CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən bahalı və müştərisi çox olan turizm mərkəzi niyə zərərlə işləyir?

© Sputnik / Murad OrujovŞahdağ Turizm Mərkəzi
Şahdağ Turizm Mərkəzi - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
"Şahdağ" bütün fəsillərdə fəaliyyət göstərən turizm mərkəzi kimi təbliğini genişləndirmək niyyətindədir.
BAKI, 02 iyul — Sputnik. Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC 2022-ci ili 8 milyon 688 min manat xalis zərərlə başa vurub. Şirkət 2021-ci ili 6 milyon 344 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il "Şahdağ Turizm Mərkəzi"nin xalis zərəri 2 milyon 344 min manat və ya 37% artıb.
Ötən ilin zərəri də daxil olmaqla "Şahdağ Turizm Mərkəzi" QSC-nin yığılmış zərəri 97 milyon 177 min manata yüksəlib. Ötən il "Şahdağ Turizm Mərkəzi"nin birja əməliyyatlarından gəlirləri (satış və xidmətlərdən gəlir) 9 milyon 608 min manat (2021-ci ildə 6 milyon 147 min manat) qeyri-birja əməliyyatlarından gəliri (dövlət büdcəsindən subsidiya) 12 milyon 77 min manat (2021-ci ildə 13 milyon 980 min manat) təşkil edib. Göründüyü kimi, Mərkəzin büdcədən aldığı subsidiya azalıb, özününü təmin etdiyi gəlirlər artıb. Həmçinin, ötən il "Şahdağ Turizm Mərkəzi" 784 min manat sair gəlirlər əldə edib (2021-ci ildə 1 milyon 273 min manat).
Xərclər artıb
2022-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin cəmi gəlirləri 22 milyon 469 min manat, cəmi xərcləri 31 milyon 156 min manat olub. 2021-ci ildə "Şahdağ Turizm Mərkəzi"nin cəmi gəlirləri 21 milyon 400 min manat, cəmi xərcləri 27 milyon 744 min manat təşkil etmişdi.
Aktivlər azalıb
31 Dekabr 2022-ci il tarixində "Şahdağ Turizm Mərkəzi" QSC 302 milyon 204 min manat cəmi aktivlərə malik olub. Mərkəzi 2021-ci ilin sonunda 312 milyon 5 min manat cəmi aktivlərə malik idi.
Bəs görəsən, "Şahdağ Turizm Mərkəzi" QSC gələcəkdə bu zərərdən necə xilas ola bilər? Ölkənin əsas qış turizm mərkəzi hesab edilən Şahdağ zərərdən xilas olmaq üçün hansı tədbirlər görməlidir?
Səbəb mövsümilikdir
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Şahdağ Turizm Mərkəzi" nin ili zərərlə başa vurmasının əsas səbəbi mövsümi olmasıdır. Mütəxəssis bildirib ki, turizm mərkəzi üç ay mövsümdə daha aktiv işləyir. Yerdə qalan aylarda isə gəlir əldə etmir. Təchizatın saxlanılması isə vəsait tələb edir.
"Ola bilər ki, mərkəz yeni aqreqatlar alıb, əlavə xərclər çəkib. Yeni xizək marşrutları salıb. Bunlar investisiya xərci hesab olunur. Nəticədə zərərdə öz əksini tapıb. Ona görə də "Şahdağ Turizm Mərkəzi"nin ili zərərlə başa vurmasını iki əsas amillə, mövsümilik və çəkilən xərclərlə əlaqələndirmək olar" deyə ekspert bildirib.
İdarəetmə siyasəti dəyişməlidir
C.Aşurov bildirib ki, ümumiyyətlə mövsümi işləyən turizm obyektlərinin ili gəlirlə başa vurması çətindir. Ona görə də ekspert dünya təcrübəsində belə turizm mərkəzlərinin müxtəlif menecement üsullarından istifadə etdiyini deyir. O, bildirir ki, belə mərkəzlər mövsümiliyi müəyyən qədər uzatmaq, digər turizm növlərini tətbiq etməklə yay mövsümünü zərərsiz başa vura bilirlər: "Qış turizm mərkəzləri digər aylarda ən azı xərclərini qarşılamaq üçün ucuz konfranslar təşkil edir, sanatoriya xidmətləri göstərirlər. Düşünürəm ki, bu metodlardan "Şahdağ Turizm Mərkəzi" də istifadə etməklə zərərini azalda bilər. Bu hotelin idarəetmə siyasətindən asılıdır".
"Şahdağ Turizm Mərkəzi" özəl sektora verilməlidir
Deputat Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ilkin dövrdə qış turizminə dəstək verməlidir. Onun sözlərinə görə, hətta dövlət başçısının da gediş "Şahdağ Turizm Mərkəzi"ndə xizək sürməsi ölkə prezidentinin bu sahəyə diqqət göstərdiyinin nümunəsidir. Millət vəkili hesab edir ki, sadəcə bu sahənin tapşırdığı məsul şəxslər yarıtmaz fəaliyyət göstərir: "Onlar dövlətə arxayın olurlar ki, ziyanı dövlət ödəyəcək. Ona görə də, qış turizminə turizm iqtisadiyyatını bilən şəxslər gətirilməlidir".
F. Mustafa qış turizmində qiymətlərin əlçatan olmadığını, bunun da gəlirə öz təsirini göstərdiyini bildirib.
Deputat deyir ki, ona görə də, "Şahdağ Turizm Mərkəzi" özəl sektora verilməlidir.
Mərkəz niyə zərərlə işlədiyini açıqladı
"Şahdağ Turizm Mərkəzi" QSC-nin mətbuat katibi Orxan Bədəlov Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdi ki, "Şahdağ Turizm Mərkəzi" QSC analoji olaraq ictimai hesabatlılıq prinsipi əsas tutularaq hər il Mərkəzin maliyyə vəziyyəti haaqqında geniş hesabat hazırlayaraq açıq formada mərkəzin rəsmi veb saytında "Maliyyə hesabatları" səhifəsində yerləşdirir. Hesabatda Mərkəzin gəlirləri ilə yanaşı xərcləri və zərərləri də ictimaiyyətin diqqətinə çatdırılır. Onun sözlərinə görə, cari ilin maliyyə hesabatına əsasən Mərkəzin 2021-ci illə müqayisədə 2022-ci ildəki xalis zərəri 37 faiz artıb. Bunun isə baş verməsinin səbəbi bir neçə amilə əsaslanır.
"Qeyd etməliyik ki,cari ildə mərkəzin əldə etdiyi gəlirləri 56.3 % artıb. Bununla belə inzibati xərcləri 11.2 % və satışın maya dəyəri də 17 % təbii şəkildə artıb, eləcə də 2021-ci ilə nisbətdə 2022-ci ildə büdcədən daxil olan vəsait də 13.6 % azalıb. Bu baxımdan 2021-ci illə müqayisədə 2022-ci ilin göstəricilərində mərkəzin xalis zərəri 37 faizdən çox artaraq ilin kəsirlə başa çatmasına səbəb olub. Bir məqamı da diqqətə çatdırmaq istərdik ki, 2016-cı ildə dövlət büdcəsindən "Şahdağ Turizm Mərkəzi" QSC- yə daxil olan vəsait 17.9 mln manat təşkil etmişdisə, 2022-ci ildə bu rəqəm 12.07 mln manat olub. Hesab edirik ki, mənfi göstəriciləri müsbətə dəyişmək üçün aktiv çalışılmalı, Şahdağa daha çox həm yerli, həm də əcnəbi turistləri cəlb etməli, mərkəzi təkcə qış turizmi baxımından deyil ilin bütün fəsillərində fəaliyyət göstərən turizm mərkəzi kimi təbliğini genişləndirməliyik" deyə Mərkəz sözçüsü bildirib.
O. Bədəlovun sözlərinə görə, artıq Turizm Mərkəzində qışda olduğu kimi yayda da həm yerli, həm də əcnəbi qonaqlara müxtəlif seqmentlər üzrə turizm və qonaqlama xidmətləri təqdim ediləcək: "Kompleksdə qonaqların asudə vaxtlarını xoş və maraqlı keçirmələri üçün yay əyləncələri kifayət qədərdir. Onların arasında ekstrimal olanları da var,sadələri də. Misal olaraq piyadalar üçün kanat yolu, böyüklər və uşaqlar üçün kvadrotsikl, bobkart, batut, off-road turlar, peyntbol, oxatma, paraplan, zip-line, seqwey, shahdag goaster, atla gəzinti, velosiped və digər əyləncələri qeyd edə bilərik. Şahdağ Turizm Mərkəzinin qarşıya qoyduğu əsas hədəfi bu yayı həm qonaqların tətil günlərini maraqlı və yadda qalan keçirilməsinə nail olmaq, həm də Turizm Mərkəzinin gəlirlərini artırmaqdır".
O. Bədəlov bildiirb ki, əsas hədəf Turizm Mərkəzinin il boyu fəaliyyət göstərməsini təmin etməkdir.
"Buna nail olunsa əlbətdə ki, mənfəət də artmış olacaq. Belə olan halda yığılmış borcların da qaytarılması istiqamətində işlərə başlanılacaq" deyə o, qeyd edib.
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb və Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0