CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Külli miqdarda vergini dövlət büdcəsindən yayındıran şəxslərin cinayət işi başa çatıb

© Depositphotos.com / BarbacaneФорма для итальянских налогов
Форма для итальянских налогов - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
İstintaq İldırım Cabbarovun Fariz Zeynalov və Vüqar Məmmədovla birlikdə CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdiyini müəyyən edib
BAKI, 5 iyul — Sputnik. Müxtəlif hüquqi şəxslər yaratmaqla sahibkarlıq fəaliyyəti göstərməklə gəlirlər əldə edən, lakin vergi orqanlarına əldə olunmuş gəlirlər və xərclər barədə təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran daha bir qrup şəxsin əməlləri üzrə cinayət işi başa çatıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, "Cabbarov İldırım Əmirxan oğlunun vergidən yayınma ilə bağlı aparılan istintaq işi zamanı məlum olub ki, Laçın rayonunun Arduşlu kənd sakini olan bu şəxs "MAKDON" və "MÜSLÜM 2017 LTD" MMC-nin fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək, həmçinin "HİTNAR", "VERSIM", "LOPART", "MAKS-SS", "LETKORS", "FUTALES", "NASKAR" MMC-lərin direktoru olmuş Məmmədov Vüqar Füzuli oğlu və "GETRICO", "STP-SS" və "DERMAN" MMC-lərin direktoru olmuş Zeynalov Fariz Əbilfət oğlu ilə qabaqcadan əlbir olmaqla qanunazidd vergitutma əməliyyatları aparıblar. Həmin şəxslər Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarının tələblərini pozaraq müəssisələrin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etmədən xüsusilə külli miqdar təşkil edən vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınıblar. İstintaq İldırım Cabbarovun Fariz Zeynalov və Vüqar Məmmədovla birlikdə rəhbərlik etdiyi 12 müəssisə üzrə xüsusilə külli miqdar təşkil edən – 1 milyon 192,5 min manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayındığını və CM-nin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törətdiyini müəyyən edib. 20 noyabr 2021-ci il tarixdə İ.Cabbarovun Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilməklə ona ittiham elan olunub və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.11.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin və digərlərinin cinayət işi 27.04.2022-ci il tarixdə ittiham aktı ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə ittiam aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Hazırda cinayət işi Yasamal Rayon Məhkəməsində baxılır".
Qeyd olunur ki, bu, "Cabbarov İldırım Əmirxan oğlunun vergiləri ödəməkdən yayınma ilə əlaqədar ilk əməli deyil. Belə ki, Yasamal Rayon Məhkəməsinin 09.07.2013-cü il tarixli hökmü ilə o, CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin məhkəmənin 17.04.2015-ci il tarixli hökmü ilə isə əvvəlki cəza nəzərə alınmaqla 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib."
Xəbər lenti
0