CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı göydələnlərdə "göydən düşmə" təhlükəsi var

© AFP 2024 / EMMANUEL DUNAND bina

bina - Sputnik Azərbaycan, 1920, 05.07.2023
Abunə olmaq
Komendant Xanlar Vəliyev "Uğur-2" yaşayış kompleksindəki üçüncü binanın liftinin qırılması barədə məlumatları şayiə adlandırıb.
BAKI, 5 iyul — Sputnik. Bütün yaşayış binalarında liftlərin texniki nasazlığının yoxlanılması Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilir. MTK-lar lisenziyası olan təşkilatlarla müqavilə bağlayaraq liftlərə texniki xidməti təmin etməlidir.
Bu sözləri "Lifttəmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov bir neçə gün öncə Bakıdakı çoxmərtəbəli binada 6 nəfərin ağır xəsarət alması ilə nəticələnən lift qəzasını şərh edərkən deyib.
Xatırladaq ki, iyunun 30-da Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb. Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus "Uğur-2" yaşayış kompleksindəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb. Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır. TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib. Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, bu yeni yaşayış binalarında baş verən ilk hadisə deyil. Ötən il Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binada da liftin qırılması nəticəsində bir nəfər xəsarət almışdı. Bundan öncə isə Bakının Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında "Yeni Ev 7" MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində altı nəfər xəsarət almışdı. Baş verən hadisələr göstərir ki, liftlərdə faciələr köhnə binalardan çox yeni binalarda baş verir. Sputnik Azərbaycan yeni göydələnlərdə liftlərə nəzarətin niyə zəif olduğunu, hadisələrin hansı səbəbdən baş verdiyini araşdırıb.
Lifti qırılan binada liftləri kim yoxlamalıdır?
Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a bildirildi ki, onlar Mənzil Tikinti Kooperativləri (MTK) tərəfindən inşa olunan yeni tikililərə nəzarət etmirlər. "Lifttəmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynovun sözlərinə görə, köhnə mənzil fondunda lift təsərrüfatı dövlət nəzarətində olduğundan onlara vaxtı-vaxtında texniki xidmət göstərilir. Yeni inşa olunan binalarda isə liftlərə texniki nəzarəti "Lifttəmir" İB aparmır.
Onun sözlərinə görə, bütün yaşayış binalarında liftlərin texniki nasazlığının yoxlanılması Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən həyata keçirilir. MTK-lar lisenziyası olan təşkilatlarla müqavilə bağlayaraq liftlərə texniki xidməti təmin etməlidir.
"FHN-nin aidiyyatı qurumu araşdırmalıdır ki, həmin liftdə sonuncu dəfə yoxlama nə vaxt aparılıb? MTK-nın liftlərə texniki xidmət üçün müqaviləsi varmı?", - baş mühəndis deyib.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, yaşayış binalarında liftlərin texniki təhlükəsizliyi ildə bir dəfə planlı yoxlanılır. Əgər hansısa yaşayış binasında liftin nasazlığı ilə bağlı müraciət olarsa, dərhal orada plandan kənar yoxlama aparılır.
Qurumdan onu da bildirdilər ki, hər binanın lifti balanssaxlayıcı təşkilata həvalə olunub. Balanssaxlayıcı təşkilat isə liftə texniki xidmət üçün şirkətlərlə müqavilə bağlamalı, liftə hansı şirkətin texniki xidmət göstərdiyi birinci mərtəbədə liftin kənarında lövhədə göstərilməlidir.
O ki, qaldı hadisənin baş verdiyi "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə məxsus "Uğur-2" yaşayış kompleksindəki üçüncü binanın liftlərinə texniki xidmətin göstərilib-göstərilmədiyinə, qurumdan bildirdilər ki, buna dərhal cavab vermək mümkün deyil. Bu araşdırıldıqdan sonra cavab verilə bilər.
Sakinlər narahatdır!
"Uğur-2" yaşayış kompleksinin sakini Ceyhun Xasıyev Sputnik Azərbaycan-a bildirib ki, beş ildir bu binada yaşayır. O, hadisə baş verdikdən sonra narahat olduğunu, hətta evini satışa qoyduğunu söyləyib. 4-cü mərtəbədə yaşadığından liftdən çox istifadə etməsə də narahatdır.
C.Xasıyev sakinlərin aylıq xidmət haqqını ödəmədiklərini, buna görə də, komendant tərəfindən liftlərin qapılarına xəbərdarlıq elanlarının vurulduğunu söyləyib:
"Burada 7 yaşayış kompleksdir. Binada xidmət üçün aylıq ödəniş 30-40 manatdır. Amma sakinlər bu pulu ödəmirlər. Bununla belə hesab edirəm ki, bu liftə texniki xidmətə təsir etməməlidir. Çünki sakinlərin hamısının həyatı təhlükə altına düşür".
Komendant təkzib edir
Binanın komedantı Xanlar Vəliyev isə Agentliyə bildirib ki, "Uğur-2" yaşayış kompleksindəki üçüncü binanın liftinin qırılması barədə məlumatlar şayiədir:
"Binanın lifti qırılmayıb. Sadəcə lift 1-ci mərtəbədən 20 sm aşağı düşüb. Bunu əks etdirən görüntü də var. Liftin çəkisi 5 nəfərlikdir. Bu barədə elan da yazıb vurmuşuq. Bununla belə, liftə 9 nəfər minib".
Komendant liftlərin hər gün yoxlandığını söyləyib.
Tikintidə təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a bildirib ki, yeni tikilmiş yaşayış binalarında bina istismara verildikdən sonra liftlərin vəziyyəti aidiyyatı dövlət qurumu tərəfindən ildə bir dəfə yoxlanılmalıdır. Amma belə yaşayış binalarında daimi olaraq liftlərin təhlükəsizliyinə nəzarət, binanı idarəedən Mənzil Müştəriləri Müştərək Cəmiyyətlərinin (MMMC) səlahiyyətindədir.
E.Nurəliyevin sözlərinə görə, həmin MMMC-lər yaşayış binalarında liftlərin detallarını vaxtı-vaxtında dəyişməlidirlər. Buna nəzarəti isə MMMC-lər həyata keçirməlidir. Yeni yaşayış binalarında istismar olunan avadanlıqların MMMC tərəfindən dəyişdirilməsi, sakinlərlə bağlanan müqavilədə də öz əksini tapır.
O, qeyd edib ki, əgər MMMC-lər pulun olmadığını bəhanə edib bundan imtina edirlərsə, bu zaman idarəetmədən kənara çəkilməlidirlər.
Həmsöhbətimiz onu da bildirib ki, əslində bina tikildikdən sonra tikintini aparan şirkətin balansından çıxıb sakinlərin yaratdığı MMMC-lərin istismarına verilməlidir.
Hadisənin baş verdiyi binanın komendantı Xanlar Vəliyev isə binanın sakinlər tərəfindən təhvil götürülmədiyini, idarəçiliyinin hələ də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində içərisində sakinlərin olduğu liftin qırılması faktı üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırmaya başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Hadisə vaxtı liftdə olan şəxslər tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslərin xəsarət alması və xəsarətin dərəcəsi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən ediləcək.
"Hadisənin baş vermə səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq", - Baş Prokurorluqdan bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Liftlərin sıradan çıxmasında sakinlərin da günahı az deyil - Sputnik Azərbaycan, 1920, 30.06.2023
HADİSƏ
Bakıda çoxmərtəbəli yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var
Xəbər lenti
0