CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezidentin tənqid etdiyi nazir Söyüdlüdəki vəziyyəti açıqladı

© Sputnik / Murad OrujovMuxtar Babayev
Muxtar Babayev - Sputnik Azərbaycan, 1920, 12.07.2023
Abunə olmaq
Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, Ekologiya və təbii sərvətlər naziri bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub.
BAKI, 12 iyul — Sputnik. Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparıla hava keyfiyyətinin nəticələrinə görə havada təhlükəli maddələrin normadan artıq olmaması məlum olub. Yəni hər şey norma daxilindədir.
Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub:
"Müayinədən imtina edənlər də oldu. Xəstəxana şəraitində yoxlanılan da var idi".
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən ekoloji fəlakətə münasibət bildirib.
O, Söyüdlüdə baş verənlərlə bağlı dövlət qurumları və xarici şirkətlərə sərt təpki verib.
"İnsanlar Gədəbəydə haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olmayıb", - Prezident deyib.
İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyini də səhlənkarlıqda günahlandırıb:
"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib. İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".
Prezident Söyüdlü məsələsində ETSN-in xarici şirkətlə sövləşmiş ola biləcəyinə də eyham vurub:
"Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?!"
İlham Əliyev gedib camaatla danışmaq, torpağın, havanın nümunələrini götürmək, beynəlxalq ekspertləri cəlb etmək barədə tapşırıq verdiyini, lakin Nazirlər Kabineti və ETSN-in indiyədək məsələyə başa düşülən cavab vermədiyini də diqqətə çatdırıb:
"Çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın. Onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib - Sputnik Azərbaycan, 1920, 11.07.2023
SİYASƏT
Nazirlər Kabineti və ETSN Söyüdlüdə baş verənləri malalamaq istəyir - İlham Əliyev
Xəbər lenti
0