CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qiyməti 880 manat olan qurbanlıq qoçlar satılır - Foto+Video

© Sputnik / Zulfiyya GuluyevaQurbanlıq heyvanlar
Qurbanlıq heyvanlar - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Ağcabədili fermer Elvin Bayramov bildirib ki, qurbanlıq qoçların qiyməti 280 manatdan 880 manatadək dəyişir.
BAKI, 25 iyun — Sputnik. İyun ayının 28-də digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı qeyd ediləcək. Artıq indidən qurbanlıq heyvanların satışı üçün yerlər müəyyən olunub və satış prosesinə start verilib. Ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Sputnik Azərbaycan bu bayram qurbanlıq heyvanların qiymətində bahalaşma olub-olmadığını araşdırmaq üçün qurbanlıq heyvanların satışı və kəsimi üçün Bakıda təşkil olunmuş məntəqələrdən birində olub.
Ən ucuzu Şamaxı, ən bahalısı Ağcabədidən gətirilən heyvanlardır
Binəqədi rayonu, Binəqədi-Novxanı yolunun yaxınlığında təşkil olunan böyük məntəqədə həm kiçik, həmdə iribuynuzlu qurbanlıq heyvanlar satılır. Fermerlərlə söhbət zamanı öyrəndik ki, satış məntəqəsinə heyvanlar əsasən Şamaxı, Ağcabədi, Bərdə rayonlarından gətirilib. Satış məntəqəsində ən ucuz heyvanlar Şamaxı, ən baha heyvanlar isə Ağcabədi rayonundan gətirilənlərdir. Fermerlər bunun səbəbini Şamaxıdan gətirilən heyvanların otlaqda otarılması, Ağcabədidən gətirilən heyvanların isə tövlədə bəslənməsi ilə izah etdilər.
Diri çəkidə 8, kəsimdə 16 manat
Zamiq Oruclu satış məntəqəsinə qurbanlıq heyvan gətirən fermerlərdən biridir. O, Sputnik Azərbaycan-a açıqlamasında burada ən ucuz heyvanların Şamaxıdan gətirildiyini təsdiqlədi. Bildirdi ki, erkək qoç əti diri çəkidə 8, kəsimdə isə 16 manatdan hesablanır. Satışda ən ucuz qurbanlıq heyvanın qiyməti 210-220 manat arasındadır.
"Qurbanlıq qoçların diri çəkisini 8, kəsildikdən sonrakı çəkisi isə 16 manatdan hesablayırıq. Bu gün heç yerdə 1 kiloqramı 16 manata qoç əti yoxdur. Biz ucuz qiymət qoymuşuq ki, bayaramda insanlar alıb kəsə bilsin. Heyvanlar hamısı öz fermamızdandır və qiymətləri aşağı qoymuşuq", - Z.Oruclu bildirib.
© Sputnik / Zulfiyya GuluyevaOruclu Zamiq
Oruclu Zamiq - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Oruclu Zamiq
Satış məntəqəsində qurbanlıq qoçların qiyməti 280 manatdan 880 manatadək dəyişir
Ağcabədidən gətirilən heyvanların qiyməti isə nəzərəçarpacaq qədər baha idi. Fermerlər bunun Ağcabədi heyvanlarının çəkisinin çox olması ilə əlaqələndirdilər. Bildirdilər ki, heyvanlar tövlədə bəsləndiyindən ən az çəkili qurbanlıq qoç 350 manatdan başlayır.
Cəlilabad rayonunun Adnalı kəndindən gələn fermer Elvin Bayramov bildirib ki, qurbanlıq qoçların qiyməti 280 manatdan 880 manatadək dəyişir. O, 880 manata təklif olunan qoçun diri çəkidə qiymətinin 120, kəsimdə 60 kiloqram gəldiyini bildirib: "Qoçların çəkisi 35-40 kiloqramdan başlayır. Bu çəkidə qoçun qiyməti 530 manatdır".
E.Bayramov deyir ki, ötən illə müqayisədə bu bayram qurbanlıq heyvanların qiyməti bahalaşıb.
© Sputnik / Zulfiyya GuluyevaQurbanlıq heyvanlar
Qurbanlıq heyvanlar - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Qurbanlıq heyvanlar
Yemin-otun qiyməti bahalaşıbsa...
"Bəzən qiyməti eşidib narazılıq edirlər. Amma çöldə otlayan heyvanla içəridə bəslənən bir deyil. Bəslənən heyvanların çəkisi çoxdur. Ona görə də qiyməti baha olur. 6 quzunu tövlədə bir gün bəsləmək üçün bir tay yonca, 18 kiloqram arpa lazımdır. Yoncanın bir tayı 5 manata, arpanın kiloqramı isə 50 qəpiyədir. Ona görə də fermeri ətin bahalığına görə günahlandırmaq olmaz! Bir günə 6 quzunu bəsləməyə ən azı 14-15 manat pul xərcləyirik. Bu, bir aya 420-450 manat xərc deməkdir. Qurbanlıq qoyunları isə gərək ən azı üç ay tövlədə bəsləyəsən. Kəndlinin xərci artıb. Bu da ətin qiymətinə təsir edir", - fermer əlavə edib.
Fermerlər dünəndən etibarən satış məntəqəsində satışa başladıqlarını, bir günə 8-10 baş qoç satdıqlarını bildirdilər.
© Sputnik / Zulfiyya GuluyevaQurbanlıq heyvanlar
Qurbanlıq heyvanlar - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Qurbanlıq heyvanlar
Fermer İlqar Məmmədli bu il satışın əvvəlki illərlə müqayisədə az olduğunu bildirib: "Amma ümid edirik, bayram günlərində artacaq. Çünki, əsas alıcı bayram günlərində olur".
Alıcılar da ötən illə müqayisədə qurbanlıq heyvanların qiymətinin bahalaşdığını bildirdilər. Bakı sakini Şirxan Rəncbərli bildirdi ki, ötən bayramla müqayisədə qiymətlərdə bahalaşma var. O, bir qurbanlıq qoçun minimum 300 manat olduğunu söylədi.
Satış məntəqəsində qurbanlıq erkək danalar da satılırdı. Onların diri çəkidə qiyməti 6 manat 50 qəpikdən hesablanır.
Fermerlər əsas təlabatın qurbanlıq qoçlara olduğunu söyləyiblər. Onların sözlərinə görə, rayonlardan qurbanlıq heyvanların gətirilməsi davam edir.
© Sputnik / Zulfiyya GuluyevaRəncbərli Şirxan
Rəncbərli Şirxan - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Rəncbərli Şirxan
Qurbanlıq heyvanlar harada kəsiləcək?
Bu ünvanda satışla yanaşı qurbanlıq heyvanların kəsimi də təşkil olunmuşdu. Qəssablar bildirdilər ki, qurbanlıq heyvanların kəsim qiyməti 5 manatdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-a bildirdilər ki, iyunun 28 və 29-da bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
Qurumun məlumatına görə, Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.
"Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.qurbanliq.satish.az linkə daxil olmaqla əldə edə bilərsiniz.
Qurban bayramı günlərində respublika üzrə 138 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 80-də həm kəsim, həm satış, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.qurbanliq.kesimsatish.az linkə daxil olmaqla əldə edə bilərsiniz" deyə qurumun açıqlamasında bildirilir.
Qurbanlıq heyvan necə seçilməli?
Qeyd edək ki, artıq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə Bayram namazı qılınacaq.
© Sputnik / Zulfiyya GuluyevaQurbanlıq heyvanlar
Qurbanlıq heyvanlar - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Qurbanlıq heyvanlar
Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir.
Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.
Məlumat üçün onu da bildirək ki, iyunun 28-də və 29-da isə Qurban bayramı qeyd olunur. Nazirlər Kabinetinin son qərarı ilə əlaqədar iyunun 19-25-i iş günləri, iyunun 26-dan iyulun 2-dək isə qeyri-iş günləri hesab ediləcək.
Xəbər lenti
0