Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Zarafatı sevməyən komik: Hamını güldürən sənətkarı həyat elə ağladıb ki...

© Photo : APAXalq Artisti Səyavuş Aslan
Xalq Artisti Səyavuş Aslan - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
Xalq artisti Səyavuş Aslanın ölümündən 10 il ötür. Rolları ilə hər kəsdə gülüş doğuran bu sənətkarın şəxsi həyatı üzüntü və faciələrlə dolu olub.
BAKI, 27 iyun — Sputnik. Səyavuş Aslan haqqında nəsə demək və yazmaqdansa, onun obrazlarını xatırlamaq kifayətdir. Görkəmli sənətkarın onlarla ifadəsi el dilində zərb-məsələ çevrilib və Səyavuş Aslan adı gələndə hər kəsin üzündə təbəssüm yaranır. Bu gün görkəmli sənətkarın anım günüdür.
1935-ci il sentyabrın 5-də xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslanov anadan olub.
1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdan Səyavuş Aslan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur. Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb.
Televiziya tamaşalarında yüzdən çox obraz ifa edib. Teatrda məşhur rolları: Dadaşbala ("Hicran"), Mindilli ("Nişanlı qız"); televiziya tamaşaları — "Evləri köndələn yar", "Yaşıl eynəkli adam"; filmləri: "Əhməd haradadır?", "Romeo mənim qonşumdur", "Ulduz", "Yol əhvalatı", "Bəyin oğurlanması", "Mənim ağ şəhərim", "Yuxu", "O dünyadan salam" və s.
Səyavuş Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsü idi. 1995-ci ildə "Şöhrət" ordeni ilə və 25 iyun 2013-cü ildə "Şərəf" ordeni ilə təltif edilmişdi. Son filmi "Adam ol" filmidir. Xalq artisti həmin filmdə çəkildiyinə görə sonradan peşman olduğunu dilə gətirmişdi.
Səyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslanı! Əsgərlikdən qayıdanda Səyavuş Aslanı Quba teatrına göndərirlər. Ofeliya isə orada anasının yanına gedib gəlir. Rejissorlar ona da rol veriblər. Səyavuş Aslan orada Ofeliyanı görüb ona vurulur. Bədurə xanım isə qızının aktyorla ailə qurmasına razı olmur. "Mən artistə qız vermərəm" deyib, qızını Qubadan Bakıya qaçırır. Səyavuşun ailəsi də oğullarının aktrisa ilə evlənməsinə razılıq vermirlər. Lakin, o, ya Ofeliya ilə evlənəcəm, ya da heç kim deyib inad edir və istədiyinə nail olur. Səyavuş Aslan qızı qaçırdır.
Deyilənə görə, cütlük çox kasıb olduğundan Səyavuş Aslanın toy günündə əyninə geyinməyə bəylik paltarı olmayıb. O, Musiqili Komediya Teatrının direktoru Şəmsi müəllimin yanına gədərək məsələni izah edir. Şəmsi müəllimin tapşırığı ilə Səyavuşa teatrını paltar sexindən bəylik kostyumu seçib veriblər. Onların Çingiz və Eldar adlı iki oğlu olur.
Bir müddət sonra cütlüyün arasında söz-söhbət yaranmağa başlayır. Münasibətləri gərginləşir. Deyilənlərə görə, onların ayrılmalarına əsas səbəb Səyavuş Aslanın xəyanəti olur. Səyavuş Aslan teatrda işləyən başqa bir aktrisa ilə isti münasibətlər yaşayır. Bundan xəbər tutan Ofeliya xanım bunu nə qadın həmkarına, nə də sevdiyi insana bağışlamır. Bir müddət sonra aktrisanın əsəbləri pozulur, qeybdən səslər eşitdiyini deyir. Səyavuş Aslan isə yaxın adamların məsləhəti ilə Ofeliyanı müalicə almaq üçün ruhi xəstəxanaya aparır.
Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Səyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb. Onun haqqında heç vaxt xoşagəlməz sözlər danışmayıb. Bəzən peşman olduğunu da dilə gətirib: "Yaxşı ailə idik, özü də bir-birimizi istəyirdik. Əfsuslar olsun ki, nəyəsə uyduq, bir-birimizdən ayrı düşdük, mən istəmişəm ki, həmişə bir yerdə olaq, amma ola bilmədik. Onu da deyim, Ofeliya elə olmayıb, məni elə vəziyyətə salsın ki, onu qısqanım, biz həmişə bir-birimizi çox istəmişik. Nə isə teatr aləminə girişəndən, oynayandan sonra bizim öz oynadığımız materiallar bizə düşmən oldu. İstər-istəməz bizdə belə fikir formalaşdırdı ki, biz qısqancıq, nə bilim nəyik. Axı, biz elə deyildik... Ofeliyanın yoxluğu onun nə qədər dəyərli olduğunu, nə qədər sevimli olduğunu düşünmək üçün mənə imkan verdi. Bu, çox qəribə bir hissdir, insan bunu zamanında dərk edə bilsə, bəlkə də heç səhv etməzdi".
Səyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı. Mətbuat yazırdı ki, o, atasının "Xətai" metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Səyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: "Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb - 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım".
Qeyd edək ki, sənətkarın oğlu Çingiz aprel ayında vəfat edib.
Rolları ilə həmişə üzümüzü güldürən sənətkar həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.
Xalq artisti ağır xəstəlikdən sonra, 27 iyun 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0