CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süni intellektin zərərləri - O artıq məlumatlarınızı ələ keçirib

© AFP 2023 / STRSüni intellekt
Süni intellekt - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
İnsan əməyinin səyi nəticəsində süni intellekt ona verilən tapşırığı icra edərək şəxsin öz səsindən istifadə edərək onun orijinal videosunun üzərinə yeni bir səs yazır.
BAKI, 29 iyun — Sputnik. Son illər həyatımıza daxil olan yeni terminlərdən biri də süni intellektdir ("Artifical İntellegence", yaxud da Aİ). Süni intellekt (Sİ) sayəsində bu gün müxtəlif xidmət sahələrində yeni era başlayıb, bir sıra sahələrdə fəaliyyət asanlaşıb. Lakin süni intellektin nəinki müsbət, eyni zamanda da mənfi tərəfləri, hətta zərərləri də var.
Bu zərərlərdən biri də şəxsə aid informasiyaların təhrif olunması, fərqli formatda təqdim olunmasıdır. Belə ki, insan əməyinin səyi nəticəsində süni intellekt ona verilən tapşırığı icra etməklə şəxsin öz səsindən istifadə edərək onun orijinal videosunun üzərinə yeni bir səs yazır.
Nəticədə, tamamilə saxta bir məlumat ortaya çıxır. Xüsusən də seçkilər ərəfəsində əks cəbhədə olan tərəflər bir-bilərinə qarşı bu hücumdan istifadə edirlər.
Təcrübədə bu cür "ənənə"lər formalaşıbmı?
Bir qədər əvvələ nəzər salaq:
2020-ci ildə Belçikada üsyançı qruplardan biri ölkənin sabiq baş naziri Sofi Vilmisin adından saxta məlumat yayıb. Bunun üçün fəallar Vilmisin orijinal bir videosundan istifadə edərək süni intellekt vasitəsilə üzərinə yeni nitq yazıblar. Bu saxta videoda Vilmes COVID-19 haqda danışır və iddia edir ki, pandemiyanın yaranma səbəbi insanların ətraf mühiti məhvetməsidir. Sabiq baş nazirin bu çıxışı böyük rezonansa səbəb olmuşdu.
İKT üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni intellektin faydaları olduğu kimi, riskləri də var:
"Süni intellektin zərərləri sırasında vətəndaşların şəxsi informasiyalarının təhrif olunması, konfidensiallığın pozulması və informasiyanın montajı, insanların işsiz qalması, etik və hüquqi problemlər də var. Yəni süni intellektin köməyi ilə şəxsin vidoesunun üzərinə səs yazıla bilər. Bu cür saxta üsullar da şəxsin şöhrətinə zərər vura bilər. Süni intellektin zərərləri ilə mübarizə aparmaq üçün sadəcə olaraq daha məsuliyyətli və şüurlu şəkildə bundan istifadə etməliyik, çalışmalıyıq o cəmiyyətimiz üçün təhlükələr, zərər yaratmasın".

"Süni intellektin köməyi ilə dövlət və ya özəl şirkətlərin bazalarına hücum da edilə bilər", - deyə o əlavə edib.

Süni intellekt üzrə ekspert Maral Qurbanzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sİ-nin yaratdığı problemlərdən biri də şəxsi informasiyalarla bağlıdır:

"Biz süni intellektlə ünsiyyətdə olarkən özümüzə aid məlumat bazalarını bölüşürük və bunu süni intellektin istifadəsi üçün açıq edirik. Çox zaman istifadəçilər başa düşmür ki, süni intellektlə ünsiyyətə girərkən artıq məlumatlarını onunla paylaşmış olur".

"Deepfake" yəni süni intellektin müəyyən alqoritmləri hesabına şəxsin səsi ilə onun demədiyi fikirləri səsləndirmək, saxta məlumat yaradaraq rezonans doğurmaq da mümkündür
M.Qurbanzadə qeyd edir ki, süni intellekt vasitəsilə "deepfake"lərin olması gözləniləndir:
"Rəqəmsal medianı qəbul etdikdə ona qarşı şübhəli yanaşmalıyıq. Yəni reallıqda üz-üzə görünməyən bir şeyə şübhə ilə yanaşmalıyıq".
Mütəxəssis belə hesab edir ki, nə qədər açıq məlumatlar varsa, bunlardan istifadə olunacaq, bunun qarşısını almaq mümkünsüz olacaq:
"Lakin düşünürəm ki, hansısa hüquqi tənzimlənmələr olmalıdır".
Süni intellekt daha bir ekspert Samir Sabiroğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Sİ-nin ən böyük zərərlərindən biri manipulyasiyadır:
"Süni intellekt vasitəsilə bir adama məxsus olmayan səs, videoyazısı ona məxsus kimi təqdim edilir. Elə süni intellekt alqoritmləri var ki, o da sizin kimi danışa bilir. Eyni səslə sizin söyləmədiyiniz müəyyən ifadələri səsləndirir. Əslində bu da kibercinayətkarlığın bir növüdür".

"Müəyyən proqramları yükləmək üçün biz mütləq məlumatlarımıza giriş üçün də icazə veririk. Bundan sonra artıq həmin proqramların hər bir məlumata çıxışı olur və bunu rahatlıqla əldə edirlər", - deyə o əlavə edib.

Ekspert onu da qeyd edir ki, hazırda süni intellekt vasitəsilə saxta profillər yaradıb hər hansı manipulyasiya yaratmaq mümkündür:
"Deepfake" vasitəsilə çoxlu saxta xəbərlər yaratmaq mümkündür. Bu fırıldağın arxasında dayanan real şəxsin tapılmasına gəldikdə isə, bu şəxsləri tapmaq üçün informasiya və kommunikasiya haqda dərin biliklərə sahib olmaq lazımdır".
Qısaca da olsa, Sİ-nin digər zərərləri haqda
Mütəxəssis bildirir ki, Sİ-nin əsas zərərlərindən biri də asılılıqdır:

"Sosial şəbəkələr Sİ alqoritmlərindən istifadə edərək maraqlara dair bir çox mətn və video görüntüləri qarşınıza çıxarmaqla sanki sizi özünə bağlayır, pul qazanır. Bu alqoritmlər çox gözəl işləyir və insanı asılı hala sala bilirlər. Bəzi məhsulları almaq fikrin olmasa da bir reklam qarşına dəfələrlə çıxdıqda bəzən insan fikrini dəyişir, o məhsulu alır. Belə olan halda sizə lazım olmayan bir məhsulu Sİ sizə satmış olur".

Qeyd edək ki, artıq bu gün süni intellektdən saxta foto, video, səslərin yaradılmasında da istifadə olunur. İlkin proqnozlara görə, süni intellekt tərəfindən yaradılan dezinformasiya artıq 2024-cü ildə keçiriləcək seçkilərdə seçiciləri çaşdırmaq təhlükəsi yarada bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0