SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Separatçılar 35 il əvvələ qaytımaq istəyir - Rəsmi Bakının cavabı nə olacaq?

© Sputnik / Mediabanka keçidxankəndi
xankəndi - Sputnik Azərbaycan, 1920, 21.07.2023
Abunə olmaq
Azərbaycanın dünəndən başlayaraq hərbi təlimlər keçirməsi Ermənistana və onun ikiüzlü siyasətinə dəstək olanlara ismarıc kimi qiymətləndirilməlidir.
BAKI, 21 iyul — Sputnik. Xankəndidəki separatçılar günü-gündən ağırlaşan vəziyyətdən çıxmaq üçün ultimatum yolunu seçiblər. Bu təhlükəli seçim separatçıların hər yerdən əllərinin üzüldüyünü göstərir. Ermənistan və separatçılar Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentini fəaliyyətsizlikdə ittiham edirlər. Amma separatçıları kimsə ciddi qəbul etmək fikrində deyil. Hadisələrin bu cür inkişafı Ermənistan ictimai-siaysi məkanında xaosa səbəb olub.
Sputnik Azərbaycan separatçıların ultimatumları fonunda rəsmi Bakının hansı addımları ata biləcəyi ilə bağlı Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Orucun və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Zahid Oruc bildirib ki, Qarabağda yaşayan hər bir şəxs separatçı və düşmən kimi qəbul edilmir: "Onlar bizim üçün vətəndaşdırlar. Azərbaycan reinteqrasiya üçün müxtəlif addımları atacaq, ancaq Arayik Arutyunyan kimi separatizmə rəhbərlik edənlər üçün konkret istinadlar var. Bir çoxlarının separatçı fəaliyyətlərinə görə amnistiya məsələlərinə baxıla bilər, ancaq burada söhbət Arayik Arutyunyan və digərləri kimi müharibə cinayətləri törətmiş şəxlərdən getmir".
Millət vəkili xatırladıb ki, bu gün separatçılar Xankəndinin blokadası iddiaları ilə çıxış edirlər, ancaq bu məsələnin məğzi uzun illər bölgədə separatizmin maliyyə mənbəyi olmuş faydalı qazıntıların istimarına etirazlar, ekoloji terrorun törədilməsinin qarşısının alınmasıdır:
"Bu gün Azərbaycan hərbi güc deyil, yumşaq güc elementlərin istifadə edir və bunun müqabilində onlar çadır rejimi qurublar. Bütün bunlar başa düşüləndir".
Millət vəkili Kosova modelinə diqqət çəkib və bildirib ki, bir vaxtlar ABŞ-ın Dövlət katibi olmuş Kandaliza Rays Kosova üçün sağqalma, xilasolma məfhumunu gündəmə gətirdi:
"Beynəlxalq hüquqda buna ekzistensialist təhlükə deyilir. Əgər bir xalqın varlığına, mövcudluğuna təhlükə olarsa, beynəlxalq birlik tərəfindən tanına bilərsən. Amma Azərbaycan dövləti heç vaxt bunun üçün zəmin yaratmayıb. Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə mülki infrastrukturu və vətəndaşları hədəf almadı, ancaq bunun əksi ilə üzləşdi. Mən bunu deyərkən Ermənistan tərəfinin hərbi əməliyatlar zonasından uzaqda yerləşən Gəncəyə, Bərdəyə, Mingəçevirə raketlərlə zərbələr endirməsini nəzərdə tuturam. İndi özünü Xankəndindəki ermənilərin təmsilçisi kimi təqdim edən separatçılar mövcud olmaq təhlükəsi qarısında qaldıqlarını göstərmək üçün hekayə quraşdırmağa çalışırlar".
Z.Oruc bildirib ki, onlar dünya ictimaiyyətinə təqdim etmək istəyirlər ki, Azərbaycan onlar üçün bütün nəfəslikləri guya bağlayıb: "Halbuki Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də dedi ki, Ağdam istiqaməti ilə hərəkət etməklə humanitar fəaliyyətlərin icrası mümkündür. Laçın yolu məfhumu sadəcə ermənilər üçün nəzərdə tutulmayıb, belə bir anlayış yoxdur. Bu baxımdan erməni separatçılarının çadır aksiyaları bizə 35 il əvvəlki vəziyyəti xatırladır. O zaman da münaqişənin qığılcımları belə sosial-humanitar mövzularla başlamışdı. Azərbaycan bundan da humanist yollar təklif edir və mövcud vəziyyətin dəyişməsini istəyir".
Deputat qeyd edib ki, Azərbaycan onun qanunlarını qəbul edən, düşmənçilik güdməyən ermənilərlə reinteqrasiya prosesini həyata keçirməkdə qərarlıdır:
"Azərbaycan istəyir ki, öz suveren ərazilərindəki qanunsuz silahlılar o əraziləri təcili şəkildə tərk etsin, separatçı "rəhbər"lər öz "vəzifə"lərini buraxsınlar. Azərbaycan tərəfində reinteqrasiya prosesi ilə bağlı konkret konsepsiya mövcuddur. Bu baxımdan, məsələni beynəlxalq birlik qarşısında ultimativ şəkildə təqdim etməkdə məqsəd bölgədə Fransanın proqramını həyata keçirməkdir. Xankəndi, Xocalı və Xocavənddə yaşayan, hələ rəsmiləşməmiş vətəndaşlarımızın sosial, iqtisadi səfalətdə yaşatmaq kimi dövlət proqramımız yoxdur. Bu baxımdan bütün bu ultimativ çıxışlar heç bir siyasi nəticə doğurmayacaq".
Politoloq Elşən Manafov isə deyib ki, separatçıların bütün addımlarına qarşı rəsmi Bakının cavabı Azərbaycan Respublikası qanunlarına və beynəlxalq hüquq normalarına istinadən veriləcək:
"Azərbaycan artıq Ermənistana da, Qarabağdakı separatçı rejimə də problemlərin aradan qaldırılması üçün şərtlərini irəli sürüb. Qarabağdakı etnik ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Təbii ki, bu prosesin qarşısını almaq üçün qondarma rejimin siyasətinə havadarlıq edən Qərbdəki bəlli dairələr erməni icmasını yönləndirir və guya ki Azərbaycan tərəfindən təzyiqlərin artması ilə bağlı şikayətlərini artırmağı tövsiyyə edirlər".
Politoloqun sözlərinə görə, Azərbaycan Laçın dəhlizində müvafiq tədbirlər görsə də, beynəlxalq birliyə bölgədə humanitar fəlakətin olması ilə bağlı yalan məlumatlar ötürülür: "Qarabağdakı separatçı rejim Ermənistan iqtidarı ilə əlbirdir. Bu baxımdan Ermənistan Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla bağlı açıqlaması ilə yanaşı, regiondakı vəziyyəti humanitar fəlakət kimi təqdim etməsi siyasi riyakarlıqdır. Bu şəraitdə Azərbaycanın dünəndən başlayaraq hərbi təlimlər keçirməsi Ermənistana və onun ikiüzlü siyasətinə dəstək olanlara ismarıc kimi qiymətləndirilməlidir".
Politoloq bildirib ki, vəziyyət Azərbaycan tərəfinin Rusiya sülhmərmalıları ilə aparıcığı işdən kifayət qədər asılı olacaq:
"Sülhmərmalıların missiyası bölgədə yenidən hərbi əməliyyatların baş verməsinə yol verməməkdir. Azərbaycan Rusiya sülhməramlı qüvvələrindən üzərinə götürdüyü öhdəliyi, yəni qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməsini gözləyir. Ermənistan iddia edir ki, həmin ərazilərdəki qoşunlar ona aid deyil. Bu istiqamətdə addımlar atılmasa, Qərbdəki dairələr tərəfindən belə fikir ortaya atılacaq ki, Rusiya Azərbaycanın yanında yer almaqla Qarabağda etnik təmizləmə siyasətinin aparılmasına rəvac verir. Rusiyanın da bu məsələdə tərəddüd etməsi Ermənistan hakimiyyətinə və Qərbdəki havadarlarına Rusiyanı Moskva bəyannaməsinə əməl etməməkdə ittiham etməyə əsas verir".
Manafovun fikrincə, bu gün bölgədə bilərəkdən anti-Rusiya ovqatı yaradırlar. Bu isə Qərbin məqsədlərinə xidmət edir. Odur ki, Rusiya ilə koordinasiya edilmiş siyasət aparılmalıdır. Qarabağdakı vəziyyətin bu şəkildə davam etməsi ölkəmizə anti-terror əməliyyatları keçirməsinə imkan verəcək.
"Yenə də Rusiyadan fərqli olaraq ABŞ Azərbaycan iqtidarını Qarabağdakı separatçı rejimlə birbaşa danışıqlara getməyə sövq edir ki, bununla da Azərbaycanı dilemma qarşısında qoymaq istəyir. Çünki Azərbaycan özünü Qarabağdakı erməni icmasının təmsilçisi kimi təqdim edən separatçıları interpol xətti ilə axtarışa verib və onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Belə olan şəraitdə ABŞ-ın təkliflərinin bölgədə sülhə, sabitliyə töhfə vermək istəməsi sual altına düşür. Buna baxmayaraq Azərbaycan Qarabağdakı erməni icmasının cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təkliflərini gücləndirilə bilər. Onlar da qəbul etməlidir ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmaqdan başqa çıxış yolları yoxdur. Mənə elə gəlir ki, Azərbaycanın buna nail olmaq üçün kifayət qədər yolları var", - E.Manafov əlavə edib.
Xatırladaq ki, Qarabağdakı separatçı rejimin qondarma “parlamenti” 21 iyulda "növbədənkənar" iclas keçirib. İclasda Qarabağdakı hadisələrə "təsir edəcək" ciddi qərarların qəbul olunduğu iddia edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0