CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloq: "Blogerlər xoşbəxt deyillər, özlərini xoşbəxt göstərirlər"

© SputnikPsixoloq Rövşən Nəcəfov
Psixoloq Rövşən Nəcəfov  - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Rövşən Nəcəfov bildirir ki, hazırda gənclər blogerlərin elm adamlarından daha yaxşı yaşadığını, daha xoşbəxt olduğunu görürlər və buna görə də bloger olmağa üstünlük verirlər.
BAKI, 2 iyul — Sputnik. Bu gün yaşından, sənətindən asılı olmayaraq hər kəs bloger olmaq istəyir. İnsanlar düşünür ki, bloger olmaq maddi gəlir əldə etmək üçün ən asan yoldur.
İnsanlar niyə bloger olmaq istəyir?
Tanınmış səyahət blogeri Jalə Ələkbərova bildirir ki, blogerin həyatı parlaq görünə bilər. Amma bloger olmaq, səhifəni idarə etmək o qədər də asan iş deyil:
"Əslində insanlar daha çox şəxsi həyatını, şəxsi fotolarını paylaşaraq izləyici kütləsini yığıb, ondan gəlir əldə edən "tiktoker"lərdən ilhamlanıb bloger olmaq arzusuna düşürlər. Mən öz prizmamdan deyə bilərəm ki, bloger olmaq o qədər də asan bir iş deyil. Sən məlumat yayırsansa, onu araşdırmalısan, ona video çəkməlisən. Amma blogerlər var ki, onların heç bir mövzusu yoxdur, onlar öz həyat tərzlərini bölüşürlər. Düşünümürəm ki, onların işləri asandır. Hər biri əziyyət tələb edən işdir. Sən geyim seçməlisən, video çəkməlisən, montaj etməlisən. Lakin, insanlar bunun arxa tərəfini görmədiklərinə görə, onlara asan gəlir".
Blogerin sözlərinə görə, hər bir bu sahədə çalışan hər bir adamın öz izləyici kütləsi var:

"Azərbaycanda Aygün Kazımovanın öz izləyicisi, Alim Qasımovun öz izləyicisi, hansısa ara müğənnisinin öz kütləsi olduğu kimi, blogerin də öz seçdiyi yol və izləyicisi var. İnsan var ki, blogerin verdiyi məlumatlardan faydalanmaq üçün baxır, insan da var ki, şəxsi həyatını bölüşən blogerə maraq göstərir. Sizə deyim ki, şəxsi həyatını, şəxsi münasibətlərini bölüşən blogerlərə Azərbaycanda daha çox maraq var".

Psixoloq, "İnsan Mühəndisliyi" proqramının rəhbəri Rövşən Nəcəfov isə bildirir ki, rahatlıq üçün insan hər zaman qısa yol axtarır. İnsanlar düşünür ki, yaxşı həyata gedən yol blogerlikdən keçir:
"Deyirik ki, bizim digər canlılardan fərqimiz şüurlu olmağımızdır. Amma məncə, bizim başqa fərqimiz də odur ki, insan həm də tənbəl canlıdır. Şüurlu olduğuna görə dərk edir ki, insan dünyaya bir dəfə gəlir və ən yaxşı yaşamaq haqqı onda olduğunu düşünür. Belə olan halda da maddi qazancın daha çox olduğu variantları axtarır".
R.Nəcəfovun fikrincə, bu gün gənclər görür ki, bloger bir elm adamından yaxşı yaşayır, daha çox xoşbəxtdir, təbii ki, bloger olmağa üstünlük verəcək. Amma görünən o xoşbəxtliyin nə qədər səmimi olması artıq müzakirə və müşahidə olunası məqamdır:

"Elm adamları həqiqəti tapmış insanlardır. Onların mənəvi rahatlığı maddi qazanc əldə etmiş insanlardan daha çoxdur. Maddi qazancı çox olub, mənəvi baxımdan aşağı olan insanlarda mütləq psixi pozuntular yaranır. Oxucularımız mənimlə razılaşmaya bilər ki, maddi imkanları geniş olan insan niyə psixi pozuntu yaşasın? Amma o milyonları qazanmaq da istənilən halda fədakarlıq tələb edir".

Psixoloq onu da bildirir ki, oliqarx həyat tərzi hər zaman insanların diqqətini cəlb edib. Onun sözlərinə görə, kütlə elitaya həmişə meyilli olub.
Müsahibimizin fikrincə, elitaya mənsub olmaq düşüncə tərzidir, yaşam tərzi deyil. İnsan həmişə öz yaşayışını başqasının həyat tərzi ilə müqayisə edir. Kiminsə ondan daha yaxşı imkanlara sahib olduğunu görəndə hətta intahara meyllilik də yaranır:
""Mən daha yaxşı yaşaya bilərdirm" prinsipi ilə o öz baxış bucağını formalaşdıra bilmir. Yəni, insan baxır sosial platformalara, görür ki, ondan daha az işləyən, heç bir təhsili olmayan bloger xarici ölkədə istirahət edir, bahalı restoranlarda yemək yeyir. Amma özü bütün günü işlədiyi halda heç hara gedə bilmir. Düşünür ki, mənim sahib olacaqlarıma o sahibdir".
R.Nəcəfovun qənaətinə görə, əyləncə sahəsində çalışan insanlar bütün dövrlərdə maraqlı olub. İş adamları da ən böyük investisiyanı elə onlara yatırıb:

"Çünki düşünmək hər zaman adamı yorur. Ona görə də əyləncəyə meyl edirlər. Yadınızdadırsa, 2000-ci illərin əvvələrində bütün diqqət müğənnilərə yönəlmişdi. Bütün televiziyalar onları göstərirdi. İnsanlar da onlar kimi yaşamaq istəyirdilər. Onlar özlərini xoşbəxt göstərirdilər. Zaman keçdikcə insanlar bildilər ki, nə o ev onlarındır, nə də o bahalı maşınlar. İnsanların nəzərində həmin müğənnilərin yerini indi də blogerlər tutublar".

Həmsöhbətimiz onu da qeyd edir ki, blogerlər özlərini çox xoşbəxt göstərirlər. Əslində isə belə deyil. Blogerlər onlara sponsorluq edən şirkətlərin istəyinə uyğun hərəkət edirlər:
"Blogerlər xoşbəxt deyillər, xoşbəxt görünməyə çalışırlar və natamamdırlar. Bunu bir psixoloq kimi müşahidə edəndə görürsən ki, adamların şəxsiyyət pozuntuları var. Onlarda spektr pozuntusu var. Biz onlara bunu desək, qəbul etməyəcəklər. Nə zaman ki, onlar patoloji hal keçirəcək, o zaman anlayacaqlar ki, onların etdiyi bütün səyahətlərin, bütün yaşam tərzinin heç bir izahı yoxdur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0