Tütün asılılığı bu xəstəlikləri yaradır

siqaret - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir.
BAKI, 7 iyul — Sputnik. "Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır".
Bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova deyib.
Onun sözlərinə görə, tütün istifadəsinin başda ağciyər olmaqla bütün orqanlara ciddi zərərləri var: "Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 6 saniyədən bir dünyada tütünçəkmə ilə bağlı xəstəliklər səbəbindən bir nəfər dünyasını dəyişir. Tütün istifadəsi bir sıra xəstəliklərin yaranma riskini artırır. Onkoloji xəstəliklər - tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, qantörədici sistemlərdə yüksək ehtimal ilə baş verə bilər. Tütünçəkmə ağciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbi hesab edilir. Ağciyər xərçəngindən ölən kişilərin 90%-də tütünçəkmə əsas amil sayılır. Aktiv tütün çəkənlərdə ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçəng xəstəliyinin yaranması riski artır. Ürək-damar xəstəlikləri: ateroskleroz, serebrovaskulyar xəstəliklər, həmçinin qarın aortasının anevrizmasının inkişafı ehtimalı var. Bundan əlavə, tənəffüs yolları xəstəliklərinin (ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxit, pnevmoniya) yaranması mümkündür. Eyni zamanda, tütün çəkən kişilərdə erektil disfunksiya inkişaf riski nisbətən çoxdur".
"Tütün çəkən insanlarda digər xəstəliklər (katarakta, mədənin peptik xorası, immun sisteminin zəifləməsi) müşahidə olunur, onların xarici görünüşü dəyişir. Belə ki, tütünçəkmə dişlərin və dırnaqların saralmasına, saçların tökülməsinə və qırışların yaranmasına gətirib çıxarır. Bəzən insanlar səhv olaraq bədən çəkisinə tütün çəkməklə nəzarət etməyi düşünürlər", - İ.Axundova vurğulayıb.
Xəbər lenti
0