Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənistan ərazimizi Qarabağ və anklav kəndlərimiz daxil olmaqla tanıyıb - Prezident

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilib - Sputnik Azərbaycan, 1920, 11.07.2023
Abunə olmaq
Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər.
BAKI, 11 iyul - Sputnik. "Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər". Azərtac xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.
Belə imkanların olduğunu hesab etdiyini vurğulayan dövlətimizin başçısı deyib:
“Son danışıqlar raundları və bir neçə gündən sonra nəzərdə tutulan yüksək səviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük”.
Dövlətimizin başçısı deyib ki, ancaq hər şey bizdən asılı deyil, qarşı tərəf də buna hazır olmalıdır və sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə də keçirməlidir.
Daha sonra dövlətimizin başçısı bildirib ki, son müsbət məqamlardan biri odur ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkət var.

“Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb”, - deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın.

Prezident qeyd edib ki, bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər:
"Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz".

“Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0