Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Deputat: "Elektron resept tələbi gələcəkdə müəyyən problemlər yarada bilər"

© Depositphotos.com / Ilfedesənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Milli Məclisin komitə iclasında çıxış edən deputat Etibar Əliyev bildirib ki, apteklərdə nisyə dəftərləri olmamalıdır. O bildirib ki, bəzən apteklərdə nisyə dəftəri görür. Belə hal olmamalıdır
BAKI, 4 iyul — Sputnik. "Dərman vasitələri haqqında" qanuna elektron resept tələbinin qəti şəkildə qoyulması gələcəkdə müəyyən problemlərə yol aça bilər".
Bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, qanunvericilikdə elektron reseptlə yanaşı, kağız reseptlərin də qalması məqsədəuyğundur: "Elektron resept yazılması dövrün tələbinə uyğun olsa da, dünyadakı reallıqları nəzərə alaraq deyə bilərəm ki, elektron sənəd tələbinin qətiyyətlə qoyulması yerinə kağız sözü də əlavə edilməlidir. Türkiyədə dərmanların 80-85%-i dövlət, yəni sığorta şirkətləri tərəfindən ödənilir. Bu səbəbdən bu kimi hallarda sui-istifadə hallarının qarşısının alınması üçün elektron resept metodu təqdirəlayiqdir. Lakin bizdə həmin mexanizm olmadan bunun icrası çətinlik yaradar. Yəni, ölkədəki xəstəxanalar arasında tam inteqrasiya sistemi mövcud deyil".
Qeyd edək ki, qanuna təklif edilən dəyişikliklə reseptlərin hamısı elektron formada yazılacaq, yalnız pasiyentin istəyi ilə kağız formasında ola bilər.
Milli Məclisin komitə iclasında çıxış edən deputat Etibar Əliyev bildirib ki, apteklərdə nisyə dəftərləri olmamalıdır. O bildirib ki, bəzən apteklərdə nisyə dəftəri görür. Belə hal olmamalıdır.
Deputat həmçinin dərman vasitələrinin bahalığından narazılıq edib: "Aldığımız dərmanlardan beşindən üçü məhz Türkiyə istehsalıdır. Son zamanlar şəkər xəstəliyi ilə bağlı istehsal olunan dərmanlardan biri Türkiyə aptekində olur. Əvvəl qiyməti 125 manat idi. Sonra bu barədə feysbukda yazdım ki, bahadır, ala bilmirik, qiymətini 75 manata endirdilər. Yenə də baxırıq ki, Türkiyədəki qiymətdən 2,5 dəfə çoxdur".
Komitə iclasında çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov bildirir ki, dərman alıcının seçimi yox, həkimlərin, təəssüf ki, bəzi hallarda əczaçının tövsiyəsi əsasında olur. Tənzimlənmə isə bu kimi sui-istifadələrin qarşısını alır.
Nazir müavininin sözlərinə görə, dərmanların qiymətlərinin tənzimlənməsi eyni metodla həyata keçirilir: "Dərmanlara əmtəə kimi baxdıqda bu fərqlənir. Ölkədə olan dərman qiymətlərini başqa ölkə ilə müqayisə etdikdə nəzərə almaq lazımdır ki, həmin preparatlar həmin ölkənin öz istehsalıdır ya yox".
R.İsmayılov əlavə edib ki, hər bir ölkənin dərman vasitələri üçün vergi faizləri də fərqlidir: "Müqayisə edilən ölkənin əhali sayına da fikir vermək lazımdır. Bu da ölkə sifarişlərinə təsir edir. Qiymətlər də hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlərdə başqa olur".
Xəbər lenti
0