaydaları aşılanır, onların sıra vərdişləri formalaşdırılır və təkmilləşdirilir.
Günün nizam qaydasının əsas hissələrindən biri də fiziki hazırlıq saatlarıdır. İdman şəhərciklərində döyüş hazırlığının tərkib hissəsi kimi şəxsi heyətlə fiziki hazırlıq üzrə dərslər keçirilir. Şəxsi heyət müxtəlif idman qurğuları vasitəsilə fiziki dözümlülüklərini artırır.
Əlahiddə Ümumqoşun Ordunun digər hərbi hissələri kimi burada da əsgərlərin şəxsi gigiyena qaydalarına əməl etmələrinə və sağlamlıqlarının qorunmasına ciddi fikir verilir. Bunun üçün hərbi hissənin hamam və camaşırxanasında lazımi şərait yaradılıb. Camaşırxanada müasir paltaryuyan, quruducu maşınlar və yataq örtüklərinin ütülənməsi üçün qurğular şəxsi heyəti həftə ərzində təmiz paltar və yataq örtükləri ilə təmin edir.
Şəxsi heyətin sağlamlığının qorunması üçün düzgün qidalanma da əsas şərtlərdən biridir. Hərbi hissənin yeməkxanasında peşəkar qadın aşpazlar tərəfindən bol enerjili və ekoloji cəhətdən təmiz yeməklər hazırlanır.
Şəxsi heyətin gündəlik təzə və yüksək kalorili ərzaqla təmin olunması üçün ərzaq anbarlarında lazım olan ehtiyat və şərait yaradılıb. Burada müasir tələblərə cavab verən soyuducu və dondurucu kameralar yerləşdirilib. Bu kameralarda ət, balıq, meyvə-tərəvəz və digər ərzaq ehtiyatı saxlanılır.
Azərbaycan əsgərinə göstərilən diqqət və qayğı, hərbi hissədə yaradılan yüksək məişət şəraiti onların xidmətlərini uğurla keçməsinə zəmin yaradır. Hərbi hissənin yataqxanalarında da əsgərlərin məişət şəraiti üçün müasir infrastruktur yaradılıb, yataq otaqları lazımi avadanlıqlarla təchiz olunub. Belə şərait xidmətə yeni başlayan gənclərin gələcəkdə bacarıqlı əsgərlər kimi formalaşmasında xüsusi əhəmiyyət kəsb edir.
Günün nizam qaydasına uyğun olaraq əsgərlərin asudə vaxtını səmərəli keçirməsi də diqqət yetirilən əsas məsələlərdəndir. Bunun üçün Hərbi hissənin əsgər yataqxanalarında ideoloji, tədris, məişət və istirahət otaqları əsgərlərin istifadəsinə verilib. Burada ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən kitablar, bədii ədəbiyyatlar, stendlər, qəzet və jurnallar qoyulub. Həmçinin əsgərlər müxtəlif stolüstü oyunlar oynamaq və televizora baxmaq imkanı da əldə edirlər.
Xidmətə yeni başlayan gənc əsgərlər hərbi andı qəbul etdikdən sonra öz ixtisası üzrə məşğələ və dərslərdə, praktiki atış çalışmalarında iştirak edəcək və digər ümumqoşun biliklərini mənimsəyəcəklər. 3 aylıq gənc əsgər hazırlığı dövründə ixtisaslarına uyğun hərbi bilik və bacarıqlara tam yiyələnən əsgərlərimiz xidmətlərini davam etdirmək üçün digər hərbi hissələrə göndəriləcəklər.
Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında, onların cəmiyyətə yararlı şəxsiyyət kimi hazırlanmasında və digər mənəvi keyfiyyətlərə yiyələnməsində əsgəri xidmətin rolu böyükdür. İnanırıq ki, bu gənc əsgərlərimiz də komandirlərinin öyrətdiyi bilik və bacarıqları dərindən mənimsəyib, döyüş hazırlıqlarını və fiziki dözümlülüklərini daim artıraraq ərazi bütövlüyümüzün keşiyində inamla dayanacaq və ən əsası da qalib Ordunun əsgərləri kimi üzərlərinə düşən şərəfli vəzifəni layqincə yerinə yetirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0