CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabahdan Məhərrəm ayı başlayır

© Sputnik / Murad Orujovnamaz
namaz - Sputnik Azərbaycan, 1920, 18.07.2023
Abunə olmaq
Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.
BAKI, 18 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlaması ilə bağlı müraciət edib.
QMİ-dən verilən məlumata görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir:
"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir".
"Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaradıblar", - deyə müraciətdə qeyd olunub.
QMİ-nin qeydinə görə, Azərbaycan müsəlmanları şükür edirlər ki, bu ilki Məhərrəm ayı Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəminə təsadüf edir:
"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş ərazilərimizdə yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimiz və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!".
"Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək," - deyə müraciətdə qeyd olunub.
Qazılar Şurası dindarlarımıza xatırladıb ki, Məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Qurum yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR "Dini etiqad azadlığı haqqında" Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər:
"Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər".
QMİ qeyd edib ki, Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur.
"Peyğəmbərımız Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, bütün xalqımıza dəyanət və səadət diləyirik" - müraciətdə bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0