Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qızın xəbəri olmadan onunla nikaha girən Xalq artistinin inanılmaz həyat hekayəsi

© Photo : Kamal BabayevGülağa Məmmədov
Gülağa Məmmədov - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Qonşusunun qızına aşiq olan Gülağa Məmmədov onunla evlənmək istəyinin qarşısı kəsilincə, hiyləyə əl atmaq məcburiyyətində qalıb.
BAKI, 28 iyun — Sputnik. Bu gün bənzərsiz ifaları ilə qəlblərə yol açan, Azərbaycanın Xalq artisti Gülağa Məmmədovun doğum günüdür. Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.
Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.
Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır.
Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada təhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır, lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olurdu, çünki Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub.
Gülağa Məmmədov 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.
"Sən niyə susursan?" "İyirmialtılar", "Dəli Kür", "Azərbaycan elləri", "Evlənmək istəyirəm" kimi filmlərdə sənətkarın musiqisindən istifadə olunub. Şair Rəfiq Zəkanın sözlərinə yazdığı "Ana Kürüm" mahnısı lentə alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəlir. Və Gülağaya tərəf baxıb deyir: "Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın". Həmin mahnı məşhur "Dəli Kür" bədii filmində səslənir.
1989-cu ildə Gülağa Məmmədov Almaniyada olarkən orada əslən Cənubi Azərbaycandan olan vokalist və müğənni Yaqub Zurufçu ilə görüşür. Gülağa Məmmədov onun "Ayrılıq" mahnısına çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana bölünməsinə həsr edilən klip Gülağa Məmmədovun səyi ilə Azərbaycanda yayımlanır. Azərbaycan Milli Azadlıq Hərəkatı zamanında "Ayrılıq" mahnısı milli-mənəvi dirçəlişə təkan verir.
Sənətinə layiqli qiymət verilməməsi, laqeydlik ona çox toxunur. Ən böyük ədalətsizliklərdən biri isə 60 illik yubileyi ərəfəsində olur. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılır. Afişalar asılır, dəvətnamələr paylanır. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirinə digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi Komitədən xəbər gəlir ki, tədbir keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirirlər. Sonra qərara gəlirlər ki, tədbiri Aktyorlar evində keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq idi. Gülağa buna razı olmur. Deyir, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin. "Məgər mən ölmüşəm? Ölənləri Aktyorlar evindən götürürlər".
Bu haqsızlıq ona çox pis təsir edir. Deyir, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? O, əsəbiləşib gecə ilə bütün afişaları çıxarır. O biri respublikalara da teleqram vurur ki, qonaqlar gəlməsin."
Həm məktəbdə oxuyan, həm də işləyən bu yeniyetmə oğlan bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza meylini salır. Amma qızın valideynləri onların evlənməyinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır. Böyük Vətən müharibəsi başlayır. Gülağa Məmmədov Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramlarıyla çıxış edir. Başlarına od-alov yağa-yağa oxuyurlar. Müharibə qurtarandan sonra Gülağa evlənmək qərarına gəlir. Amma gənclərin sevdasından duyuq düşən Aliyənin dayısı onlara göz verib, işıq vermir. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızdan pasportunu istəyir. Deyir ki, "bütün qonşuların pasportlarını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz pasportunu mənə ver". Vaxt keçir və Aliyə öz pasportunu geri alanda heyrətdən donub qalır. Görür ki, pasportuna evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin hərisini ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir. Oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurduqdan sonra pasportu geri qaytarır.
Evlənirlər. Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər onlara Aliyə xanımın uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. 1956-cı ildə - evləndikləri vaxtdan on il keçəndən sonra taleləri üzlərinə gülüb. Onların yeganə övladları - Gülarə dünyaya gəlir. Olduqca qısqanc olan Gülağa Məmmədov həyat yoldaşının Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almasını istəmir.
Xanəndənin bir xasiyyəti də var imiş - haqsızlığa, ədalətsizliyə dözən olmayıb. Hansısa işi irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi düşmək istəməyib. Düzgünlüyü sevib. 1942-ci ildən radionun Bədii Şurasının üzvü olub. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş: "Efirə buraxmaq olmaz!" Şuranın digər üzvləri də "baş üstə" deyib onun fikrilə razılaşırdılar. Lakin bir az keçəndən sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez təkrarlandığından o, bu vəzifədən imtina edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0