Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Oxuyub-yazmağı bacarmayan şagirdlərin təhsil aldığı məktəblərin adları niyə gizlədilir?!

© Depositphotos.com / AlphaspiritŞagird
Şagird - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Dövlət İmtahan Mərkəzindən həmin məktəblərin adlarının regional təhsil idarələrinə göndərildiyini bildirsələr də, sözügedən qurumlar bunu təkzib edib.
BAKI, 7 iyul — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) yazıb-oxumaq bacarığı olmayan şagirdlərin təhsil aldığı məktəblərin adını ictimaiyyətə açıqlamaqdan imtina edib. DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a bu barədə məlumatları regional təhsil idarələrinə göndərdiyini bildirsə də, regional təhsil idarələri bunu təkzib edib.
Qeyd edək ki, söhbət DİM-in "Abituriyent" jurnalının 12-ci nömrəsində oxuyub-yazmağı bacarmayan şagirdlərlə bağlı açıqladığı məlumatdan gedir. Belə ki, 9-cu və 11-ci sinif şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub. Bu barədə "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib. Jurnalda bildirilir ki, 2022-ci ilin nəticələrinə görə, 9-cu sinif şagirdləri arasında 21 nəfər, 11-ci sinif şagirdləri arasında 2 nəfər oxuyub-yazmağı bacarmayıb.
Bu rayonlarda şagirdlər oxuyub-yazmağı bacarmır
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Masallı rayonunda 4 nəfər, Goranboy, Gədəbəy və Quba rayonlarının hərəsində 2 nəfər, Abşeron, Astara, Cəlilabad, Kəlbəcər, Lənkəran, Lerik, Saatlı, Xocalı, Yardımlı rayonlarının, Bakı, Mingəçevir şəhərlərinin hərəsində 1 nəfər. 11-ci sinif şagirdlərindən oxumağı və yazmağı bacarmayanlar isə Ağdam və Qobustan rayonlarından olub", - jurnalda qeyd olunub.
Oxuma-yazma bacarığı olmayan şagirdlərin hansı məktəblərdə təhsil aldığını araşdırmaq cəhdlərimiz isə uğursuz olub. Bu qiymətləndirməni həyata keçirən DİM-dən Sputnik Azərbaycan-a bildirdilər ki, məlumatlar regional təhsil idarələrinə göndərilib. Əlaqə saxladığımız regional təhsil idarələrindən isə onlarda belə məlumatın olmadığını bildirdilər. Gəncə Daşkəsən Regionsal Təhsil idarəsinin İctimaiyyətlə Əlaqələrə məsul şəxsi Raminə Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Goranboyda oxuyub-yazma bacarığı olmayan şagirdlər, onların təhsil aldıqları məktəblər barəsində detallı məlumat yoxdur. Çünki, DİM onlara ümumi məlumat göndərib.
9-11 il oxusalar da, yazıb-oxuya bilməyən şagirlər hansı məktəblərin məzunlarıdır?
Lənkəran-Astara Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələrə məsul şəxsi Alim Əliyev də Masallıda DİM-dən oxuyub-yazmaq bacarığı olmayan məktəblər barədə onlara məlumat daxil olmadığını bildirib.
DİM isə oxuyub-yazma bacarığı olmayan şagirdlərin hansı məktəbi təmsil etdiyini israrla ictimaiyyətə açıqlamayıb. Sadəcə onu bildirib ki, hər bir məktəbə onların şagirdlərinin göstəriciləri broşür-kitabçalar şəklində təqdim olunur. DİM bunu şagirdlərin konfidensiallığının saxlanılması ilə əlaqələndirir.
Amma məqsəd heç də oxuma-yazma bilməyən şagirdləri ictimaiyyətə tanıtmaq deyil, onlara 9-11 il ərzində oxuyub-yazmağı öyrədə bilməyən təhsil müəssisələrindən bunun səbəblərini öyrənmək idi. Amma aidiyyatı qurumlar göründüyü kimi problemi ictimailəşdirərək həll etməyə deyil, onları ört-basdır etməyə üstünlük verdi.
Lakin sual yenə də açıq qalır: oxuyub-yazmaq bacarığı olmayan şagirdlərin təhsil aldıqları məktəblərin rəhbərliyinə qarşı hansı addımlar atılacaq? Onlardan buna görə, izahat vermək tələb olunacaqmı? Aidiyyatı qurumlar onlarla bağlı hansısa tədbir görəcəkmi, yoxsa onları cəzadan xilas edəcək?
Haşiyə çıxaraq bildirək ki, bu gün Elm və təhsil naziri Emin Əmrullayev də cəmiyyəti savadsızlığa total reaksiya verməyə səsləyib. Deyib ki, bu problemi Nazirlik tək həll edə bilməz: "Burada cəmiyyətin məsələyə münasibətləri köklü şəkildə dəyişməlidir. Dəyişməsə təhsil prosesində də keyfiyyəti tam mənası ilə yüksəltmək mümkün olmayacaq".
Emin Əmrullayev onu da bildirib ki, üç rayonda ibtidai sinif müəllimlərinin yarıdan çoxu sertifikasiyada uğursuz olub.
Təhsilin idarə olunmasında boşluqlar var?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 9-11 il orta təhsil alıb oxuyub-yazmağı bacarmayan şagirdlərin nəticələrinə görə, müəllimlər də məsuliyyət daşıyır. DİM-in qiymətləndirməyə cəlb edilən şagirdlərin nəticələri orta məktəblərdə tədrisin keyfiyyətini əks etdirir. Oxuma-yazma bacarıqlarının olmaması çox ciddi və təhlükəli nəticədir. Məktəbdə tədris olunan bəzi proqramların unudulması normaldır. Çünki, şagirdlər sinifdən-sinfə keçəndə əvvəlki illərdə keçirilənləri unuda bilər. Amma oxuma-yazma bacarıqlarının olmaması çox ciddi problemdir.
K.Əsədovun fikrincə, yaranmış mənzərə həm də repetitorluqdan asılılığın nəticəsidir:
"Bu məsələlər üzərində ciddi düşünülməlidir. Bu, həm təhsilin idarə olunmasındakı boşluqlardan, həm də təhsilin qiymətləndirilməsindəki qeyri-obyektivlikdən xəbər verir. İldə bir dəfə DİM tərəfindən hər sinif üzrə monitorinq imtahanları keçirməlidir. Bu 3-cü sinifdən 11-ci sinfədək bütün məktəbləri əhatə etməlidir. Bu zaman müəllimlər də siniflərindəki şagirdlərin bilik səviyyəsinə görə narahatlıq keçirəcəklər. Diaqnostik imtahan və monitorinqlər şagirdlərin zəif tərəflərini üzə çıxartmağa imkan verir".
Ekspert əlavə edib ki, Azərbaycan dövləti təhsilə kifayət qədər yüksək vəsait ayırır, pulsuz təhsil və dərslik verən ilk ölkələrdəndir. Hətta Azərbaycan dövlətinin təhsilə ayırdığı vəsait bəzi ölkələrin dövlət büdcəsindən çoxdur. Bu halda nəticələrin aşağı olması təhsilin idarə olunmasında ciddi qüsurların olmasından qaynaqlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 06.07.2023
TƏHSİL
Emin Əmrullayev cəmiyyəti savadsızlığa total reaksiya verməyə çağırıb
Xəbər lenti
0