Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda kino ittifaqları birləşib

© Photo : The Azerbaijan Union of Film-makersAzərbaycan Kinematoqrafçılar İttifaqı
Azərbaycan Kinematoqrafçılar İttifaqı - Sputnik Azərbaycan, 1920, 26.07.2023
Abunə olmaq
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.
BAKI, 26 iyul — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib.
Bu barədə “Report”a Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev məlumat verib.
Onun sözlərinə görə, iclasda ölkədəki kino sahəsinə dəstək məqsədilə hər iki qurumun birləşməsi ilə bağlı qərar qəbul edilib.

"Yeni təşkilat Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin təklifi ilə Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılıb. Hələ ki sədrlik məsələsi düşünülməyib, çünki ayrılma prosesi bir müddət, təxminən bir ay, ay yarım çəkəcək. Ona görə də heç bir təklif yoxdur. Yəqin ki, bununla bağlı daha sonra addım atılacaq. Onsuz da hər iki qurumun işi eyni idi və yekun olaraq ittifaqlar birləşdi. Bəzi sənədləşmə işləri var, yekunlaşdıqdan sonra birliyə kimin rəhbərliyi edəcəyi müəyyənləşəcək", - deyə qurum rəhbəri bildirib.

Xatırladaq ki, bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyəti Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə (ARKİ) vahid ad altında birləşmək məqsədli bəyanat yayıb.
İttifaqdan verilən xəbərə görə, bəyanatda deyilir:
"44 günlük Vətən müharibəsi xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalq öz qəhrəmanlığı və yüksək mənəvi dəyərlərə bağlılığı ilə dünyanı heyrətləndirdi. Bu qələbəni dünyaya çatdırmaq, xalqımızın unikal ruh dünyasını kino dili ilə ifadə etmək kinematoqrafçılarımız qarşısında duran bir nömrəli vəzifədir. Lakin kinomuzda son illərin krizisli durumu, kino xadimləri, gənc kinematoqrafçılar arasında pərakəndəlik, kino sektorunda sistemsizlik yüksək nəticələr əldə etməyə mane olur. Xüsusilə bir ad altında iki Kinematoqrafçılar İttifaqının olması sıralarımıza dağınıqlıq gətirir, kinematoqrafçılar arasında həmrəyliyə mane olur. 1958-ci ildə yaradılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və 2012-ci ildə yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) öz ətrafında peşəkar, istedadlı, zəhmətkeş kinematoqrafçıları birləşdirib. Onlar öz fəaliyyəti ilə səmimi qəlbdən kinomuzun inkişafında maraqlı olduqlarını nümayiş etdiriblər. AKİ olaraq öz tərəfimizdən bildiririk ki, kino təhsili, kino dərsliklərinin hazırlanması, kino festivallarının dəstəklənməsi, kinematoqrafçıların sosial dəstəyi, kino mətbuatının inkişafı, filmlərimizin təbliği sahəsində fəaliyyətimiz haqda kino ictimaiyyətimiz ətraflı məlumatlandırılıb. Lakin nəticələrimizin yüksəldilməsi, kinomuzda uğurla islahatların aparılması üçün iki qohum təşkilatın birliyi mütləqdir. Biz Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üzvlərinə müraciət edib, birləşmək istiqamətində birgə fəaliyyətə çağırırıq. Bu birlik təşkilatlar arasında ədalətlilik prinsipi əsasında olmalıdır. Lətif Səfərov, Həsən Seyidbəylinin başladığı, hər iki İttifaqın rəhbərliyində təmsil olunan kino xadimlərinin şərəflə davam etdiyi yol qırılmamalı, uğurla Milli kinomuzun inkişafı naminə davam etməlidir!
Bir daha Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına müraciət edib səylərimizi, təşkilatlarımızı birləşdirmək naminə əməli fəaliyyətə keçməyə çağırırıq!"
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0