Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan-Rusiya ticarət dövriyyəsi kəskin artıb – DETALLAR

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya bayraqları olan yük maşını
Azərbaycan və Rusiya bayraqları olan yük maşını - Sputnik Azərbaycan, 1920, 01.07.2023
Abunə olmaq
Bu ilin 5 ayında Azərbaycanın ümumi idxalının 20 faizə yaxını Rusiyanın payına düşüb. Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilib.
BAKI, 1 iyul — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində artım davam edir. Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-may aylarında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard 789 milyon 562 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 44,4 faiz çoxdur.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,80 faizi Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və Rusiya Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Ən çox Rusiyadan ölkəmizə mallar gətirilib
Bu il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib və idxalda kəskin artım müşahidə edilib. Belə ki, bu ilin 5 ayında Rusiyadan ölkəmizə 1 milyard 319 milyon 415 min dollarlıq məhsullar gətirilib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 36,2 faiz çox deməkdir. Bu ilin 5 ayında Azərbaycanın ümumi idxalının 20 faizə yaxını Rusiyanın payına düşüb.
Ölkəmizin Rusiyaya ixracı da artıb
Azərbaycanın Rusiyaya ixracında da kəskin artım müşahidə edilib. Cari ilin 5 ayında Azərbaycanın Rusiyaya ixracı 470 milyon 147 min dollar təşkil edib. Bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 73,4 faiz artım deməkdir. Ölkəmizin ümumi ixracının 2,92 faizi Rusiyanın payına düşüb.
Azərbaycan-Rusiya ticarət dövriyyəsi 5 mlrd dollara çatacaq?
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu il Rusiya ilə Azərbaycanın ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırdığını söyləyib.
"Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Bu il də yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik", - A.Overçuk bildirib.
Ekspertlər də ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılmasını real hesab edir
Milli Məclisin deputatı Vüqar Bayramov Sputnik Azərbaycan-a bildirib ki, yaxın dövr üçün Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması realdır və bunun üçün potensial var. Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 3 milyard dollardan çoxdur. Son illər Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracatında da əməkdaşlığın gücləndiyini müşahidə edirik. Artıq ardıcıl olaraq son illər Rusiya Azərbaycanın qeyri-neft ixracatında ən böyük ticarət tərəfdaşı olaraq qalmaqdadır. Azərbaycanın qeyri-neft ixracatının üçdə biri Rusiya bazarına yönəlib. Artıq Azərbaycanın 2022-ci ilin ümumi qeyri-neft ixracatı 3 milyard dollardan çox olub və bu artdıqca Rusiyanın dəyər ifadəsində də qeyri-neft ixracatımızda payı artır.
"Rusiya bazarına xüsusən ixrac imkanlarımız da genişlənir. Ona görə də Rusiyadan yalnız idxalı deyil, həm də Rusiyaya ixracatı artırmaqla ticarət dövriyyəsinin yüksəlməsinə nail ola bilərik", - deyə deputat əlavə edib.
İqtisadçı-ekspert Xalid Kərimli də Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatdırıla bilər və bunun üçün potensial var: "Xüsusən də Rusiyanın Avropa İttifaqı ilə ticarət əlaqələrinin getdikcə məhdudlaşdırılması Rusiyanın digər bazarlara yönəlməsinə gətirib çıxardır. Azərbaycanın Rusiya ilə idxal-ixrac imkanlarının artırılması hər iki ölkənin maraqlarına uyğundur".
Keçən il də ticarət dövriyyəsi yüksəlib
Onu da xatırladaq ki, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu, 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il də Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Keçən il Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0