ELM

Ekspertdən təklif: Pulla elmi dərəcə satan Ali Attestasiya Komissiyası ləğv olunmalıdır

manat - Sputnik Azərbaycan, 1920, 16.07.2023
Abunə olmaq
İlqar Orucov universitetlərdə müdafiə şuralarının yaradılmasını və elmi adların verilməsinə Elm və Təhsil Nazirliyinin nəzarət etməsini təklif edib.
BAKI, 16 iyul - Sputnik. "Elmi dərəcələri satılması "Azərbaycanda elmi əxlaq prinsiplərinin ayaq altına atıldığını göstərir. Bu Komissiya hələ də ölkənin birinci şəxsinin yanında olmaq məsuliyyətini dərk edə bilməyib".
Bunu "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası üzvünün işlədiyi qurumun imkanlarından istifadə edərək pulla elmi dərəcələr satmasına münasibət bildirərkən söyləyib. O, deyib ki, bu hadisə elmi adların verilməsində saxtakarlıqları yenidən gündəmə gətirib.
O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına zamanında çox nüfuzlu şəxslər rəhbərlik edib. Azad Mirzəcanzadə, Arif Mehdiyev kimi görkəmli alimlər, akademiklər bu qurumda rəhbər vəzifələrdə işləyiblər. Onlar bu cür qanunsuzluqların olmasına imkan vermirdilər. Bu iki nəhəng şəxsiyyətdən sonra Ali Attestasiya Komissiyası bu qədər çirkaba bulaşıb.
"Arif Mehdiyevdən sonra bu qurumda Vəli Hüseynov sədr oldu. Biz o vaxt Ali Attestasiya Komissiyasında baş verən qanunsuzluqlar barədə çox açıqlamalar verdik. Orada əməlli-başlı bazar açılmışdı. Cənab prezident tərəfindən həmin şəxs işdən azad edildi. Ali Attestasiya Komissiyasına Famil Musayev təyin edilərkən bizim böyük ümidlərimuz vardı. İnanırdıq ki, orada şəffaf mühit olacaq. Amma bu qurum qapalıdır. Əgər şəffaf fəaliyyət göstərirsə, ictimaiyyətə açıq olmalıdır. Hələ ki, biz Ali Attestasiya Komissiyasından bunu görmürük. Biz ancaq bu qurumun bülletenlərini görürük. Hərdən açıqlama verilir ki, müəyyən sayda şəxsə elmi ad verilməsindən imtina olundu. Amma onların kim olduğu açıqlanmır. Halbuki adları ictimaiyyətə açıqlanmalıdır ki, hamı kimin, hansı məmurun plagiatlıqla məşğul olduğunu bilsin. Bu, elmi əxlaqsızlıqdır. Təəssüf ki, Ali Attestasiya Komissiyasının sədri özünü fövqəladə şəxs kimi aparır. Halbuki, ictimaiyyətə açıq olmalıdır".
Qeyd edək ki, Ali Attestasiya Komissiyası elmi dərəcələri satan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi xəbərlərinə münasibət bildirib.
Sputnik Azərbaycan-a Komissiyadan verilən məlumatda bildirilir ki, qurumun nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir.
Ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir. Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib.
Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.
"Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tartixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib.
Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcəkdir", - deyə məlumatda qeyd olunub.
İ.Orucov isə deyir ki, Ali Attestasiya Komissiyası bu işdə yaxasını kənara çəkə bilməz. Elmi adı satan şəxs birbaşa Komissiyanın əməkdaşı olmasa da, onların formalaşdırdığı Ekspert Şurasının üzvüdür:
"Bu şəxs Şuranın elmi katibidir, göydən düşməyib. Bunu gizlətmək olmaz. Ekspert şuraları Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə təsdiqlənir. Bu bir nəfərin törətdiyi əməl olsa da, Şura onu üzv qəbul edib. Müdafiə şuralarına əxlaqı təmiz insanlar salınmalıdır. Çünki, Azərbaycanda alim cameəsi elə böyük deyil. Hamısının şəxsi keyfiyyətləri məlumdur. Ona görə də universitetlərdə müdafiə şuraları yaradılmalıdır".
Ekspert elmi adların verilməsinə Elm və Təhsil Nazirliyinin nəzarət etməsini də təklif edib.
İ.Orucov Ali Attestasiya Komissiyasının ləğvinin vaxtı çatdığını söyləyib. Bildirib ki, müdafiə şuralarını BDU, UNEC və ADA kimi universitetlərdə yaratmaq mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0