Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Rusiya ticarət dövriyyəsi: İdxal və ixracda kəskin yüksəlişi nəyə borcluyuq?

© Sputnik / Murad OrujovSamur köroüsündə yük maşını
Samur köroüsündə yük maşını - Sputnik Azərbaycan, 1920, 25.07.2023
Abunə olmaq
Bu ilin ilk yarısında Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub. Ekspertlər ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasını real hesab edirlər.
BAKI, 25 iyul — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artım qeydə alınıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 164 milyon 562 min dollar təşkil edib. Bu göstərici 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 37,6 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,27 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycana ən çox Rusiyadan mallar gətirilib
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə olunub. Belə ki, bu ilin 6 ayında Rusiyadan ölkəmizə 1 milyard 543 milyon 428 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 30,5 faiz çox deməkdir. Bu ilin 6 ayında Azərbaycanın ümumi idxalının 18,83 faizi Rusiyanın payına düşüb.
Azərbaycandan Rusiyaya ixrac kəskin artıb
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilib. Cari ilin 6 ayında Azərbaycanın Rusiyaya ixracı 621 milyon 134 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 59,1 faiz artım deməkdir. Ölkəmizin ümumi ixracının 3,46 faizi Rusiyanın payına düşüb.
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 5 mlrd dollara çatacaq?
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib.
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik", - A.Overçuk bildirib.
Ekspertlər də ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasını real hesab edir
Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yaxın dövr üçün Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması realdır və bunun üçün potensial var. Son illər Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracatında da əməkdaşlığın gücləndiyini müşahidə edirik. Artıq ardıcıl olaraq son illər Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı olaraq qalmaqdadır. Azərbaycanın qeyri-neft ixracatının üçdə biri Rusiya bazarına yönəlib. Rusiya bazarına xüsusən ixrac imkanlarımız da genişlənir. Ona görə də Rusiyadan yalnız idxalı deyil, həm də Rusiyaya ixracı artırmaqla ticarət dövriyyəsinin yüksəlməsinə nail ola bilərik.
İqtisadçı-ekspert Xalid Kərimli də deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var: "Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin getdikcə məhdudlaşdırılması Rusiyanın digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac imkanlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur".
Keçən il də ticarət dövriyyəsi artıb
Onu da xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0