Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirin savadsız müəllimlərlə bağlı iradına cavab verildi

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 08.07.2023
Abunə olmaq
Qızxanım Qəhrəmanova deyib ki, artıq üç ildir ki, kolleclərdə ibtidai sinif müəllimi hazırlığı dayandırılıb.
BAKI, 8 iyul — Sputnik. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Elm və təhsil naziri Emin Əmrullayevin ibtidai sinif müəllimlərinin bilik səviyyəsinin aşağı olması ilə bağlı fikrinə münasibət bildirib. Müəssisənin İbtidai təhsil fakültəsinin dekanı Qızxanım Qəhrəmanova Sputnik Azərbaycan-a bildirib ki, bu göstəricilər ibtidai sinif üzrə subbakalavrların nəticəsidir. Onun sözlərinə görə, ibtidai sinif üzrə bakalavr təhsili alan müəllimlər Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində yüksək nəticələr əldə edirlər.
Nazirdən ibtidai sinif müəllimlərinə irad
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı bildirib ki, 2023-cü ildə ibtidai sinif üzrə sertifikasiya imtahanı üzrə müəllimlərin 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb. Emin Əmrullayev onu da vurğulayıb ki, sertifikasiya imtahanında iştirak edən ibtidai sinif müəllimlərinin 53 faizi orta ixtisas, 47 faizi isə ali təhsilli olub: "İmtahan verən orta ixtisas təhsilli müəllimlərin orta balı 37, ali təhsillilərin isə 41 olub. 0-29 bal toplayanlardan 38 faizi orta ixtisas təhsilli, 20 faizi isə ali təhsilli olub".
"Bu subbakalavrların nəticəsidir"
İbtidai təhsil fakültəsinin dekanı Qızxanım Qəhrəmanova deyib ki, əvvəllər ibtidai sinif hazırlığı subbakalavr pilləsində aparılsa da, artıq üç ildir ki, kolleclərdə ibtidai sinif müəllimi hazırlığı dayandırılıb.
Q.Qəhrəmanova bildirib ki, kolleclərdə ibtidai sinif müəllimi hazırlığı aparılarkən müxtəlif yollarla, eləcə də çox aşağı balla bu ixtisasa yiyələnmək mümkün olub.
"Pedaqoji kolleclərdə təhsilə diplom kimi yanaşılırdı. Bu da bilik səviyyəsi aşağı olan abituriyentlərin bu sahəyə yönəlməsinə səbəb olurdu. İndi sertifikasiya imtahanlarında aşağı nəticə göstərən ibtidai sinif müəllimləri də məhz həmin subbakalavr təhsili alanlardır", - deyə dekan bildirib.
Q.Qəhrəmanova onu da vurğulayıb ki, ibtidai sinif müəllimləri ilə bağlı nazirin səsləndirdiyi irad haqlıdır. Çünki, ibtidai sinifdə şagirdlərin təməli qoyulur. Bu təməl savadlı müəllimlər tərəfindən qoyulmalıdır ki, yuxarı siniflərdə şagirdlər savadlı olsun!
İndi 500-560 bal toplayanlar ibtidai sinif müəllimliyinə qəbul olur?
İnstitut dekanı Emin Əmrullayevin pedaqoji təhsili hər zaman diqqətdə saxladığını da söyləyib. Bildirib ki, ibtidai sinif müəllimi ixtisasına qəbula dırnaqarası baxmaq olmaz: "Əvvəllər buraxılış imtahanlarında aşağı bal toplayanlar ibtidai sinif müəllimi ola bilirdi. Amma bu gün ibtidai sinif müəllimi ixtisasına qəbula kifayət qədər ciddi yanaşılır. 400-500 bal toplayanlar ibtidai sinif müəllimi ixtisasına qəbul edilirlər. Ötən il 56- bal toplayanlar bu ixtisasa qəbul olublar. Ona görə də gələcəkdə ibtidai sinif müəllimləri ilə bağlı hazırki problem yaşanmayacaq".
Q. Qəhrəmanova APİ-nin ibtidai sinif müəllimi fakultəsinin məzunlarının MİQ imtahanlarında yüksək nəticə göstərdiyini söyləyib. Bildirib ki, ötən il institutun ibtidai sinif ixtisasına yiyələnən məzunları arasında 100 nəfər MİQ imtahanlarında ən yüksək nəticə ilə işə qəbul olublar.
Həmsöhbətimiz bildirib ki, müəllimlərin imtahanla işə qəbul olunması, sertifikasiya imtahanları ibtidai sinif müəllimlərinin "ələkdən" keçməsinə səbəb olacaq.
"Müəllimlərin bilik və bacarıqları imtahanla yoxlanıldıqca savadlı müəllimlərlə, savadsızlar seçiləcək. Bu isə orta ümumtəhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq" deyə Q.Qəhrəmanova bildirib.
"Pedaqoji kolleclərdə müxtəlif yollarla qanunsuz qəbullar aparılıb"
Elm və təhsil nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, ibtidai sinif təməl sinif olduğundan ibtidai sinif müəllimlərinin savadlı olması vacib məsələdir.
"Hər birimiz təhsilin keyfiyyətli olmasının tərəfdarıyıq. Təhsilin keyfiyyətli olmasını şərtləndirən bir neçə amil var ki, müəllim hazırlığıdır. Məktəblərdə xeyli sayda öz fənnini bilə savadlı müəllimlər var. Amma zaman-zaman bu sahədə olan boşluqlardan istifadə edərək, məktəblərə savadsız müəllimlər də yol tapıb. Müəyyən dövrdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün kolleclərdə müxtəlif yollarla qəbul aparılıb. O vaxtlar Müəllimlər İnstitutu vardı. Bu instituta qəbul olanların sayı 100 nəfər idisə, buraxılış zamanı 500 nəfər məzun olurdu. Bu müxtəlif yolla qanunsuz köçürmələr hesabına həyata keçirilirdi. Hesab edirəm ki, bu gün sertifikasiya zamanı 20 bal toplayan ali savadlı ibtidai sinif müəllimləri müxtəlif institutlardan köçürmə yolu ilə təhsil alanlardır. Həmin şəxslərin çoxu hazırda məktəblərdə müəllim kimi çalışır. Zamanında kolleclərdə olan bu neqativ hallar bu gün sertifikasiya imtahanlarında üzə çıxır", - deyə Şura üzvü bildirib.
Yeganə yol sertifikasiya imtahanıdır!
İ.Orucov həmçinin qeyd edib ki, son illər ali və orta ixtisas təhsil müəssisələrinə qəbulun DİM tərəfindən həyata keçirilməsi bu arzuolunmaz halların qarşısını alıb.
O, bildirib ki, savadsız müəllimlərdən xilas olmağın yeganə yolu sertifikasiya imtahanlarının keçirilməsidir.
Məlumat üçün bildirək ki, sertifikasiya imtahanlarının birinci prosesi 2027-ci ildə yekunlaşacaq. Nazir deyib ki, 2022-2023-cü illərdə 38 min müəllim sertifikasiya imtahanında iştirak edib.
Xatırladaq ki, Emin Əmrullayev deyib ki, elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Onun sözlərinə görə, belə şəxslərin sayı çox olmasa da var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0