Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dərmanların qiymətlərinin tənzimlənməsi: Buna qısaca "bahalaşdırma" deyilir

© Photo : PxHereDərman
Dərman - Sputnik Azərbaycan, 1920, 07.07.2023
Abunə olmaq
Natiq Cəfərli deyib ki, dərmanların qiymətinin tənzimlənməsi bu bazarda inhisarçı şirkətlərin yaranmasına səbəb olub.
BAKI, 7 iyul — Sputnik. Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində yenilik olacaq. Belə ki, Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq. Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyulun 4-də keçirilən iclasında "Dərman vasitələri haqqında" Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Qanuna dəyişikliklərdə əsas məqsəd dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır.
Dərmanları Tarif Şurasının qoyduğu qiymətdən aşağı da satmaq olacaq
Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən danışan nazir müavini Qanuna dəyişikliklərin vətəndaşlar üçün əhəmiyyətli olduğunu bildirib:
"Mövcud qanunvericiliklə Tarif Şurası tənzimlədiyi qiymət konkret qiymət idi. Tənzimlənən qiymət onu aşağı və yuxarı həddini müəyyən etməyə imkan vermirdi. Yeni qanun layihəsinə əsasən, dərman vasitələrinin yuxarı həddi müəyyən edilib. Yəni, dərmanların qiymətini aşağı da salmaq mümkün olacaq. Bir sözlə, qanuna dəyişikliklərlə dərmanların çeşidləri artır, dərmanların qiymətinin aşağı həddə salınması sərbəstləşir. Çeşidin artması rəqabətin yüksəlməsinə səbəb olacaq və bu da qiymətlərdə ucuzlaşmaya gətirib çıxaracaq".
Nazir müavini deyib ki, insanları narahat edən suallardan biri Azərbaycanda dərmanların qiymətinin başqa ölkələrdən daha baha olmasıdır. R. İsmayılov bildirib ki, bu məsələdə bir neçə amilə diqqət yetirilməlidir.
"Yəni, fikir vermək lazımdır ki, müqayisə edilən dərman həmin ölkənin daxili, yoxsa idxal məhsuludur. İkinci amil isə ondan ibarətdir ki, hər hansı şirkət qiyməti sifarişin sayına uyğun olaraq tənzimləyir. Bu da iqtisadiyyatın qanunlarından biridir. Bir ədəd əmtəəni almaq 100 ədəd əmtəəni almaqdan daha baha başa gəlir. Bu baxımdan dərmanların qiymətlərini müqayisə etmək düzgün deyil", - deyə Rasim İsmayılov qeyd edib.
Nazir müavini əlavə edib ki, qiymətlə bağlı hər hansı konkret fakt olarsa, bunu araşdırmaq lazım gəlir. Məsələn, eyni molekulu olan dərmanın qiyməti istehsalçı ölkədən asılı olaraq dəyişir. Bu da dərmanın maya dəyərindəki fərqlərlə bağlıdır.
Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi hər ölkəyə görə fərqlənir.
"Fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir", - deyə Rasim İsmayılov vurğulayıb.
O, qeyd edib ki, "Dərman vasitələri haqqında" Qanuna yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, 38 ölkədən və iki beynəlxalq qurumda qeydiyyatdan keçmiş dərman vasitələrinin Azərbaycana gətirilməsi tanınma rejiminin tətbiqi ilə asanlaşsın: " Yəni, azad gömrük sazişində olan dərmanlar ölkəyə tanınma rejimi ilə daxil olacaq. Bu da təbii olaraq dərman vasitələrinin çeşidini birmənalı olaraq artıracaq".
Qeydiyyatda olmayan dərman vasitələrinin qiymətlərində heç bir dəyişikliyin baş verməyəcəyini bildirən nazir müavini elektron reseptlərin tətbiqi ilə mənfi hallara son qoyulacağını da diqqətə çatdırıb.
Bəs görəsən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində tətbiq ediləcək yeniliklər qiymətlərə təsir edəcəkmi?
Qiymət tənzimlənəndən dərmanlar daha da bahalaşıb
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Tarif Şurası dərmanların qiymətlərini tənzimləyəndən dərman bazarında vəziyyət pisləşib. Ekspertin sözlərinə görə, bu dərman bazarında inhisarçı şirkətlərin yaranmasına gətirib çıxardıb.
"Tarif Şurasının mövcud məsələyə qarışması, qiymətqoyma siyasətində iştirak etməsi doğru deyildi. Nəticədə tənzimlənmə siyasəti ölkədə irili-xırdalı dərman şirkətinin iflasa uğratdı. Beləcə, bazardan çıxmasına səbəb oldu. Eyni zamanda bir neçə iri inhisarçı şirkətin yaranmasına rəvac verdi. Bu da bir sıra maraqlara xidmət etdi".
"Dərmanların molekullara uyğun qiymət tənzimlənməsi siyasəti yanlışdır"
Həmsöhbətimiz deyir ki, Tarif Şurasının dərmanların molekullara uyğun qiymət tənzimlənməsi siyasəti yanlışdır. Onun sözlərinə görə, ona görə də ölkəyə ən ucuz və keyfiyyətsiz tərkibli dərmanlar gətirilir.
"İstehsalçı ölkələr və molekullar üzrə təsnifat qərarı alınır. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir, keyfiyyətli dərman qıtığı yaranır və qiymətlərin yüksəlməsi prosesi baş verir. Dövlətin dərman bazarını tənzimləməsi qiymət deyil, keyfiyyət, insan sağlamlığına nəzarətdən asılı olmalıdır. Bazarı da tam açmaq lazımdır. Onlarla, yüzlərlə şirkət fəaliyyət göstərməlidir. Qanunlar çərçivəsində kim istəsə, Azərbaycana dərman preparatı gətirməlidir. Bu rəqabət nəticəsində də qiymət düşəcək. Hökumətin görməli olduğu işlərdən biri də dərman preparatlarına tətbiq olunan 18 faiz Əlavə Dəyər Vergisinin (ƏDV) ləğv edilməsidir. Dərman istehsal etmiriksə, niyə ölkəyə gələn hər preparatın üzərinə 18 faiz vergisi qoyuruq?! Dövlət bu problemləri həll etsə, dərman bazarında normallaşma prosesinin şahidi ola bilərik" - deyə Natiq Cəfərli bildirib.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Əhliman Əmiraslanov da bildirib ki, ölkədə dərman istehsalının olmaması yaranan problemlərin başlıca səbəbidir.
"Dərman vasitələrinin çoxunun xaricdən idxal olunması, şübhəsizdir ki, qiymətlərə təsir edir", - deputat bildirib.
Milli Məclisinin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov  - Sputnik Azərbaycan, 1920, 06.07.2023
SƏHİYYƏ
Əhliman Əmiraslanov nazir müavininin keyfiyyətsiz dərmanlarla bağlı dediyinə etiraz edib
Xəbər lenti
0