Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bir balın güdazına gedən müəllimlərə qarşı ədalətsizliyi necə bərpa etməli?

© Photo : REPORTMüəllimlərin imtahanı
Müəllimlərin imtahanı - Sputnik Azərbaycan, 1920, 17.07.2023
Abunə olmaq
Sertifikasiya imtahanında 50 bal toplayan müəllimlər əmək haqqı artımı faizindən narazıdır.
BAKI, 17 iyul — Sputnik. "50 bal toplamış müəllimin 35 faizlik əməkhaqqı artımından yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil".
Bunu millət vəkili Vüqar Bayramov deyib. Deputat bildirib ki, sertifikasiya imtahanları ilə bağlı onlara ünvanlanan yüzlərlə müraciətlərin bir qismi 50 bal toplamış müəllimlərin əməkhaqqı artımları ilə bağlıdır.
"Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllim, 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqun əməkhaqqı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqı 35 faiz artmır? Əslində, 50 bal toplamış müəllimin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil" - deyə deputat bildirib.
Onun sözlərinə görə, əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür:
"Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin. Ona görə də, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlərimiz üçün yeni differensial əmək haqqı artımları ilə bağlı təklifimizi Elm və təhsil nazirinə təqdim etmişik. Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğunu və təkliflərimizə diqqətlə yanaşdıqlarını nəzərə alaraq inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq".
Qeyd edək ki, sertifikasiya imtahanın test mərhələsində 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq olunur.
İki artım faizi doğru yanaşma deyil
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda sertifikasiyadan keçən müəllimlərə tətbiq edilən əmək haqqı artımı faizi ədalətli deyil, 10 faizlə 35 faiz artım arasında ciddi fərq var.
"Sertifikasiya imtahanında 50 bal toplayanla 30 bal toplayana eyni əməkhaqqı tətbiq etmək düzgün deyil. Mən də hesab edirəm ki, bu cür yanaşma ədalətli deyil, bu qayda dəyişilməlidir. Elm və Təhsil Nazirliyi sertifikasiyanın tətbiqindən sonra qaydalarda doqquz dəfə dəyişikliklər edib. Düşünürəm ki, bu qayda da dəyişməlidir. 30 baldan-40 baladək toplayanların əməkhaqqı 10 faiz, 40 baldan- 50 baladək toplayanların əməkhaqqı 20 faiz artırılmalıdır. İki artım faizi doğru yanaşma deyil. Bu, müəllimlərin sosial vəziyyətinə o qədər də təsir etməyəcək. Balı 51-dən yuxarı olanlara daha yüksək əməkhaqqı verilməlidir. Bu, müəllimlərin öz üzərlərində daha çox işləməsinə gətirib çıxardacaq" - ekspert vurğulayıb.
"Təhsil haqqında" qanunun yeni tələbləri
Xatırladaq ki, "Təhsil haqqında" qanuna edilən son dəyişiklikdə sertifikasiya ilə bağlı bir sıra qaydalar dəyişib. Dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçməyəcəkləri müddət azaldılaraq 5 ildən 3 ilə endirilib. Başqa bir dəyişikliyə görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olub.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Məlumat üçün bildirək ki, Azəbaycanda müəllimlərin sertifikasiyası 2022-ci ildə keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0