CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

QMİ sədri Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanladı

© Sputnik / Murad OrujovAllahşükür Paşazadə
Allahşükür Paşazadə - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Biz yaxşı bilirik ki, bu kimi anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin sizə etdiyi müraciətlər və obyektiv olmayan, həqiqətdən uzaq məlumatlara əsasən qəbul edilir.
BAKI, 12 iyul — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurası Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etməsilə əlaqədar etiraz məktubu ünvanlayıb.
Qurumdan daxil olan məktubda deyilir:
"O bir olan Uca Yaradanın adı ilə!
Təəssüflə qeyd etməliyik ki, 2022-ci ilin 31 avqust – 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının 11-ci Asambleyasında olduğu kimi, ÜKŞ yenidən Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul etmişdir. Biz yaxşı bilirik ki, bu kimi anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin sizə etdiyi müraciətlər və obyektiv olmayan, həqiqətdən uzaq məlumatlara əsasən qəbul edilir. Belə qənaətə gəlmək olar ki, 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etməməsi haqqında o vaxtki mövqeyindən fərqli olaraq, ÜKŞ hazırda birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, ÜKŞ son dövrlərdə dünyada cərəyan edən siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna xələl gətirir. Düşünürük ki, müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə Kilsə adını daşıyan Təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir.
Beynəlxalq aləmə yaxşı məlumdur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın əsassız ərazi iddiaları əsasında başlamış və dünya birliyi tərəfindən tanınmış ərazilərimizin 20%-i 30 ilə yaxın müddətdə işğal altında qalmışdır. Qonşu ölkənin təcavüzü, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün məşəqqətini yaşamışdır. Azərbaycan xalqı və müzəffər Ordusu 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad etdi. Yalnız bundan sonra bütün dünya ermənilər tərəfindən Qarabağda on illər boyu törədilən dəhşətli vandalizm əməllərinin ağlasığmaz miqyasının şahidi oldu.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılmış, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilmiş, 2 məscid tövləyə çevrilmiş, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Azərbaycanın bir vaxtlar inkişaf etmiş inzibati mərkəzləri, şəhər və qəsəbələri, kəndləri inanılmaz bir qəddarlıqla tamamilə dağıdılmış, işğal edilmiş ərazilərimizdə "yandırılmış torpaq" siyasəti həyata keçirilmişdir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra bölgəyə səfər edən çoxsaylı xarici müşahidəçilər bu ürəkdağlayan mənzərədən heyrətə gələrək gördükləri yerləri "ruhlar şəhəri" və "Azərbaycanın Xirosiması" adlandırmışlar.
On illər boyu Ermənistanın hazırkı ərazisindəki Azərbaycana məxsus tarixi-mədəni və dini abidələr, o cümlədən İrəvanda "Şah Abbas", "Sərdar", "Hacı Novruz Əli" və digər qədim məscidlərimiz tamamilə dağıdılmış, yeganə salamat qalan Göy məscidin isə orada guya "baş verən" yanğından sonra memarlıq xüsusiyyətləri dəyişdirilmişdir. Ermənistanda və Azərbaycanın tarixi ərazisi olan Qarabağda müsəlman məscidlərinin dağıdılması ilə kifayətlənməyən erməni işğalçıları Şuşadakı "Vəftizçi Yəhya" pravoslav kilsəsini, digər bölgələrdəki qədim Qafqaz Albaniyasına məxsus kilsələri saxtalaşdıraraq qriqorianlaşdırmış, Xocavənd pravoslav kilsəsini isə tamamilə məhv etmişdir. Halbuki Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və digər bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməniəsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən qorunur.
Xüsusilə nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanın 86,6 min kv. km. təşkil edən ərazisində "Artsax" adlı inzibati vahid yoxdur və bunu dünya birliyi ilə yanaşı, Ermənistanın Baş naziri N.Paşinyan da rəsmən etiraf etmişdir. Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunda cari ilin əvvəllərində ölkəmizin təbii sərvətlərinin talan edilməsinə, ekologiyasının çirkləndirilməsinə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr tarixli bəyanatından sonra işğaldan azad olunmuş ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların və hərbi sursatın daşınması faktlarına qarşı ekofəalların dinc xarakterli haqlı etiraz mitinqləri olmuşdur.
Həmin dövrdə və bu gün də humanitar məqsədli gediş-gəlişə və mülki malların daşınmasına heç bir məhdudiyyət yoxdur. Birmənalı şəkildə bildiririk ki, erməni kilsəsi və onun havadarları tərəfindən yayılan və həqiqətə uyğun olmayan məlumatlar, Qarabağda guya humanitar böhranın və "etnik təmizləmə siyasəti"nin yaşandığı barədə iddialar böhtan xarakteri daşıyır və qanunsuz erməni hərbi qruplaşmalarının Azərbaycanın ərazisində təxribatçı terror fəaliyyətlərini ört-basdır etməyə hesablanmışdır. İşğaldan azad olunmuş ərazilərimizdə yüzlərlə dinc sakinimiz bu gün də ermənilər tərəfindən qoyulmuş minalara düşərək öz həyatını itirir, əlil olur, erməni kilsəsi isə dini kürsüdən istifadə edərək yenidən müharibə ritorikası ilə çıxışlar edir və revanşizmi dəstəkləyir.
Bu məktubumuzla rəhbərlik etdiyiniz Təşkilatı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırırıq. Çünki Vahid Yaradana və Haqqa xidmət edən din xadimləri, dini təşkilatlar, xüsusilə dini liderlər münaqişəyə və qarşıdurmaya deyil, humanizm ideyalarına, sülhə, birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər. İncildə İsa əleyhisalamın da buyurduğu kimi: "Sülhpərvərlər nə bəxtiyardırlar! Çünki onlara Allahın oğulları deyiləcək" (Matta, 5:9)."
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0