Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kredit faizləri artacaq? Deputat Mərkəzi Bankın qərarını şərh edib

© Sputnik / Murad OrujovPul sayan adam, arxiv
Pul sayan adam, arxiv - Sputnik Azərbaycan, 1920, 24.07.2023
Abunə olmaq
Vüqar Bayramov bildirib ki, kredit bazarına təsir edəcək digər alətlərdən daha fəal istifadəyə ehtiyac var.
BAKI, 24 iyul — Sputnik. Mərkəzi Bank pul siyasətinə dəyişikliklər edərək məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, millət vəkili Vüqar Bayramov Mərkəzi Bankın son qərarının kredit faizlərinə necə təsir edəcəyini şərh edib.
Deputat bildirib ki, məcburi ehtiyat normalarının diferensiallaşdırılması Mərkəzi Bankın yeni sədrinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ilk görüşü zamanı müzakirə edilən məsələlərdən idi. Bazel 4 prinsipi pul siyasətində differensial və ya selektiv yanaşmanı tövsiyyə edir.
"Yeni qaydalara əsasən milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunacaq. Bu məbləğlərdən az olan öhdəliklər üzrə isə uyğun olaraq 5% və 6% səviyyəsində saxlanılır. Praktik olaraq, son normalar Mərkəzi Bankın 9 yanvar 2023-cü il qərarında nəzərdə tutulanlardan fərqlənmir. Həmin qərarla da diferensial normalar müəyyənləşib" - Bayramov bildirib.
Deputatın sözlərinə görə, sonuncu qərarla həmçinin Mərkəzi Bank faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək məqsədilə sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limiti gələn ayın 15-dən etibarən ləğv edir. Mərkəzi Bank bu addımı banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi ilə izah edir. Onun sözlərinə görə, Mərkəzi Bankın son qərarının kredit faizlərinə xüsusi təsir edəcəyi gözlənilmir. Belə ki, diferensial normalar praktik olaraq dəyişdirilmir və günlük limitin ləğvi isə daha çox likvidliyin idarə edilməsi ilə bağlıdır. Mərkəzi Bankın uçot dərəcəsinin banklararası bazarda əməliyyatlara təsiri olsa da, onun kredit faizlərinə xüsusi təsiri hiss olunmur. Bu baxımdan da, kredit bazarına təsir edəcək digər alətlərdən daha fəal istifadəyə ehtiyac var.
Qeyd edək ki, ölkəmizdə pul siyasətinin transmissiyasında faiz kanalının rolunun yüksəldilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla bağlı pul siyasətinin əməliyyat çərçivəsində müəyyən dəyişikliklər edilib. Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyllərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılması zərurəti yaranıb. Bu məqsədlə aparılan təhlillər göstərib ki, məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradır.
Təhlillərin nəticələri əsasında qərara alınıb ki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin 1 milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə 750 milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10 faiz və 12 faiz səviyyəsində müəyyən olunsun.
Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği 1 milyard manatdan, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği 750 milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 5 faiz və 6 faiz səviyyəsində saxlanılıb.
Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb. Qərara alınıb ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.
"Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb. Mərkəzi Bankın qiymətləndirmələrinə görə, məcburi ehtiyatların diferensiallaşma qaydasına və normalarına edilən son dəyişikliklər bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmi 0,03-04 faiz intervalında artırıcı təsir göstərir.
Faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək üçün sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin 15 avqust 2023-cü il tarixindən ləğv edilməsinə qərar verilib. Xatırladaq ki, sterilizasiya yönümlü daimi imkanlar aləti üzrə günlük limit əsasən banklararası bazarda əməliyyatları aktivləşdirmək məqsədilə tətbiq edilirdi.
Son aylarda banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin ləğvinə şərait yaradıb. Bununla da daimi imkan aləti öz klassik funksiyasını yerinə yetirməyə başlayacaq ki, bu da banklararası pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmasına şərait yaratmalıdır.
Bu dəyişikliklər ortamüddətli dövrdə inflyasiya proseslərinin faizlər vasitəsilə daha effektiv idarə edilməsinə xidmət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0