CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki gün sonra Yer Günəşdən ən uzaq məsafədən keçəcək

© Depositphotos.com / Grechka333kosmos
kosmos - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək.
BAKI, 5 iyul — Sputnik. İyulun 7-də Yer Günəşdən ən uzaq məsafədən keçəcək. Bu barədə Bakı Dövlət Universitetindən xəbər verilib. Bildirilib ki, yaxın günlərdə Yer kürəsinin sakinləri maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər - planetimiz öz orbitinin Günəşdən ən uzaq nöqtəsi olan afelidən keçir. Bu, yay fəslinin başlanmasından təqribən 2 həftə sonra baş verir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, 2023-cü ildə Yer iyulun 7-si Bakı vaxtı ilə saat 00:06-da afelidən keçəcək.
Həmin an Günəşə qədər məsafə 152 093 251 km olacaq. Afelidə Yer Günəşdən ən yaxın nöqtəsi olan perihelidə olduğundan təqribən 5 milyon km uzaqda olur. Afelidə Günəş diskinin görünən bucaq ölçüsü perihelidə olduğundan kiçikdir. Yer afelidə olduqda Günəşin bucaq diametri minimal - 31'28", perihelidə isə maksimal - 32'32" olur. Günəş diskinin ölçüsündə olan bu fərq gözlə hiss olunmur və təxminən 3% təşkil edir.
Afelidə Yer Günəşdən perihelidə olduğundan təxminən 7% az günəş enerjisi alır. Amma bu, fəsillərin dəyişməsinə təsir etmir. Fəsillərin dəyişməsi Günəşə qədər məsafənin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında dolanması və eyni zamanda onun fırlanma oxunun orbit müstəvisinə meylli olması ilə bağlıdır. Günəşə qədər məsafənin dəyişməsi şimal və cənub yarımkürələrində qış və yay arasındakı temperatur fərqinə təsir göstərir.
Yerin periheli və ya afelidə olduğu tarixlər sabit deyil. Qısa müddətdə tarixlər ildən-ilə iki günə qədər dəyişə bilər. Lakin uzun dövrdə afeli və perihelidə olma tarixləri kəskin dəyişir. Məsələn, 1246-cı ildə dekabr qış Günəşduruşunda Yer perihelidə olub. O vaxtdan bəri periheli və afeli tarixləri hər 58 ildə bir gün dəyişir. Astronomların hesablamalarına görə, 6430-cu ildə - 4407 ildən sonra Yerin perihelidə olma tarixi 19 mart gecə-gündüz bərabərliyi ilə üst-üstə düşəcək.
(APA)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0